Varikoz damar corabları
Damar genişlənməsinin müalicə və profilaktikasında varikoz corablar mühüm rol oynayır. Onlar aşağı ətraf venalarına təsir göstərməklə, ayaqlarda şişkinlik və yorğunluq hissini azaldır.
Varikoz damar corabları neçə cür olur?
Sıxılma dərəcəsindən asılı olaraq, kompression geyimlər 4 sinfə bölünür:
- 1-ci sinif (18-22 mm. cv. süt.) – adətən varikozun ilkin dövrlərində, həmçinin Skleroterapiya və Lazer ablasiyadan sonra istifadə edilir;
- 2-ci sinif (23-32 mm. cv. süt.) – venaların quruluş və funksiya dəyişikliklərində təyin olunur;
- 3-cü sinif (33-46 mm. cv. süt.) – ayaqda trofik pozğunluqlar zamanı geyinilir;
- 4-cü sinif (49 mm. cv. süt.-dan artıq) – əsasən limfa axının pozğunluqlarında, limfostaz xəstəliyində faydalıdır.
Varikoz damar corabları kimlərə lazımdır?
Bir sıra insanlarda varikoz xəstəliyinin yaranma ehtimalı yüksək olduğundan fleboloqlar damar corablarından istifadə etməyi məsləhət görürlər. Risk qrupuna aşağıdakı şəxslər daxildir:
- Ayaqüstü işlə məşğul olan (müəllim, cərrah, saç ustaları, satıcı və s.);
- Passiv həyat tərzi sürən;
- Hamilə qadınlar;
- Yaxın qohumları varikozdan əziyyət çəkən;
- Artıq çəkiyə malik olan;
- Peşəkar idmançılar;
- Tez-tez səyahət edənlər.
Damar corabları apteklərdə və ya damar mərkəzlərində satılır. Lakin onları əldə etməzdən əvvəl həkim-fleboloqla məsləhətləşməyiniz tövsiyə olunur.
Varikoz damar corabları necə seçilir?
Kompression geyimin model (kolqotka, çulki, qolf) və sıxılma dərəcəsini müəyyən etmək üçün mütləq damar həkiminin müayinəsindən keçmək lazımdır. Çünki həddindən artıq kip geyim venalara ifrat dərəcədə təzyiq göstərməklə, ağırlaşmaların yaranması, boş corab isə nəticənin zəif olması ilə nəticələnə bilər.
Bu kimi hallara yol verməmək üçün corab seçimini fleboloqa həvalə edin. Həkim Rəngli Doppler müayinəsinin köməyilə venalarda patoloji prosesin yüngül və ya ağır olmasını aydınlaşdırır. Müayinənin nəticələrinə əsasən uyğun sıxılma dərəcəsinə malik corab təyin edir.
Həmçinin kompression geyim alarkən ayaq ölçüləri də nəzərə alınmalıdır. Bu, fərdi xarakter daşıdığından ayaqlar 3 hissədə (topuq, baldır və büd) ölçülməlidir.
Varikoz damar corabları elastik bintdən nə ilə fərqlənir?
Mütəxəssislər elastik bintin aşağıdakı xüsusiyyətlərinə əsaslanaraq, varikoz corablara üstünlük verməyi tövsiyə edirlər:
- elastik bint təzyiqi ayaqlara düzgün və bərabər şəkildə paylamır;
- bint tez-tez boşalaraq, aşağı hissəyə düşür, bununla da aktiv hərəkətə çətinlik törədir;
- qeyri-estetik görünüşlüdür.
Varikoz zamanı və ya profilaktik məqsədlə istifadə olunan corabların sıxılma dərəcəsi topuqdan bud hissəyə doğru azalır. Yəni topuq hissənin venalarına maksimal (100%), baldırda orta (50%), bud nahiyəsindəki damarlara isə minimal (20%) təzyiq göstərilir. Bunun hesabına aşağı ətraf venalarında qan axını bərpa olunur, durğunluq aradan qalxır. Elastik bintlə isə həmin nisbəti əldə etmək mümkün deyil.
Varikoz damar corabları necə istifadə olunmalıdır?
Terapevtik effektin alınması üçün geyimin forma və sıxlığının düzgün seçilməsi ilə yanaşı aşağıdakı qaydalara da əməl etmək lazımdır:
- Corab paltaryuyan maşında deyil, əldə yuyulmalıdır;
- Kompression geyim isidici qurğuların (radiator, peç və s.) üzərində yox, açıq havada qurudulmalıdır;
- Ehtiyatla geyinilməli, dırnaqlarla corabın zədələnməməsinə fikir verilməlidir;
- Yararlılıq müddəti (5-6 ay) bitdikdə yenisi ilə əvəz olunmalıdır.
Varioz damar corabları müntəzəm formada istifadə olunmalıdır. Həkimlər kompression corabı yuxudan oyanan kimi geyinməyi (yataqdan qalxmadan) və yalnız gecə yatarkən çıxarmağı məsləhət görürlər.
Tromb, (varikos) xəstəliyin sagalması mumkundurmu?
Salam. Bəli, varikoz sağalan xəstəlikdir.
Cok faydali oldu.ele bu gun nuraciet edecem