Ayaqlarda şişkinlik
Ayaqlarda şişkinlik venaların varikoz genişlənməsi, ürək və böyrək, qalxanabənzər, eləcə də böyrəküstü vəzin xəstəliklərində meydana çıxan əlamətdir. Səthi venaların varikoz genişlənmələrində yaranan ödemlər qanın venalarla axınının pozulması ilə bağlıdır. Buna adətən venoz aparatın qapaq çatışmazlığı, damar divarlarının quruluşunun fərdi xüsusiyyətləri və ayaqüstü iş səbəb olur.
Bütün bu sadaladığımız amillər qanın venalarda durğunluğuna, nəticədə isə onun maye hissəsinin ətraf toxumalara sızmasına gətirib çıxarır. Bu sızma ayaqlarda şişkinlik kimi özünü göstərir.
Varikozla bağlı şişkinliyin xarakterik xüsusiyyətləri
- Ödem birtərəfli də ola bilər;
- Ayaqlarda varikoza xas göyümtül-bənövşəyi rəngli damar düyünləri görünür;
- Ödemlər ayaq dərisində quruluq, qaşınma və ağırlıq hissi ilə müşayiət olunur;
- Gecələr ayaqda “damar dartılması” kimi təsvir edilən əzələ qıcolmaları baş verir;
- Dərinin rəngi dəyişir;
- Trofik yara, dermatit inkişaf edə bilər.
Ayaqlarda şişkinlik haqda daha nələri bilməliyik?
Ayaqlarda ödemin səbəblərindən biri də xroniki ürək xəstəlikləridir. Günümüzdə ürək problemləri kifayət qədər aktual olduğundan ödemlər haqqında bir az geniş məlumat verməyə çalışacağıq. Bu yolla Siz varikoz mənşəli şişkinliyi ürəklə əlaqəli ödemlərdən fərqləndirməyi bacaracaqsınız.
Xroniki ürək çatışmazlığı (XÜÇ) zamanı ödemlər miokard infarktı, kardiomiopatiyalar nəticəsində ürəyin yığılma qabiliyyətinin azalması hesabına əmələ gəlir. Ürəyin yığılma funksiyasının zəifləməsi qanın damarlara yaxşı qovulmamasına və durğunluğun inkişafına gətirib çıxarır. Qan durğunluğu daha çox venoz sistemdə – ayaq venalarında baş verir.
Durğunluq zamanı təzyiq azaldıqda damar divarının keçiriciliyi artır və qanın maye hissəsi ətraf toxumalara sızır, ayaqlarda şiş əmələ gəlir.
XÜÇ mənşəli şişkinlik üçün xarakterik cəhətlər:
- Hər iki ayaq simmetrik şəkildə aşağıdan yuxarıya doğru istiqamətdə şişir;
- Ödemə təzyiq etdikdə ayaqda uzun müddət barmaq izi qalır;
- Ödemlər gündüz saatlarında hərəkət etdikdəazalır, axşamlar sakitlik vəziyyətində isə artır;
- Ayaqlarda heç vaxt ağrı olmur;
- Ayaqlar solğun və göyümtül olur;
- Ödemlər zəiflik, fiziki aktivlik və sakitlik dövründə yaranan tənəffüs çatışmazlığı ilə müşayiət olunur.
Ayaqlarda şişkinlik səbəbləri ürəklə bağlı olduqda fiziki iş zamanı təngnəfəslik, boğulma meydana çıxa bilər. Xəstəlik dərinləşdikcə bu əlamətlər sakitlik vəziyyətində də əmələ gəlir.
Qalxanabənzər vəzin xəstəlikləri zamanı qadın cinsiyyət üzvlərinin və böyrəküstü vəzin də fəaliyyəti pozulur. Qadınlarda hormonal fonun dəyişilməsi, kişilərdə isə vəzdə törəmələrin yaranması ayaqda ödemlə müşayiət oluna bilir.
Böyrək xəstəliklərində ayaqlarda şişkinlik üzün ödemi ilə yanaşı gedir. Bu xüsusiyyət onu digər mənşəli ödemlərdən fərqləndirir.
Böyrəküstü vəzi xəstəliklərində ödem eyni zamanda bir neçə orqanın fəaliyyətinin pozulması ilə əlaqədar yarana bilər.
Ümumiyyətlə, XÜÇ, damar genişlənməsi və ya digər xəstəliklər zamanı ödemin yaranması o deməkdir ki, artıq orqanizm özünü “müdafiə” edə bilmir və həkimə müraciət etməyin vaxtıdır. Başqa sözlə desək, ayaqlarda şişkinlik olduqda ona laqeyd yanaşmayın, sağlamlığınızın qeydinə qalın.
ünvan göndererdiniz zehmet olmasa.anamçün
Ünvan: Həsən Əliyev 15, Avrasiya hospital. Əlaqə nömrəsi: 055 228 94 90