Ayaq ağrılarının səbəbi
Ayaqlar gün ərzində daha çox yüklənməyə məruz qaldığından axşama yaxın aşağı ətraflarda ağrı və şişkinlik yaranır. Ayaqüstü işlə məşğul olan şəxslərdə bu narahatlıqlar daha qabarıq formada təzahür edir.
Ağrıların gücü və davametmə müddəti müxtəlif olur. Bəzi insanlarda 1 neçə dəqiqə ərzində öz-özünə keçib gedən yüngül keyimə hissi, digərlərində isə əzabverici ağrılar və ya qıcolmalar meydana çıxır.
Ayaq ağrılarının səbəbini üzə çıxarmaq üçün mütləq həkimə müraciət etmək lazımdır.
Ayaq ağrılarının səbəbi: təcili yardım tələb edən hallar
- Ağrı ilə əlaqədar yerimək, hətta tərpənmək mümkün olmadıqda;
- Açıq sınıq və ya dərin kəsiklər müşahidə edildikdə;
- Eyni zamanda bir neçə əlamət – ağrı, qızartı, şişkinlik, ayaqda istilik əmələ gəldikdə.
Ayaq ağrılarının səbəbi: Həkim baxışının zəruriliyi
- Ayaqda infeksiya əlamətləri: qızartı, yerli hərarət, bədən temperaturunun yüksəlməsi aşkarlandıqda;
- Ayaq şişdikdə, dəridə avazıma və soyuma olduqda;
- Avtobus və ya təyyarə ilə uzunmüddətli səyahətdən sonra baldır nahiyəsində güclü ağrı yarandıqda;
- Hər 2 ayağın şişkinliyi tənəffüsün çətinləşməsi ilə müşayiət edildikdə.
Əgər Sizdə yuxarıda sadalanan əlamətlər yoxdursa, o zaman narahat olmağa dəyməz. Belə vəziyyətlərdə diskomfort hissini aradan qaldırmaq asandır.
Ayaq ağrılarını yüngülləşdirmək üçün bu an nə etməli?
Ayaqlarınıza sakitlik verin
Uzanın və ayaqlarınızın altına balış qoyub, onları ürək səviyyəsindən bir qədər hündürə qaldırın. Bu yolla venoz qan axını yaxşılaşır, əzələlər boşalır, şişkinlik azalır.
Soyuq kompress edin
Ağrının başlandığı hissəyə buzlu kompress qoyub, 15-20 dəqiqə saxlayın. Ehtiyac yarandıqda gün ərzində 3 dəfəyə qədər təkrarlayın.
Reseptsiz satılan ağrıkəsici dərmanlar qəbul edin
İbuprofen və natrium-naproksen tərkibli preparatlar effektiv vasitə kimi özlərini sübut etmişdir.
Masaj edin
Ayaq ağrılarının səbəbi fiziki yüklənmə – uzunmüddətli yerimə və ya qaçış olduqda masaj müsbət nəticə verir.
Ayaq ağrılarının səbəbi nədir?
Ayaq ağrılarının səbəbi müxtəlif vəziyyətlərlə bağlı ola bilər. Onlardan ən çox rast gəlinənləri aşağıdakılardır:
Mikrotravma
İnsanların əksəriyyəti ayaq büdrəməsinə bir o qədər də əhəmiyyət vermirlər. Lakin belə hallarda aşağı ətraflardakı bağlar gərilə, bəzən hətta qırıla bilər. Bu tip travmalar ölümcül sayılmır. Çox vaxt öz-özünə sağalır. Sadəcə müəyyən zaman ərzində (dəqiqə, saat) narahatlıqlar yaranır.
Şəkərli diabet
Xəstəlik periferik sinirlərin zədələnməsinə gətirib çıxardığından diabetdən əziyyət çəkən insanlarda baldır, pəncə nahiyəsində keyimə, ağrı, qarışqanın yeriməsi kimi diskomfort meydana çıxır. Bu cür əlamətlər daha çox yuxu saatlarında formalaşır.
Baldır əzələlərində qıcolma və xoşagəlməz hisslər tez-tez təkrarlandıqda, qanda şəkərin səviyyəsi yoxlanılmalı və endokrinoloqla əlaqə saxlanılmalıdır.
Ayaq ağrılarının səbəbi: hamiləlik
Hamilə qadınların bir çoxunda mineral maddələrin mübadiləsi pozulduğundan ayaqlarda ağrılı qıcolmalar əmələ gəlir. Kalium, kalsium, maqnezium və ya B6 vitaminin çatışmazlığı qıcolmalara təkan verir. Hamiləlik dövründə bu cür şikayətlərlə qarşılaşan ginekoloqlar zəruri vitamin-mineral kompleksi təyin edirlər.
Osteoporoz
Baldırda ağrı və qıcolmalar kalsium defisitinin ən çox müşahidə olunan əlamətidir. Belə vəziyyətlərdə analiz vermədən özbaşına kalsium preparatları qəbul etmək olmaz.
Ayaq ağrılarının səbəbi: damar genişlənməsi
Ayaq venalarının varikoz xəstəliyində damarların daxilindəki qapaq aparatı zədələnir. Qan axını pozulduğundan venaların ölçüləri böyüyür, ağrı və şişkinlik yaranır. Bu problem aradan qaldırmaq üçün damar həkimi – fleboloqa müraciət etmək lazımdır.
Mialgiya
Dartılan və ya pulsasiya edici xarakterli əzələ ağrıları soyuq və rütubətli havada, eləcə də fiziki yüklənmələr zamanı güclənə bilər. Mialgiyadan şübhələndikdə nevropatoloqun qəbuluna yazılmaq gərəkdir. Diaqnoz təsdiqləndikdə həkim iltihabəleyhinə preparatlar və ağrıkəsici gel (maz) təyin edir.
Yastıpəncəlik
Bu patologiyanı adi gözlə də aşkar etmək mümkündür. Yastıpəncəlik zamanı baldır və pəncədə sızıltılı ağrılar, gəzərkən tez yorulma müşahidə edilir. Belə vəziyyətlərin müalicəsi ilə ortoped məşğul olur.
Ayaq ağrılarının səbəbi: bel-oma osteoxondrozu
Bu xəstəlik sağrı nahiyəsindən başlayaraq, dabana qədər yayılan kəskin ağrılarla özünü büruzə verir. Ağrı əsasən ayağın arxa və ya yan səthində yaranır. Belə hallarda nevroloq və ya cərrah-vertebroloqun (onurğa xəstəlikləri üzrə mütəxəssis) konsultasiyası tələb olunur.
Ayaq ağrılarının səbəbi müxtəlif olduğundan onları ev şəraitində özbaşına deyil, yalnız həkimin təyinatlatına əməl etməklə aradan qaldırmaq mümkündür.