Troksevazin maz
Varikoz xəstələrinin istifadə etdikləri dərman vasitələri arasında Troksevazin maz münasib qiymət və effektivliyi ilə seçilir. Onun əsas tərkib hissəsi trokserutindir. Bu təbii komponent kapilyarların divarını möhkəmləndirir, iltihab və ödem əleyhinə təsir göstərir.
Trokserutin öyrəşmə yaratmır və mənfi təsirlərə səbəb olmur. Preparat venalara tonuslandırıcı təsir göstərdiyindən varikoz xəstəliyindən əziyyət çəkən, eləcə də ayaqüstü işlə məşğul olan insanlar üçün faydalıdır.
Troksevazin maz hansı hallarda istifadə edilir?
Damar genişlənməsinin əlamətləri ilə qarşılaşdıqda Troksevazin maz xəstəliyin təzahürlərini bir qədər yüngülləşdirmək mümkündür.
- ayaqlarda şişkinlik və yorğunluq;
- gecə qıcolmaları;
- venoz divarın zəifliyi;
- zədələnmiş venada iltihabi proseslərin olması;
- dəri örtüyünün ləkə şəklində tündləşməsi;
- ayaqlarda ağrı və diskomfort;
- aşağı ətraflarda qaşınma, göynəmə hissi.
Sadalanan simptomlar adətən venoz sistemdə qan dövranının pozulması nəticəsində iltihabi proses fonunda meydana çıxır. Həmçinin iltihaba vena qapaqlarının fəaliyyətinin pozulması səbəb ola bilər. Hər bir halda yadda saxlamaq lazımdır ki, Troksevazin maz varikozu törədən amili aradan qaldırmır. Bu preparat istifadə olunduğu müdətdə sadəcə xəstəliyin əlamətlərini müvəqqəti şəkildə azaldır.
Troksevazin maz necə istifadə olunur?
Maz gündə 2 dəfə yüngül masaj hərəkətləri ilə damar genişlənməsi olan nahiyəyə sürtülür. Bu zaman dəridə krem və ya digər kosmetik vasitələr olmamalıdır. Troksevazin təmiz və quru dəriyə çəkilməlidir. Preparatın təsirini gücləndirmək üçün damar corabları geyinmək və ya ayaqları bintlə sarımaq məsləhət görülür. Müalicə kursu 6-7 həftədən çox olmamalıdır. Təkrar istifadə üçün ən azı 6 ay vaxt keçməlidir.
Troksevazin maz varikoz xəstəliyində necə təsir göstərir?
- damar divarını möhkəmlətməklə, onları zədələnmələrdən qoruyur;
- venaların tonusunu normaya saldığından durğunluq halları və tromblaşma ehtimalı azalır;
- kapilyarlarda mübadilə proseslərini bərpa edir, bunun sayəsində venaların quruluşu normallaşır;
- ayaqlardakı ödemi aradan qaldırır, venaların iltihabını azaldır, qan dövranını yaxşılaşdırır;
- ağrı hissini zəiflədir, qıcolmaların qarşısını alır.
Troksevazin maz nə kimi üstünlüklərə malikdir?
Preparat dəridən tez sorulduğundan təsiri qısa müddət ərzində bilinir. Maz təhlükəsizdir, yan təsirləri demək olar ki, yoxdur. Qiyməti sərfəlidir – 40 qramlıq qablaşmada buraxılan mazın qiyməti apteklərdə 2,5-3,5 AZN arasında dəyişir.
Lakin varikoz xəstəliyində onu müstəqil şəkildə tətbiq etmək olmaz. Çünki preparat sadəcə səthi təsir göstərir. Həm də Troksevazin maz trofik yaralarda istifadə edilə bilməz.
Sonda qeyd etmək lazımdır ki, damarlardakı durğunluq ciddi fəsadlara gətirib çıxara bilər. Belə vəziyyətlərdə qan dövranı pozulur, varikoz proqressivləşir. Yaranan pozğunluqlar gələcəkdə tromboflebit ilə sonlana bilər. Bu səbəbdən damar genişlənməsinin ilkin dövrlərdə fleboloqa müraciət lazımdır ki, xəstəlik həyat üçün təhlükəli hallarla ağırlaşmasın.
Həkim Doppler müayinəsində venaların vəziyyətini qiymətləndirməklə, genişlənmiş damarları Skleroterapiya və ya Lazer üsulu ilə aradan qaldırır. Bu yolla varikoz xəstəliyi kökündən həll olunduğundan onun törətdiyi narahatlıqlar – ağrı, şişkinlik, qaşınma, yanğı hissi də birdəfəlik itir.