Flebit nədir?

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
2832
Müəllif
Paylaşılıb
27 Sentyabr 2019

Flebit  – venaların divarlarının iltihablaşması və tədricən dağılması ilə xarakterizə olunur. Xəstəlik kəskin və ya  xroniki formada gedir. Kəskin flebit zamanı zədələnmiş venada güclü ağrı, hərarətin yüksəlməsi və ümumi halsızlıq müşahidə edilir. Xroniki forma simptomsuz gedişi ilə seçilir. O, yalnız kəskinləşmə mərhələsində özünü büruzə verir.

İltihab ayaq, əl venalarında, həmçinin bədənin müxtəlif hissələrində aşkarlana bilər. Lakin flebitə əksər hallarda aşağı ətraf damarlarında rast gəlinir. Bu xəstəliyin ən ağır fəsadı tromboflebit (iltihabla yanaşı trombun formalaşması) sayılır.

Flebit nədir və hansı səbəblərdən əmələ gəlir?

Ayaq venalarında flebitin əsas yaranma səbəbi damar genişlənməsi – varikoz hesab olunur. Bu, flebitin ən çox yayılmış səbəbidir. Ancaq patologiya həm də infeksiyalar (streptokokk mənşəli), damarların mexaniki zədələnməsi (venadaxili inyeksiya, infuziya, qan alma), inyeksiyadan sonra kimyəvi yanıq nəticəsində inkişaf edir.

Flebitin formalaşmasına şərait yaradan digər amillərə aşağıdakılar aiddir:

  • bədən çəkisinin normadan xeyli artıq olması;
  • ətrafların sıxılması və ya uzunmüddətli hərəkətsizliyi;
  • əzilmə və travmalar;
  • doğuşdan sonrakı ağırlaşmalar və s.

Flebit nədir? şəkil 5

Flebit nədir? – xəstəliyin formaları

Venaların zədələnmə dərinliyindən asılı olaraq, səthi və dərin flebit ayırd edilir. Bundan əlavə iltihabi prosesin damarın hansı divarında yerləşməsinə əsasən 3 forma qeydə alınır:

Endoflebit – iltihabi dəyişikliklər damarın daxili divarında baş verir. Bu forma əsasən uzunmüddətli kateterizasiya zamanı venanın zədələnməsi ilə əlaqədar meydana çıxır.

Periflebit – xəstəlik venanın xarici divarında aşkarlanır. Qonşu orqanlardan iltihabın yayılması ilə bağlı olur.

Panflebit – damarın bütün qatları zədələnir.

Flebit nədir? – əlamətləri

Səthi flebit zamanı yerli iltihab əlamətləri ön plana keçir. Zədələnmiş nahiyədə ağrı və bərkimə müəyyən edilir. Bu hissənin dərisi qızarır, yerli hərarət qeyd olunur. Bəzən xəstələrdə ümumi vəziyyətin pozulması, əzginlik, zəiflik müşahidə edilir.

Dərin flebitlərdə ilkin əlamət kimi qızdırma meydana çıxır. Bu fonda ağrı və kəskin ödem formalaşır. Dəridə qızartı olmur, əksinə mərmər kimi ağımtıl çalar nəzərə çarpır.

Ağır hallarda pasiyentlər baş ağrıları, başgicəllənmə, qusma, arterial təzyiqin yüksəlməsindən şikayətlənirlər. Müalicənin gecikdirilməsi qaraciyər və ya böyrək çatışmazlığı ilə nəticələnə bilər.

Flebit nədir? şəkil 2

Flebit nədir? – diaqnostikası

Xəstəliyin diaqnostikası və müalicəsi ilə damar həkimifleboloq məşğul olur. Bu məqsədlə zədələnmiş damarların Rəngli Doppler müayinəsi aparılır. Venalarda gedən dəyişikliklər aşkara çıxarılır.

Flebit necə müalicə olunur?

İlk növbədə xəstəyə yataq rejimi təyin edilir. Ayaq hündür vəziyyətdə fiksasiya olunur. Başlanğıcda antikoaqulyantlar (qan durulaşdırıcılar), iltihab və virus əleyhinə preparatlar, antibiotiklər, ağrıkəsicilər məsləhət görülür. İltihabi proses aradan qalxdıqdan sonra isə pasiyent fizioterapiyaya yönəldilir.

Ağırlaşmaların aşkarlandığı vaxtlarda (məsələn, tromboz zamanı) cərrahi müalicə göstəriş sayılır.

Flebitin profilaktikası

Flebitin inkişafına yol verməmək üçün infeksion və iltihabi xəstəliklər vaxtında müalicə olunmalı, venadaxili inyeksiyaların yerinə yetirilmə texnikasına ciddi əməl edilməlidir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir