Trofik yara
Trofik yara varikozun və ya xroniki venoz çatışmazlığın ağırlaşması kimi inkişaf edir. Onun yaranması ayaqda qan dövranının pozulması, toxumaların qida maddələri ilə təhcizatının zəifləməsi ilə bağlıdır. Varikoz zamanı əksər hallarda genişlənmiş damar proyeksiyasında dəridə qaşınma yaranır. Bu əvvəlcə özünü ekzema kimi büruzə verir. Müalicə gecikdirildikdə trofik xora formalaşır. Ayaqda yaralar həmçinin yumşaq toxumaların və sinirlərin zədələnməsi ilə müşayiət edilən travmalar nəticəsində əmələ gələ bilər. Bununla yanaşı uzun müddət davam edən dəri xəstəlikləri də yara törədə bilir.
Aşağı ətraflarda trofik yara demək olar ki, heç bir zaman varikozun erkən mərhələlərində yaranmır.
Xəstədə ağır formalı damar genişlənməsi və ya tromboz olduqda, xoranın yaranma ehtimalı 30% yüksəlir.
50%-dən çox pasiyentlərdə trofik yara damar genişlənməsi ilə əlaqədar meydana çıxır. Bir qədər az hallarda şəkərli diabet və ya keçirilmiş travmalar fonunda inkişaf edir.
Trofik yara özünü necə büruzə verir?
Açıq yaralar adətən baldırın daxili hissəsində yerləşir. İlkin mərhələlərdə dəridə ləkə və qalınlaşmalar müşahidə olunur. Zaman keçdikcə dəri portağal qabığına bənzəyir. Bu xoraönü mərhələ sayılır. Çünki belə vəziyyətlərdə istənilən travmalar problemli zonada xora ilə nəticələnir.
Pasiyentlər ayaqlarda qaşınma, ağrı və ağırlıq hissindən şikayət edirlər. Baldır əzələlərində şişkinlik və qıcolmalar meydana çıxır. Axşam saatlarında əlamətlər daha da güclənir.
Trofik yara hansı üsulla müayinə olunur?
Trofik yara yanaşı gedən xəstəlik olduğundan, müalicənin uğurla başa çatması üçün əsas patologiya (varikoz, şəkərli diabet və s.) aradan qaldırılmalıdır. Xoranın diaqnostikasında Rəngli Doppler müayinəsindən istifadə olunur. Bu prosedurun köməyilə səthi və dərin venaların vəziyyəti qiymətləndirilir. Genişlənmiş damarlar aşkar olunur, onların trofik yara ilə əlaqəsi aydınlaşdırılır.
Trofik yaradan necə qurtulmaq olar?
Müalicə prosesi yalnız trofiki xoranın sağalması ilə bitməməlidir. Mütləq qaydada kompleks terapiya aparılmalı, əsas patologiya sayılan xroniki venoz çatışmazlıq, varikoz müalicə olunmalıdır.
Bu məqsədlə müxtəlif üsullar tətbiq edilə bilər:
- medikamentoz (dərman) müalicə – yerli (yaranın təmizlənməsi, antiseptiklərlə yuyulması, məlhəmli sarğıların qoyulması) və ümumi (antibiotiklər, iltihab və allergiya əleyhinə vasitələr, antiaqreqantların – qanı durulaşdıran preparatların qəbulu);
- cərrahi müdaxilə (trofik xora əmələ gətirən problemli damarın aradan qaldırılması – Lazer ablasiya);
- varikoz corablar.
Lazer ablasiya dərini zədələməməklə yanaşı, həm də təhlükəsizliyi ilə seçilir. Varikoz corablar şişkinliyi azaldır, zədələnmiş nahiyənin qan dövranını və qidalanmasını yaxşılaşdırır. Pasiyentdə artıq çəki problemi olduqda ayaqların yüklənməsini azalmaq üçün pəhriz və idman məsləhət görülür.
Bundan əlavə xəstələrə həyat tərzini dəyişdirmək (bədən çəkisini və aşağı ətraflara düşən yuklənmələri azaltmaq) tövsiyə olunur. Bir çox peşələr insanları bütün günü ayaqüstə qalmağa vadar edir. Bu da sağlamlığa mənfi təsir göstərir. Nəticədə əvvəlcə damar genişlənməsi, onun ardınca isə trofik yara əmələ gəlir. O üzdən əmək və istirahət rejiminin düzgün təşkil olunması çox vacibdir.
Nə üçün trofiki xoranın müalicəsini gecikdirmək olmaz?
Müalicə gecikdirildikdə trofik yara dərinin deformasiyasına gətirib çıxarır. Çünki qan dövranı pozulduğundan qida maddələri toxumalara daxil olmur. Bu da gələcəkdə ağır irinli-iltihab proseslərlə nəticələnir.
Xəstələrdə şişkinliklə əlaqədar kapilyarlar sıxılmaya məruz qalır, toxumaların qidalanması pozulur. Ödem bir və ya eyni zamanda hər iki ayaqda müşahidə oluna bilər. Belə hallar venaların varikoz genişlənməsi ilə bağlıdır.
Açıq yaralar həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilir. İlk növbədə ayaqların hərəkəti məhdudlaşır, ağrı və qaşınma hissi yaranır. Bundan əlavə yaraları tez-tez təmizləmək lazım gəlir. Bu prosedur həm diskomfort törədir, həm də normal iş fəaliyyətinə mane olur. Ona görə ayaqlarda trofik xora formalaşdıqda, damar həkimi – fleboloqa müraciət olunmaqla yara dərhal aradan qaldırılmalıdır.
Salam həkim.
Anamın ayaqinda illərdi dərin yara var, birinci əməliyat uqursuz olub, ikinci əməliyyat yaxşı oldu yara get gedə saqalırdı amma sonradan yara böyüməyə başladı. bir çox həkimlərə apardım amma saqalmır. indi levamakol mazı vurub sarıyıram. saqalma ehtimalı varmı, xarab damarları çıxartdırmışam. Nə msləhət buyurursunuz.
Salam. Damarla bağlı trofiki yara əməliyyatdan sonra tədricən qapanır. Tək levomikolla onu bağlaya bilməyəcəksiniz. Çünki əsas səbəb aradan qaldırılmalıdır.
Salam həkim. Anamın ayaqlarında varikoz var illərdi. Ancaq son 1ildi yara olub. 1 ildir nə etdik o yara qapanmadı. Uyğun həkim bilmirik kimə aparaq. Xahiş edirik Bizə köməklik göstərin
Salam. Varikoz vaxtında müalicə olunmadıqda trofiki xora (yara) ilə nəticələnir. Onu ev şəraitində qapamaq mümkün deyil. Həkim baxışı gərəkdir. Uyğun damar həkimi axtarırsınızsa, Bakı Flebologiya Mərkəzində Dr.Ceyhun Hüseynova müraciət edə bilərsiniz.
Salam açıq varikoz yaraya ixtiol maz istifadə etmək olar?
Salam. Xeyr, məsləhət deyil.
Salam ayaqda yaralar,suluq,səpgilər və ən əsasıda şişmə nədən ola bilər ,
Salam. Şişkinlik ürək, böyrək, damar mənşəli ola bilər. Yaralar isə revmatoloji, dəri və yaxud varikoz səbəbindən baş verə bilər. Dəqiq səbəb müayinədən sonra üzə çıxır.