Ayaqlarda qıcolma

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
5152
Müəllif
Paylaşılıb
06 Sentyabr 2019

Ayaqlarda qıcolma – əzələlərin sərbəst şəkildə, yəni idarə olunmayan yığılmaları ilə xarakterizə edilir. Bu əlamət əsasən baldır əzələlərində müşahidə olunur. Belə hallarda insan dərhal ayağını uzatmaqla kəskin ağrı və keyimədən xilas olmağa çalışır.

Ayaqlarda qıcolmanın səbəbləri

Aşağı ətraflarda qıcolma müxtəlif səbəblərdən yaranır:

  • Orqanizmin susuzlaşması, ağır fiziki yüklənmələr və ya balanslaşdırılmamış qidalanma ilə əlaqədar vitamin-mineral çatışmazlığı. Ayaqlarda qıcolma xüsusən B6 və ya maqnezium defisiti nəticəsində baş verir.
  • Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə insulinin böyük dozada yeridilməsi zamanı hipoqlikemiya inkişaf edə bilər. Bu da əksər hallarda qıcolmalarla nəticələnir.
  • Həddindən artıq yüklənmələr ayaqlarda qıcolma ilə sonlana bilər. İdmanın bütün növlərində, xüsusən futbol, basketbol, üzgüçülük, ağır atletika zamanı aşağı ətraflar əlavə yüklənməyə məruz qalır.
  • Tromboflebitdamar genişlənməsi zamanı ayaqlarda şişkinlik, ağrı ilə yanaşı qıcolma da müşahidə olunur.
  • Ateroskleroz damarların əlavə yüklənməsinə səbəb olur. Xəstəlik irsi amillər, zərərli vərdişlər və qeyri-düzgün qidalanma (heyvan mənşəli yağların çoxlu miqdarda qəbulu) ilə əlaqədar formalaşır. Belə şəxslərdə ayaqlarda keyləşmə, qıcolma meydana çıxır.
  • Ürək-damar xəstəlikləri ümumi qan dövranına təsir göstərdiyindən ayaqlarda ağrı, şişkinlik, qıcolmalar baş verir.
  • Hamiləlik dövründə və ya oral kontraseptivlərdən istifadə etdikdə hormonal fonun dəyişməsi venaların vəziyyətinə mənfi təsir göstərir. Bu da qıcolmalara gətirib çıxarır.
  • Həmçinin mərkəzi sinir sisteminin yüklənməsi qıcolmalarla nəticələnə bilər. Bura stresslər və yuxu pozğunluğunu aid etmək olar. Stress halları uzaqlaşdırıldıqda və gündəlik rejim bərpa olunduqda əlamətlər tez bir zamanda aradan qalxır.

Ayaqlarda qıcolma 1 şəkil

Lakin qıcolma yalnız tromboflebit və ya şəkərli diabet kimi ağır xəstəliklər fonunda yaranmır. Məsələn, cavanlarda qıcolma aşağıdakı səbəblərdən baş verə bilər:

  1. Hündürdaban ayaqqabıdan istifadə etdikdə venalar genişləndiyindən, ayaqlarda ağrı və qıcolma meydana çıxa bilər.
  2. Təhsil müəssisələrində və ya işdə müntəzəm stresslər mərkəzi sinir sisteminin yüklənməsinə və arterial təzyiqin yüksəlməsinə səbəb olur.
  3. Balanslaşdırılmamış qidalanma mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin çatışmazlığına gətirib çıxarır.
  4. Xəstəlik zamanı insanlar çox vaxt özünü müalicə ilə məşğul olurlar. Lakin yadda saxlamaq lazımdır ki, ağrıkəsici və iltihabəleyhinə vasitələrin antibiotiklərlə birgə özbaşına qəbulu ağır fəsadlara təkan verə bilər.

Ayaqlarda qıcolma şəkil 2

Ayaqlarda qıcolmanın müalicəsi

Qıcolma ayda 1 dəfədən çox yaranmırsa, o zaman narahat olmağa dəyməz. Əgər bu əlamət tez-tez təkrarlanarsa, belə hallarda mütləq həkimə müraciət edilməlidir. Qıcolmanın müalicəsi üçün ilk növbədə onun yaranma səbəbi aşkara çıxarılmalıdır. Xəstə müalicəyə nə qədər tez başlayırsa, qıcolmalardan bir o qədər tez azad olmaq mümkündür.

Bəs qicolmalarla hansı həkimə müraciət etmək lazımdır?

Əgər ayaqlarda qıcolma şəkər xəstəliyi ilə bağlı olarsa, pasiyent endokrinoloqun qəbuluna yönəldilir. Qıcolma venaların varikoz genişlənməsi səbəbindən baş verdikdə, müalicə damar həkimifleboloq tərəfindən aparılır. Ayaqlarda qıcolmanın mənşəyi arteriyaların zədələnməsi ilə bağlı olduqda isə damar cərrahına müraciət edilir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir