Lazerlə varikoz əməliyyatı

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
7037
Müəllif
Paylaşılıb
21 May 2020

Lazerlə varikoz əməliyyatı (Endovenoz Lazer Ablasiya) – damar genişlənməsinin təhlükəsiz, az travmatik və müasir müalicə üsuludur. Bu zaman heç bir kəsik aparılmadan kiçik bir dəlikdən venaya lazerlə təsir göstərilir. Lazerin istilik enerjisi genişlənmiş damar divarlarının bir-birinə yapışmasını təmin edir. Nəticədə varikoz vena asanlıqla aradan qalxır. Əməliyyatın USM nəzarəti ilə icrası onun dəqiqliyini daha da yüksəldir.  

Lazerlə varikoz əməliyyatı hansı üstünlüklərə malikdir? 

  • yerli anesteziya (narkoz verilmir)
  • kəsiksiz (dəridə heç bir iz qalmır)
  • bərpa dövrünün qısa olması
  • klinikada qalmadan (yataq rejiminin tələb olunmaması)
  • pasiyentin əməliyyatdan 1 saat sonra gündəlik həyata qayıtması.

Lazer əməliyyatı açıq üsuldan residiv hallarının (varikoz damarların yenidən yaranması) mimimuma enməsi ilə fərqlənir. 

Lazerlə varikoz əməliyyatı qiyməti

Lazerlə varikoz əməliyyatı hansı hallarda göstərişdir? 

Əməliyyatdan əvvəl cərrah-fleboloq, yəni damar həkimi aşağı ətraflarda Rəngli Doppler müayinəsi aparır. Onun köməyilə səthi və dərin venaların vəziyyəti dəyərləndirilir. Venaların həddindən çox genişlənməsi, qapaq çatışmazlığı və trofiki xoralar cərrahi müdaxilə tələb edir. Belə ki, müalicənin gecikdirildiyi təqdirdə həyat üçün təhlükəli hallar (məsələn, tromblaşma) baş verə bilər. 

Lazerlə varikoz əməliyyatı necə aparılır?  

Prosedurdan əvvəl damar cərrahı dəri üzərində venanın proyeksiyasını qeyd edir. Sonra yerli anesteziya edilir və kiçik dəlikdən lazerlə venaya daxil olunur. Bu zaman adi venadaxili iynə kimi hissiyyat olur.

Əməliyyatın bütün mərhələləri USM nəzarəti altında yerinə yetirilir. Genişlənmiş venanın ətrafına yeridilən ağrıkəsici preparat həm də qonşu toxumaları zədələnmədən qoruyur. Nəticədə yalnız varikoz damara təsir göstərilir. Əməliyyat 1 ayaqda orta hesabla 20-40 dəqiqə davam edir.

Lazerlə varikoz əməliyyatınin nəticəsi

Bu üsulla hər 2 ayağı bir gündə müalicə etmək mümkündür. Əməliyyatın sonunda ayağa varikoz corab geyindirilir. Pasiyent rahat şəkildə ayağa qalxaraq palataya keçir. Təxminən 1 saat sonra xəstə evə buraxılır. 

Lazerlə varikoz əməliyyatı qiyməti

Lazer üsulunun qiyməti varikozun dərəcəsindən, damar sayından və əməliyyatın həcmindən asılıdır. Bakıda yerləşən tibb müəssisələrində varikozun lazerlə müalicəsinin qiyməti 1 ayaq üçün 1100-1500 AZN arasında dəyişir.

Lazerlə varikoz əməliyyatından sonra

Lazer əməliyyatı keçirən insanlarda ilk günlərdə vena boyunca cüzi ağrı ola bilər. Onu aradan qaldırmaq üçün adi ağrıkəsici preparat kifayətdir. Bərpa dövrünün uğurlu keçməsi üçün əməliyyatdan sonra 2-3 həftə ərzində damar corabı geyinilir. Bu, varikoz venanın tam sorulmasını təmin edir.

Fiziki aktivliklə bağlı pasiyentə heç bir məhdudiyyət qoyulmur. Gün ərzində ən azı 1 saat piyada gəzmək məsləhət görülür. Sadəcə 1 ay ərzində idman məşqləri, isti vanna, hamam və sauna təxirə salınmalıdır. 

Əməliyyatın uğurlu alınması həkimin peşəkarlığından asılıdır. Bu səbəbdən varikoz probleminizi təcrübəli damar həkiminə həvalə edin. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir