Varikoz damar genişlənməsi

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
1999
Müəllif
Paylaşılıb
23 Noyabr 2019

Varikoz – venaların genişlənməsi və düyünlərin yaranması ilə xarakterizə olunur. Statistik məlumatlara əsasən 18 yaşdan yuxarı qadınların 30-40%, kişilərin isə 10-20%-də varikoz müşahidə edilir. Xəstəlik ilkin mərhələlərdə damar ulduzcuqları və aşağı ətraflarda ağırlıq hissi ilə özünü büruzə verir. Varikoz damar genişlənməsi müalicə olunmadıqda flebit, tromboflebit, xroniki venoz çatışmazlığatrofik yaralara gətirib çıxarır.

Varikoz damar genişlənməsi nədən yaranır?

 Venaların genişlənməsinin əsasında müxtəlif faktorlar dayanır. Onların ən çox rast gəlinəni aşağıdakılardır:

  • İrsi meyllik. Ailə üzvlərinin varikozdan əziyyət çəkdiyi insanlarda bu xəstəliyin yaranma ehtimalı xeyli yüksəlir.
  • Hamiləlik. Böyüyən uşaqlığın çanaq venaların sıxması və qanın həcminin artması əksər hallarda damar genişlənməsi ilə nəticələnir.
  • Piylənmə. Varikoz xəstəliyinin inkişaf riski artıran amildir. Belə ki, artıq çəki ayaqların həddindən artıq yüklənməsinə səbəb olur.
  • Həyat tərzi. Uzun müddət oturaq vəziyyətdə və ya ayaq üstə qaldıqda, daimi şəkildə ağır yük qaldırdıqda kapilyarlar, eləcə də venaların divarları get-gedə genişlənir. O cümlədən dikdaban ayaqqabılar, kip korset və şalvarlar xəstəliyin gedişinə mənfi təsir göstərir.
  • Hormonal balansın pozulması. Kontraseptivlər (hamiləlik əleyhinə dərmanlar), osteoporoz və klimaksın əlamətlərinə qarşı istifadə olunan hormonal preparatlar varikozun yayılmasını sürətləndirir.
  • Qidalanmanın xüsusiyyətləri. Qida rasionunda meyvə və çiy tərəvəzlərin azlıq təşkil etməsi varikoz damarların formalaşmasına şərait yaradır.

Varikoz damar genişlənməsi foto 1

Varikoz damar genişlənməsi necə təzahür edir? 

Varikoz xəstəliyinin əlamətləri onun mərhələsindən asılıdır. Başlanğıcda xəstələr ayaqlarda yorğunluq və ağrıdan şikayət edirlər. Qeyd olunan simptomlarla yanaşı qadınları həm də ayaqların xarici görünüşünün pozulması narahat edir.

Zaman keçdikcə ayaqlarda şişkinlik, gecə qıcolmaları, siskin venalar və düyünlər meydana çıxır. Dəri nahamar, quru olur, üzərində ləkələr əmələ gəlir. Müalicə gecikdirildikdə dəyişilmiş nahiyələrdə ekzema inkişaf edir. Onun fonunda əsasən baldırın aşağı 1/3 hissəsində xoralar yaranır.

Varikoz damar genişlənməsi və onun diaqnostikası

Diaqnozun qoyulması heç bir çətinlik törətmir. Həkim-fleboloq pasiyentə əyani baxış keçirdikdən sonra Doppler müayinəsi aparır. Bu prosedurun köməyilə damarların vəziyyətini, venalardakı qan axını qiymətləndirmək mümkün olur.

Varikoz damar genişlənməsi foto 2

Varikoz damar genişlənməsi hansı yolla müalicə olunur?

Varikozlu xəstələrin müalicəsində 3 üsuldan istifadə edilir:

Konservativ terapiya

Bura varikoz əleyhinə preparatlar, damar corabları, ümumi məsləhətlər (hərəki aktivliyin normaya salınması, fiziki gərginliyin azaldılması) daxildir. Lakin konservativ terapiya tam sağalmaya və genişlənmiş venaların bərpasına səbəb olmur. Bu metod adətən profilaktik vasitə kimi və ya varikozun çox erkən mərhələrində tətbiq edilir.

Skleroterapiya

Skleroterapiya genişlənmiş damarlara xüsusi preparatın yeridilməsinə əsaslanır. Damar həkimi şpris vasitəsilə venaya zədələnmiş damarın sorulmasına səbəb olan xüsusi preparat yeridir. Sonra xəstəyə venanı sıxılmış vəziyyətdə saxlayan kompression corab geyindirilir.

Cərrahi müalicə

Dərin venalarda varikoz damar genişlənməsi müəyyən edildikdə əməliyyat göstəriş sayılır. Hazırda Lazer üsulunun köməyilə narkoz və kəsikdən istifadə etmədən varikoz xəstəliyindən azad olunur. Müasir metodlar əməliyyat icra olunduğu gün pasiyentin evə buraxılmasına və gündəlik həyat tərzinə qayıtmasına imkan verir.

Varikoz damar genişlənməsi ilə qarşılaşmamaq üçün nə etmək lazımdır?

Üzgüçülük, velosiped sürmə ilə məşğul olmaq, ayaq üstə çox dayandıqda və hamiləlik dövründə varikoz corablardan istifadə etmək məsləhətdir. Yorğun iş gününün sonunda ayaqları isti-sərin su ilə növbəli şəkildə (4-5 dəfə) yumaq tövsiyə olunur. Uzun müddət oturaq vəziyyətdə qalan şəxslər isə hər 2-3 saatdan bir ayağa qalxıb gəzişməlidir.

Profilaktik tədbirlər arasında ən effektiv üsul ildə 1 dəfə fleboloqun konsultasiyasından keçməkdir. Bu yolla Siz varikozu ilkin dövrlərdə aşkar edərək, onun ağırlaşmasının qarşısını ala bilərsiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir