Xroniki venoz çatışmazlıq

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
1550
Müəllif
Paylaşılıb
14 Sentyabr 2019

Xroniki venoz çatışmazlıq qanın venalarla ayaqlardan ürəyi doğru axınının pozulması nəticəsində yaranır. Xəstəliyin ilkin əlamətləri – damar ulduzcuqları və venaların cüzi genişlənməsi insanlar tərəfindən ciddi qəbul edilmir. Xəstələr onları sadəcə kosmetik qüsur hesab edərək, zamanla keçib-gedəcəklərini düşünürlər. Lakin bu əsla belə olmur, əksinə, problem get-gedə daha da dərinləşir. 

Xroniki venoz çatışmazlıq hansı səbəblərdən yaranır?

  • venaların qapaq aparatının zəifliyi; 
  • böyrək mənşəli və ya arterial hipertenziya (qan təzyiqi);
  • irsi meyllik;
  • hormonal dəyişikliklər (hamiləlik dövrü və ya kontraseptiv vasitələrin qəbulu);
  • yaş faktoru;
  • ağır atletika;
  • ayaqların ciddi travmaları;
  • tromboz.

Xroniki venoz çatışmazlıq 1 şəkil

Venoz çatışmazlıq əsasən qadınlarda və yaşlı şəxslərdə aşkarlanır. Bu isə qadınlarda hormonal fonun tez-tez dəyişməsi, yaşlılarda isə damar divarlarının zəifləməsi ilə bağlıdır.  

Yaxın qohumları damar genişlənməsi və ya dərin venaların trombozundan əziyyət çəkən insanlarda xroniki venoz çatışmazlığın yaranma ehtimalı yüksək olur. Əmək fəaliyyəti ilə əlaqədar ayaqların davamlı yüklənməsi də xəstəliyin inkişafına təkan verir. 

Xroniki venoz çatışmazlıq hansı əlamətlərlə özünü büruzə verir?

Venoz çatışmazlığın erkən mərhələsində bir və ya bir neçə əlamət meydana çıxır. Xəstələr ayaqlarda ağırlıq və yanğı hissi, ödem, gecə qıcolmalarından şikayət edirlər. Baldır nahiyəsində dərinin piqmentasiyası, elastikliyinin itməsi və quruluğu müşahidə olunur. Başlanğıcda varikoz genişlənmiş damarlar hər zaman izlənilmir.

Xroniki venoz çatışmazlıq inkişaf etdikcə qan dövranı çatışmazlığı dərinləşir. Trofik yaralar əmələ gəlir. Ayaqlarda qanın kifayət miqdarda toplanması başgicəllənmə, bayılma, ürək çatışmazlığı əlamətləri ilə müşayiət oluna bilər.  

Xroniki venoz çatışmazlıq 2 şəkil

Xroniki venoz çatışmazlıq necə müalicə olunur?  

Venoz çatışmazlığın müalicəsi xəstənin vəziyyətindən asılı olaraq, cərrahi yolla (flebektomiya) və ya medikamentoz (dərman) terapiyanın köməyilə aparılır. Dərman müalicəsində flebotoniklərə üstünlük verilir. Onlar damar divarını möhkəmləndirir və qan axını yaxşılaşdırırlar. Xəstələrə varikoz corablar məsləhət görülür. Yerli istifadə üçün xüsusi mazlar, kremlər və antiseptiklər təyin olunur. 

Müalicə ilə yanaşı xəstənin həyat tərzi də dəyişilməlidir. Ayaqların həddindən yüklənməsinə yol verilməməlidir. Qadınların istifadə etdiyi hormonal preparatlar venoz çatışmazlıq törətdikdə digər dərmanlarla əvəz olunmalı və ya onların qəbulu tamamən dayandırılmalıdır. 

Yalnız bu yolla gələcəkdə xəstəliyin təkrarlanmasının qarşısını almaq mümkündür.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir