Tromboflebit

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
4612
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Tromboflebit dərin venaların iltihabı xəstəliyidir. Bu xəstəlik dünyada geniş yayılmışdır. Onun yaranma səbəbləri müxtəlifdir: vena daxilinə yeridilən dərmanlar, travmalar, hormonal disbalans, orqanizmin susuzlaşması, irsi faktorlar, qanın axma sürətinin zəifləməsi, infeksion xəstəliklər tromboflebitə gətirib çıxara bilər. Bundan başqa, xəstəlik cərrahi müdaxilədən sonra ağırlaşma kimi də inkişaf edə bilər.

Tromboflebit xəstəliyi daha çox piylənmə, damarların varikoz genişlənməsi və ayaq damarlarının aterosklerozu nəticəsində yaranır.

Varikoz və tromboflebit

Varikoz mənşəli tromboflebit nədir? Necə olur ki, damar genişlənməsindən tromboflebit inkişaf edir?

Damar genişlənməsi vena damarlarının elastikliyinin itirilməsi, onların qapaq aparatının fəaliyyətinin pozulması hesabına əmələ gəlir. Bu zaman meydana çıxan qan durğunluğu nəticəsində orqanizm zədələnmiş damarların divarını, həm də ətraf toxumaları “müdafiə” edə bilmir. Nəticədə iltihab yaranır, xəstəliyin əlamətləri özünü büruzə verməyə başlayır.

Bundan başqa, varikoz müalicə olunmadıqda proses bir az da ağırlaşır və genişlənmiş damarlarda trombozlar yaranır. Bəs tromboz nədir? Tromboz damarda qan laxtasının əmələ gəlməsidir. Bir sözlə, tromboflebit xəstəliyi damar iltihabı və trombla xarakterizə olunur.

tromboflebit şəkil

Tromboz özü kifayət qədər ciddi problemdir. Belə ki, venanın mənfəzi tamamən və ya xeyli tutulduqda həmin damarın qidalandırdığı toxumalar oksigendən, eləcə də qidalı maddələrdən məhrum olur. Varikozun növbəti fəsadı və tromboflebitin ağırlaşması – trofik yara əmələ gəlir.

Tromb venoz divardan qopub qan dövranında hərəkət edərək, hər hansı bir damarın tutulmasına da səbəb ola bilər. Bu məqamda hesab edin ki, insanın həyatı incə bir ipdən asılı olur. Çünki qan laxtası bir çox hallarda həyat üçün təhlükəli vəziyyətlərə – infarkt və ya insulta gətirib çıxarır.

Ən qorxulusu isə trombun ağciyər arteriyasına daxil olmasıdır. Belə vəziyyətlər ani olaraq, ölümlə nəticələnir.

Tromboflebit özünü necə büruzə verir? 

  • Belə xəstələr venaların gedişi boyunca ağrı hiss edirlər. Venanın üstündən dəriyə toxunduqda istilik və gərginlik hiss olunur.
  • Zədələnmiş venanın ətrafındakı toxuma qızarır və şişkinləşir. Amma ayaq tam şişmir. Ödem gecələr artır, səhər saatlarında və istirahətdən sonra isə azalır.
  • Tromboflebit zamanı ayaq kəskin ağrılı və şişmiş olur, hərəkət bir qədər məhdudlaşır.
  • Orqanizmin iltihabi prosesə ümumi reaksiyası da mümkündür. Bu o deməkdir ki, bədən temperaturu yüksələ bilər.

tromboflebit şəkil

Xəstəliyin diaqnostikasında əsas metod kimi doppler müayinəsi istifadə olunur. Qan damarlarının ultrasəs analizi vasitəsilə damarların vəziyyəti, diametri, trombun olub-olmaması və yeri aydınlaşdırılır. Dopplerdən başqa klinik sınaqlar da tətbiq oluna bilir.

Tromboflebit xəstəliyi 2 cür – yerli və sistemli müalicə olunur. Bu məqsədlə qanı durulaşdıran, damarlara qoruyucu təsir edən, iltihabı azaldan və antibakterial təsirli dərmanlar istifadə olunur.

Bu xəstəlik zamanı damar corabları geyinmək məsləhət görülür.

Tromboflebit – özümüzü necə qoruyaq?!

Tromboflebitdən qaçmaq üçün dar geyimlər, hündürdaban ayaqqabılar geyməmək, sağlam həyat tərzi keçirmək, piyada gəzintilərinə vaxt ayırmaq, çəkiyə və qidalanmaya nəzarət, zərərli vərdişlərdən imtina etmək tövsiyə olunur. Ən önəmli addım varikoz aşkarlandıqda sağlamlığa etinasız yanaşmadan müalicəyə vaxtında başlamaqdır.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir