Skleroterapiya nədir?
Hazırda varikoz damarların müalicəsində müasir üsullardan: Skleroterapiya və Lazer ablasiyadan istifadə olunur. Bəs Skleroterapiya nədir? Bu metod – damar genişlənməsinin əməliyyatsız müalicəsidir. Onun mahiyyəti varikoz vena və kapilyarlara xüsusi preparatın, yəni sklerozantın yeridilməsindən ibarətdir.
Dərmanın təsirindən genişlənmiş damarın divarları bir-birinə yapışır və o tədricən itir. Prosedurun yerinə yetirilməsi üçün çox nazik iynələrdən istifadə olunur. Skleroterapiya həm müalicəvi, həm də kosmetik baxımdan icra olunur.
Skleroterapiya nədir və necə seansa bitir?
Seansların sayı ilə bağlı standart rəqəm yoxdur. Çünki hər bir insanın ayağındakı varikoz damarların miqdarı fərqli olur. İnyeksiyaların sayı venaların və kapilyarların zədələnmə dərəcəsindən asılıdır. Orta hesabla 2-6 seans tələb oluna bilər. Bu isə yalnız Doppler müayinəsindən sonra damar həkimi tərəfindən dəqiqləşdirilir.
Skleroterapiyadan əvvəl diqqət ediləsi məqamlar nədir?
- aspirin qəbul edirsinizsə, müalicəyə başlamazdan 2 gün əvvəl onu dayandırın. Çünki həmin preparat göyərmələrin yaranma ehtimalını artırır;
- hormonal preparatlardan (kontraseptivlər, estrogenlər və s.) istifadə etdikdə həkimə bu barədə məlumat verin.
- lazer epilyasiyası, losyon və kremləri təxirə salın;
- müalicəyə rahat geyim və ayaqqabıda gəlin;
- gigiyenik duş qəbul edin;
- skleroterapiya üsulundan 1,5 saat öncə azacıq qidalanın.
Skleroterapiyanın üstünlükləri nədir?
- kəsik aparılmır;
- prosedurdan sonra pasiyent əvvəlki həyatına davam edir;
- ağrı hissi demək olar ki, yaranmır;
- klinikada qalmağa ehtiyac olmur;
- mükəmməl kosmetik nəticə əldə edilir;
- iynə vurulan yerlər çapıqsız və izsiz sağalır.
Skleroterapiya nədir və onun növləri hansılardır?
Fleboloqlar bu üsulun 3 növündən istifadə edirlər:
- Mikroskleroterapiya. Metod kiçik ölçülü venoz qüsurlarla mübarizə aparmağa imkan verir. Müalicə kursundan sonra 3-6 həftə ərzində kapilyar torları və damar ulduzcuqları tamamən yox olur.
- Köpük skleroterapiyası («Foam-Form»). Prosedura hazırlıq xüsusi preparatın köpükləndirilməsindən başlanır. Bu dərman damara yeridildikdə venanın patoloji hissəsini bütövlükdə tutur və qana qarışmır. Genişlənmiş damarın divarları 3-7 gün müddətində bir-birinə yapışır.
- Exo-skleroterapiya. Skleroterapiyanın bu növü cərrahi müdaxiləyə alternativdir. Onun köməyilə iri diametrli venaları aradan qaldırmaq mümkündür. Müalicə əsnasında damarların vəziyyətinə Doppler müayinə ilə nəzarət olunması Exo-skleroterapiyanın dəqiqliyini dəfələrlə artırır.
Qeyd olunan formalar hər bir pasiyent üçün fərdi qaydada seçilir. Burada müayinənin nəticələri və orqanizmin xüsusiyyətləri nəzərə alınır.
Skleroterapiya zamanı yaranacaq narahatlıqlar nədir?
Preparatın yeridilməsi zamanı yüngül göynəmə ola bilər. Adətən pasiyentlərin əksəriyyəti bu proseduru rahat keçirir. Skleroterapiya başa çatdıqda ayağa varikoz corab geyindirilir. Onun çıxarılmasına yalnız həkim qərar verir. Corabdan imtina edən qadınlarda müalicənin effektivliyi azalır, göyərmələr nəzərə çarpır və xəstəliyin geri qayıtma ehtimalı artır.
Skleroterapiya nədir və prosedurdan sonra hansı şərtlərə əməl olunmalıdır?
- 10-20 dəqiqə piyada gəzmək;
- fiziki aktivliyi azaltmamaq – gün ərzində ən azı 1 saat yerimək;
- 2 həftə isti vanna qəbul etməmək;
- 1,5-2 ay sauna və solyariyə getməmək;
- 2-3 həftə velotrenajor, gimnastika və aerobika ilə məşğul olmamaq.
Skleroterapiyadan sonra hər hansı bir narahatlıq yarandıqda kontrol müayinəyə getməyiniz məsləhət görülür.