Fleboloq
Fleboloq – dar ixtisaslı mütəxəssis olub, yalnız aşağı ətraf venalarının müalicəsi ilə məşğuldur. Onun fəaliyyət dairəsinə venoz sistemin patologiyalarının üzə çıxarılması və aradan qaldırılması daxildir. Fleboloq aşağıdakı xəstəliklərin müalicəsini həyata keçirir:
- Damar genişlənməsi (varikoz xəstəliyi);
- Tromboflebit;
- Flebit;
- Xroniki venoz çatışmazlıq;
- Tromboz;
- Trofik yara və s.
Fleboloq ilə damar cərrahının fərqi
Bəzi insanlar onlar arasında heç bir fərqin olmadığını düşünürlər. Əslində damar cərrahı orqanizmdəki bütün damarların anadangəlmə və qazanılmış xəstəliklərini müalicə edir. Həkim-fleboloq isə sadəcə ayaqlardakı damar patologiyaları, eləcə də onların ağırlaşmaları (məsələn, trofiki xora) ilə məşğul olur. Lakin bir sıra mütəxəssislər ixtisasını genişləndirərək, damar cərrahı kimi fəaliyyət göstərirlər.
Hansı hallarda fleboloq, yəni damar həkiminin qəbuluna yazılmaq lazımdır?
- Venaların gözlə görünəcək qədər genişlənməsi
Ayaq damarlarının qıvrım və siskin hal alması varikozun gecikmiş mərhələsindən xəbər verir. Bu xəstəliyin erkən əlamətlərinə kapilyar torları və ya damar ulduzcuqları aiddir. Dərialtı və dərin venaların genişlənməsinə əsasən irəliləmiş dövrlərdə təsadüf olunur. Düyünlərin formalaşması isə müalicənin gecikdirilməsinə işarədir.
- Ayaqlarda şişkinliyin əmələ gəlməsi
Şişkinlik adətən baldır və pəncə nahiyəsində axşama yaxın meydana çıxır. Bu əlamətlə qarşılaşdıqda venalara fleboloq tərəfindən baxış keçirilməlidir.
- Aşağı ətraflarda yorğunluq və ağırlıq
Sadalanan narahatlıqlar fiziki gərginliklə əlaqəli və ya ümumiyyətlə onunla bağlı olmaya bilər.
- Ayaqlarda ağrı, qıcolma və yanğı hissinin baş verməsi
Bu simptomlar hər zaman vena xəstəlikləri fonunda yaranmır. Dəqiq səbəbi aşkar etmək üçün fleboloq damarların Rəngli Doppler müayinəsini aparmalıdır.
- Ayaq dərisinin əhəmiyyətli dərəcədə dəyişməsi
Dərinin tündləşdiyi, piqment ləkələrin gözə çarpdığı hallarda fleboloq ilə məsləhətləşmək lazımdır. Bu əlamətlərlə yanaşı damar ulduzcuqları da müşahidə oluna bilər. Zamanla bəzi dəyişikliklər dəri örtüyünün ciddi formada zədələnməsinə, hətta trofiki xoralara gətirib çıxara bilər.
- Tromboflebitin olması
Xəstəlik patoloji vena boyunca kəskin ağrılar, iltihab nahiyəsində dərinin qızarması və bədən temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. Belə hallarda mütəxəssisin köməyi vacibdir.
Fleboloq xəstəni hansı üsulla müayinə və müalicə edir?
İlkin qəbul zamanı fleboloq pasiyentin şikayətlərini dinləyir. Onun həyat tərzi, iş fəaliyyəti və yaxın qohumlarında venoz xəstəliklərin rast gəlinməsi barədə məlumat toplayır. Sonra vizual olaraq, ayaqların vəziyyətini qiymətləndirir. Şişkinlik və genişlənmiş damarları müəyyən etmək məqsədilə palpasiya (əllə müayinə) edir.
Lakin diaqnozun dəqiqləşdirilməsi üçün Doppler müayinəsi göstərişdir. Bu səbəbdən fleboloq USM vasitəsilə xəstənin səthi və dərin venalarını dəyərləndirir. Venoz qapaqların fəaliyyətini və qan dövranının xarakterini aydınlaşdırır. Bəzən koaquloqrammaya (qanın laxtalanmasının təyini) ehtiyac yaranır.
Müayinənin nəticələrinə əsasən müalicə planı tərtib olunur. Varikozun yüngül mərhələlərində Skleroterapiya, kriolazerkrioskleroterapiya (ClaCS), gecikmiş dövrlərdə isə lazer üsulu ilə əməliyyat icra olunur.
Kimlər vaxtaşırı həkim-fleboloqun müayinəsindən keçməlidir?
Vena xəstəliklərinin risk qrupuna daxil olan insanlar aşağıdakılardır:
- Ayaqüstü və ya daim oturaq işlə məşğul olan şəxslər;
- Artıq çəki problem yaşayanlar;
- Az hərəkətli həyat tərzi sürənlər;
- Hamilə qadınlar;
- Fiziki yüklənmələrə məruz qalan idmançılar.
Həmçinin varikozun səbəbləri arasında irsi meyllik, zərərli vərdişlər (siqaret və spritli içkilərdən istifadə), yağlı, eləcə də kəskin qidaların qəbulu qeyd olunur. Damarların vəziyyətini nəzarətdə saxlamaq üçün belə insanlar ildə 1 dəfə profilaktik məqsədlə Doppler müayinədən keçməlidirlər.
Savadlı həkim-fleboloq tapmaq üçün hansı məqamlara fikir verilməlidir?
İnsanların əksəriyyəti varikozla üzləşdikdə hansı damar həkiminə müraciət edəcəyi barədə düşünür. Çünki müalicəsinin effektivliyi həkimin peşəkarlığından asılıdır. Arzuolunmaz hallarla üzləşməmək üçün damar həkimini seçərkən aşağıdakı meyarlara diqqət yetirilməlidir:
- Təhsil. Fleboloq həm də cərrah sayıldığından onun bu sahə üzrə ixtisaslaşdığından əmin olmaq lazımdır. Həkim həmçinin Rəngli Doppler müayinəsini özü etməyi bacarmalıdır. Çünki müasir üsulla icra olunan prosedurlar (exoskleroterapiya), Lazer əməliyyatları məhz USM nəzarəti ilə aparılır.
- İş təcrübəsi. Hər bir həkimin vizit kartı onun uğurla başa çatdırdığı müalicələrdir. Bura qeyri-cərrahi və cərrahi üsullar aiddir. Pasiyentlərin razılığını qazanmaq üçün fleboloq daim öz üzərində işləməli, biliklərini təkmilləşdirməlidir.
- İş yeri. Damar həkiminin qəbuluna yazılarkən onun işlədiyi müəssisədəki avadanlıqların (diaqnostika, müalicə), eləcə də sterilizasiyanın müasir standartlara cavab verməsinə önəm verilməlidir.
Seçiminizi düzgün edin ki, gələcəkdə problem yaşamayasınız. Çünki sağlamlıq insanın ən dəyərli sərvətidir.