Varikoz əməliyyatı

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
4080
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Damar genişlənməsinin irəliləmiş mərhələlərində cərrahi üsullar –  varikoz əməliyyatı daha geniş tətbiq olunur. Varikozun cərrahi müalicəsində istifadə olunan metodlara Endovenoz lazer ablasiya, Radiofrekans ablasiya, Clarivein və miniflebektomiya aiddir.

Endovenoz lazer ablasiya (EVLA) – az invaziv, təhlükəsiz, müasir və effektiv varikoz əməliyyatı hesab olunur. Endovenoz lazer koaqulyasiya və ya obliterasiya ifadələri ilə rastlaşdıqda onlar sizi çadırmasın. Bu terminlər özü də eyni müalicə metoduna, yəni EVLA-ya verilən adlardır. Amma adından asılı olmayaraq lazer koaqulyasiyanın texnikası eyni olaraq qalır. Əməliyyatın mahiyyəti lazerlə damarların sorulmasını təmin etməkdir. Prosedur yerli anesteziya altında aparılır – damarların ətrafına ağrıkəsici məhlullar yeridirlər. Bu preparatlar təkcə ağrını aradan qaldırmır, eyni zamanda venaların diametrini kiçiltməklə ətraf toxumaların qızmasının qarşısını alır, yəni onları zədələnməkdən qoruyur.

varikoz əməliyyat şəkil

Bu varikoz əməliyyatı bir sıra üstünlüklərə malikdir.

  • Minimal travma və təhlükəsizlik;
  • Ağrı sindromunun olmaması;
  • Müalicədən sonra xəstə həmin gün buraxılır və gündəlik həyat tərzinə qayıdır;
  • EVLA-dan sonra heç bir iz və çapıq qalmır;
  • Yüksək effektivliyə malikdir və nadirən residiv verir, yəni açıq üsulla icra olunan əməliyyatlarla müqayisədə varikozun yenidən yaranma ehtimalı azdır.

Qeyd edək ki, EVLA-nın istifadəsinə heç bir yaş məhdudiyyəti qoyulmur.

Radiofrekans ablasiya və ya koaqulyasiya. Bu varikoz əməliyatı EVLA-dan onunla fərqlənir ki, bu metodda həkim venaların daxili divarına lazerlə deyil, radiotezlikli dalğalarla təsir edir.

Clarivein – mexaniki-kimyəvi ablasiya metodudur və varikozun müalicəsində son illərdə geniş tətbiq olunur. Onun bir çox üstünlükləri vardır:

  • Prosedur kəsiksiz aparılır; bütün manipulyasiya dəridəki dəlikdən keçərək icra olunur;
  • Cəmi 15-20 dəqiqə davam edir;
  • Yerli və ya ümumi anesteziya tələb etmir;
  • Prosedurdan sonra xəstəxanada qalmağa heç bir ehtiyac yoxdur;
  • Başqa metodlarla birgə tətbiq etmək olur;
  • Ətraf toxumaları zədələmir;
  • Yalnız müalicə olunan venaya təsir edir;
  • Dəri defektləri – çapıqlar, izlər qoymur;
  • Trofik yaranın altında yerləşən damarları da müalicə etməyə imkan verir.

clarivein şəkil

Clarivein proseduru zamanı varikoz venaların daxili divarına mexaniki təsir edilir və sonda damar mənfəzinə xüsusi dərman yeridilir. Yəni damar divarına eyni anda həm mexaniki, həm də kimyəvi təsir göstərilir.

Miniflebektomiya zamanı genişlənmiş damarlar və damar düyünləri xüsusi alətlə kiçik dəlikdən xaric edilir. Bu varikoz əməliyyatı çox zaman digər metodlarla kombinəolunmuş şəkildə aparılır.

Əksər insanları varikoz əməliyyatı qiyməti maraqlandırır. Bakıda yerləşən tibb müəssisələrində lazer üsulu ilə aparılan əməliyyatların qiyməti 1 ayaq üçün orta hesabla 1200-1500 azn arasında dəyişir.

 

 

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir