Damar ulduzcuqları
Damar ulduzcuqları (teleangiektaziya) – damarların genişlənməsi, tünd-bənövşəyi və ya qırmızı rəng alması ilə xarakterizə olunur. Ayaqda teleangiektaziyalar şaxəli ləkələr şəklində meydana çıxdığından onları çox zaman «damar ulduzcuqları» adlandırılır.
Damar ulduzcuqları başlanğıcda kiçik ölçülü olur. Onlar tədricən böyüyərək, kosmetik qüsur əmələ gətirirlər. Qadınların əksəriyyəti görünüş pozğunluğundan narahat olub, qısa ətək və donlardan imtina edir. Məhz bu kompleks hissi xəstələri damar həkimi – fleboloqa müraciət etməyə məcbur edir.
Damarlar nə qədər çox genişlənərsə, teleangiektaziyalar rəng və ya ölçü baxımından bir o qədər qabarıq olur. Proses kapilyarlarda baş verdikdə, dərinin üst qatının relyefini pozmayan qırmızı damar torları əmələ gəlir. Onların üzərindən basdıqda torlar dərhal avazıyır. Damar ulduzcuqları venalardan formalaşdıqda dəridə bənövşəyi və ya göy rəngli şişkinliklər yaranır.
Damar ulduzcuqları əsasən qadınlarda müşahidə edilir. Bu da hamiləlik dövrü və ya kontraseptivlərin qəbulu nəticəsində hormonal fonun dəyişməsi ilə bağlıdır. Ayaqlarda teleangiektaziya 40 yaşdan sonra qadın və kişilərin 50%-də aşkarlanır. Xəstəlik nadir hallarda uşaqlarda qeydə alınır.
Damar ulduzcuqları çox vaxt ayaqlarda qıcolma, şişkinlik, keyimə və iynəbatırma hissi ilə müşayiət olunur.
Damar ulduzcuqları nədən yaranır?
Bu barədə mütəxəssislər hələ ki, ümumi bir fikrə gəlməmişlər. Onlardan bəziləri damar ulduzcuqlarının başlıca yaranma səbəbi kimi orqanizmdə baş verən hormonal dəyişiklikləri irəli sürürlər. Digərləri isə teleangiektaziyanın xroniki xəstəliklər fonunda ürək-damar sistemində gedən dəyişikliklərin nəticəsi hesab edirlər. Ümumilikdə ayaqdakı damar ulduzcuqları aşağıdakı səbəblərdən yarana bilər:
- hormonal dəyişikliklər;
- hamiləlik dövrü;
- artıq çəki;
- oturaq həyat tərzi və ya ayaqüstü iş;
- irsi meyllik və s.
Siqaret və spirtli içkilərdən istifadə, uzunmüddətli günəş vannaları kapilyarlara mənfi təsir göstərir. Damar ulduzcuqlarının formalaşmasında həmçinin genetika mühüm rol oynayır. Damar zəifliyi irsi xarakter daşıdıqda belə şəxslər risk qrupuna daxil olurlar. Bu səbəbdən yaxın qohumları venaların varikoz xəstəliyindən əziyyət çəkən insanlar sağlam həyat tərzi sürməli və vaxtaşırı mütəxəssisə müraciət etməlidir.
Damar ulduzcuqlarından necə xilas olmaq mümkündür?
Teleangiektaziyalar Skleroterapiya üsulu ilə aradan qaldırılır. Müalicə prosesində zədələnmiş nahiyəyə nazik iynə vasitəsilə xüsusi dərman yeridilir. Onun təsirindən damar divarları bir-birinə yapışır, nəticədə kapilyar və venalar görünməz olur. Həkim-fleboloq dəridə kəsik aparmadığından prosedurdan sonra çapıq izləri qalmır. Skleroterapiya adətən ağrısız keçir. Yalnız həssas insanlarda minimal ağrı hissi ilə yarana bilər.
Prosedurdan sonra nələrə riayət olunmalıdır?
Skleroterapiyadan sonra 5-7 gün ərzində varikoz corablardan istifadə edilməli, 2 həftə müddətində isti hamam və saunadan imtina olunmalıdır.