Tromboz
Tromboz – damar daxilində qan laxtasının (tromb) formalaşması ilə xarakterizə olunur. Arteriya və ya venalar zədələndikdə qan axınının qarşısının alınması üçün trombosit və fibrindən xüsusi laxta əmələ gəlir.
Müəyyən şəraitlərdə tromblar qan damarları zədələnmədən də yaranır. Onlar damar divarından qoparaq, sərbəst şəkildə qanla hərəkət edə bilir. Belə tromblar embol adlanır. Əslində bu çox təhlükəli haldır, embol istənilən an ürək və ya ağciyər arteriyasına keçərək, ölümə səbəb ola bilər.
Arteriyanın mənfəzinin 75%-i trombla tutulduqda, toxumalara qan (o cümlədən oksigen) axını o qədər azalır ki, hipoksiya əlamətləri meydana çıxır. Obstruksiya 90%-dən yuxarı qalxdıqda, hüceyrə oksigendən tamamilə məhrum olur, bu isə onun ölümünə gətirib çıxarır. Trombozun ən ağır fəsadı agciyər arteriyasının tromboemboliyasıdır.
Tromboz nədən yaranır?
Patologiyanın inkişafında 3 amil qeyd olunur. Buna Virxov triadası da deyilir:
- qanın tərkibi (hiperkoaqulyasiya və ya trombofiliya);
- damar divarının (endotel hüceyrələrinin) zədələnməsi;
- qan axınının xarakteri (durğunluq, geriyə qayıdış).
Hiperkoaqulyasiya (qanın tez laxtalanması) genetik qüsurlar və ya autoimmun xəstəliklərlə bağlıdır. Endotel hüceyrələrinin zədələnməsi travma, cərrahi müdaxilələr və ya infeksiyaların təsirindən baş verir. Qanda durğunluq isə ürək çatışmazlığı və ya uzunmüddətli oturaq həyat tərzi ilə bağlı ola bilər.
Tromboz və onun formaları
Xəstəliyin 2 forması ayırd edilir: venoz və arterial. Onların hər biri də öz növbəsində bir neçə qrupa bölünür. Trombozun bəzi formaları ilə tanış olaq.
Dərin venaların trombozu adından göründüyü kimi dərin venaların daxilində trombların yaranmasıdır. Əksər hallarda proses ayaqda, xüsusilə də bud venasında aşkarlanır. Onun formalaşmasında qan axınının sürəti, damar divarının vəziyyəti və qanın özlülüyü mühüm rol oynayır. Patologiyanın klassik əlamətlərinə zədələnmiş nahiyədə ağrı, şişkinlik və qızartı aiddir.
Qapı venasının trombozu
Xəstəlik qaraciyərin qapı venasında baş verir. Nəticədə qaraciyərə qan axını zəifləyir, təzyiq yüksəlir. Proses adətən pankreatit, sirroz və ya xolangiokarsinoma fonunda baş verir.
Böyrək venasının trombozu
Proses böyrək venasının trombla tutulmasından ibarətdir. Belə hallarda antikoaqulyant terapiya aparılır.
Arterial tromboz
Trombozun bu forması arteriyalarda trombun yaranması ilə gedir. Çox zaman arterial tromboz aterosklerotik lövhəciklərlə müşayiət olunur və aterotromboz adlanır. Hər bir halda arterial tromboz təhlükəli vəziyyət hesab olunur. Çünki belə xəstələrdə istənilən orqanın infarkt ehtimalı yüksək olur.
Embolizasiya
Tromboz nahiyəsində bakterial infeksiya olduqda, tromb dağıla və onun hissəcikləri qanla yayılaraq (septik emboliya), metastatik abseslər törədə bilər. Prosesə infeksiyanın qoşulmadığı hallarda isə tromb qoparaq, qan damarını tuta və insult, infarkt yarada bilər.
Tromboz hansı üsulla aşkara çıxarılır?
Qanın laxtalanma sisteminin vəziyyətini qiymətləndirmək üçün aşağıdakı üsullardan istifadə edilir:
- tromboelastoqrafiya;
- trombinin generasiya testi;
- trombodinamika;
- aktivləşmiş hissəvi tromboplastin müddəti;
- protrombin testi.
Müalicə
Təcili müalicə
- antikoaqulyantlar və antiaqreqantların qəbulu;
- trombolitik terapiya;
- endovaskulyar cərrahiyyə.
Terapevtik müalicə
Xolesterini azaltmaqla pəhriz rejimi və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini endirən preparatlar: statinlər, nikotin turşusu, fibratlar, antikoaqulyantlar (tromboemboliya riskini minimal edir) məsləhət görülür.
Tromboz hallarının qarşısını necə almaq olar?
Venoz tromboemboliyanın profilaktikası məqsədilə heparindən istifadə heç də ölüm sayını azaltmır. Lakin belə xəstələrdə ağciyər emboliyasının və dərin venaların trombozunun yaranma riski aşağı düşür, eyni zamanda qanaxma ehtimalı yüksəlir.
Bir çox hallarda əməliyyata gedən pasiyentlərdə tromboz riskini azaltmaq üçün damar corabları təyin olunur. Yataq rejiminə məhkum olan xəstələrdə, ortopedik cərrahiyyədə aşağı molekullu heparinə, baldırın mexaniki kompressiyasına üstünlük verilir.