Doppler müayinəsi

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
4995
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Varikoz damar genişlənməsi və onun ağırlaşmalarında Doppler müayinəsi qızıl standart hesab olunur. Doppler nədir? Beynəlxalq standartlara əsasən «varikoz» diaqnozunun qoyulması üçün həkim baxışı ilə yanaşı ultrasəs müayinəsi, yəni Rəngli Doppler aparılmalıdır. Prosedur orta hesabla 10-15 dəqiqə davam edir.

Doppler müayinəsi – ayaqlardakı damarların vəziyyətini qiymətləndirməyə şərait yaradır. Onun vasitəsilə qısa zaman ərzində aşağı ətrafın səthi və dərin venalarının keçiriciliyi, venoz qapaqların vəziyyəti, qan cərəyanının sürəti yüksək dəqiqliklə təyin edilir. Doppler müayinəsi düzgün diaqnozun qoyulması, həmçinin effektiv müalicə taktikasının seçilməsi üçün kifayət edir. Bu üsul yüksək informativliyi ilə fərqlənir.

Doppler müayinəsi haqqında danışarkən onu da qeyd edək ki, metod adi ultrasəs aparatı ilə icra olunur və ölkəmizdə bu müayinə metodu geniş istifadə edilir. Bakıda yerləşən müxtəlif tibb müəssisələrində dopplerin qiyməti 35-100 azn arasında dəyişir.

Rəngli Doppler şəkil

Doppler müayinəsi ilə hansı problemlər aşkarlana bilər?

Bu müayinə metodu ilə damar genişlənməsi, damar tutulması – yuxarı və aşağı ətraf venalarının trombozu kimi xəstəliklər aşkarlanır.

Ağır dərəcəli varikoz zamanı ablasiya üsulu ilə müalicə proseduruna hazırlaşmazdan əvvəl də damar divarının vəziyyəti dopplerlə qiymətləndirilir.

Bundan başqa, varikozun fəsadları – xroniki venoz durğunluq, tromboflebit kimi problemləri aşkarlamaq, eləcə də trofik yarası olan xəstələrdə müalicə taktikasını seçmək üçün doppler müayinə əvəzsizdir.

Vena damarlarının doppler müayinəsi vaxtında aparılarsa, qan dövranı xəstəliklərinin, eləcə də şəkərli diabetin kəskin ağırlaşmalarından sığortalanmaq mümkündür. Bu müayinə varikozun müalicəsini planlamaq üçün dəyərli məlumatlar verir. Lakin Doppler təkcə venaların vəziyyətini təyin etmək üçün deyil; onunla ateroskleroz, anevrizmalar və arterial xəstəliklər də üzə çıxarıla bilər.

Rəngli Doppler müayinəsi şəkil

Doppler müayinəsinin başqa hansı imkanları var?

Bu müayinə metodunun dəyəri onun imkanları ilə ölçülür. Rəngli Doppler ayaqlardakı ödem və ağrıların mənbəyini aşkarlayır. Belə ki, ayaqda ödemin daha bir geniş yayılmış səbəbi ürək çatışmazlığıdır. Ağrı isə varikozla yanaşı oynaq xəstəlikləri, sinirlər və ya arterial damarlarda qan dövranının pozulması ilə bağlı ola bilər.

Başqa sözlə desək, damar genişlənməsi zamanı “ayaqlarda damar çıxması” adlandırdığımız damar ulduzcuqları zədələnmiş damarlar xəstəliyin sadəcə görünən tərəfidir. Onun görünməyən tərəfinə isə Rəngli Doppler müayinəsi ilə baxmaq mümkündür. Bu müayinə ağrısız və damara daxil olmadan, yəni qeyri-invaziv yolla aparılır.

Dopplerlə həm də dərinin altında adi gözlə görünməyən dərin damarlar haqda ətraflı məlumat toplanılır. Buna görə də varikoz xəstəsi mütləq Rəngli Doppler müayinəsindən keçməlidir ki, zədələnmiş damarlar aşkarlansın və onların “xəritəsi” çıxarılsın. Müalicə isə elə həmin “xəritə”yə əsasən aparılır. Bu o deməkdir ki, müayinəni icra edən həkim də peşəkar olmalıdır. Axı damar genişlənməsi məhz dopplerin nəticələrinə əsasən müalicə olunur.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir