Damar genişlənməsi

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
16191
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Son zamanlar insanların əksəriyyətində damar genişlənməsi deyilən patologiyaya rast gəlinir. Bu xəstəliyin xarakterik cəhətlərindən biri də odur ki, o, nə yaş, nə də cins məhdudiyyəti qoymur.

Varikoz – damar genişlənməsi kimi tanıdığımız kifayət qədər ciddi xəstəlikdir. Bu xəstəlik dərialtı venaların divarlarını təşkil edən əzələlərin öz elastikliyini itirməsi hesabına yaranır, nəticədə damarlar tonusdan düşür və genişlənir.

Bəs damar genişlənməsi nədən olur?

– İrsi meyillik. Birləşdirici toxuması anadangəlmə zəif olan insanların gələcəkdə bu xəstəliklə üzləşmə ehtimalı çox yüksəkdir. Belə şəxslərdə yanaşı olaraq, skolioz, yırtıq, babasil və s. bu kimi xəstəliklər də müşahidə edilə bilər.

– Venaların həddən artıq yüklənməsi – ayaqüstü və ya oturaq iş, ağırlıq qaldırma, hündürdaban ayaqqabı, azhərəkətli həyat tərzi ayaq damarlarının varikoz genişlənməsinin geniş yayılmış səbəblərindəndir.

Damar genişlənməsi şəkil

Varikozun inkişafına təkan verən amillərə həmçinin həddindən artıq fiziki yüklənmə, hamiləlik və doğuş aiddir. Fiziki yüklənmə zamanı ayaq venalarında təzyiq yüksəlir, venoz qapaqlar zədələnir. Bu da aşağı ətraflarda damar genişlənməsi – varikoz xəstəliyinə gətirib çıxarır.

Bütün bu sadaladıqlarımızdan başqa, piylənmə və qeyri-sağlam həyat tərzi özü də damar genişlənməsinin yaranma səbbələri arasındadır.

Damar genişlənməsi – əlamətləri və fəsadları

Varikoz ayaqda göyərmə, “damar çıxması” dediyimiz damar toru,  aşağı ətraflarda ağrı və ağrılıq hissi ilə özünü büruzə verir. Belə ki, genişlənmiş damarlarda qan durğunlaşır və həmin damarların keçiriciliyi artır. Nəticədə qan ətraf toxumalara sızır, dəridə göyərmələr əmələ gəlir.

Ağrı zədələnmiş toxumalarda olan sinir uclarının qıcıqlanması hesabına yaranır. Bundan başqa, əzələlərin qanla təhcizatı pozulduğundan ayaqda qıcolmalar meydana çıxır.

Bu mərhələdə xəstəlik müalicə olunmazsa, varikozun fəsadları qaçılmazdır. Damar genişlənməsi xroniki venoz çatışmazlıq, tromboflebit, trofik xora, hətta damar tutulması ilə ağırlaşa bilər.

Onu da qeyd edək ki, damar tutulması həm ayaqlarda, həm də istənilən daxili orqanda baş verə, infarkt, insult və başqa bu kimi həyat üçün təhlükəli vəziyyətlərə yol aça bilər. Damar divarından qopmuş tromb, yəni qan laxtası ağciyər arteriyasını qapadıqda ölümlə nəticələnir.

Bununla yanaşı, venoz damarların zədələnməsi güclü qanaxmaya səbəb ola bilər.

Damar genişlənməsi təsvir

Damar genişlənməsi necə müalicə olunur?

Xəstəliyin müalicəsi onun hansı mərhələdə olmasından və səbəblərindən asılıdır. Varikoz həm dərmanlarla, həm də cərrahi əməliyyatla sağala bilər.

Bir çox xəstələr cərrahi əməliyyatlardan və ya onun, eləcə də narkozun sonrakı fəsadlarından qorxaraq, müalicədən imtina edirlər. Bu gün belə bir təşvişə səbəb yoxdur. Çünki hazırda varikozun müalicəsində narkozsuz və kəsiksiz aparılan metodlar – skleroterapiya və lazer ablasiya tətbiq olunur.

Amma unutmayın ki, istənilən xəstəlikdən qurtulmağın ən asan yolu ona düçar olmamaqdır. Çalışın sağlamlığınızın qeydinə qalın. Varikoza tutulmusunuzsa, o zaman müalicədən çəkinməyin və vaxtında, hətta ilkin əlamətlər yarandıqda belə savadlı mütəxəssisə – damar həkiminə müraciət edin.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir