Hamiləlikdə varikoz
Damarların varikoz genişlənməsi hamiləlikdə ən çox rast gəlinən patologiyalardan hesab olunur. 2/3 hallarda varikozun əlamətləri birinci hamiləliyin 20-ci həftəsindən sonra meydana çıxır. Damar həkimi – fleboloqların məlumatlarına əsasən qadın cinsindən olan pasiyentlərin 70-90%-i xəstəliyin ilkin simptomlarının məhz hamiləlikdə yarandığını qeyd edirlər.
Hamiləlikdə varikoz hansı səbəblərdən yaranır?
Hamilələrdə varikozun yaranması orqanizmdə gedən bir sıra dəyişikliklərlə bağlıdır:
- Sirkulyasiya edən qanın həcminin artması. Ana orqanizmində qanın həcmi 20-30% artdığından venalar yüklənməyə məruz qalır. Qapaqlar tam bağlanmır, venoz qanın ayaqlardan geriyə qayıdışı pozulur, durğunluq yaranır – varikoz inkişaf edir.
- Hormonal dəyişikliklər. Hamiləlik dövründə yumurtalıqların və ciftin sintez etdiyi hormonlar: progesteron və relaksin damar sisteminə mənfi təsir göstərərək, venaların tonusunun azalmasına, onların kövrəşləşməsinə səbəb olur. Nəticədə damar genişlənməsi meydana çıxır.
- Uşaqlıq tərəfindən damarların sıxılması. Döl inkişaf etdikcə uşaqlıq ona müvafiq şəkildə böyüyür və kiçik çanaq damarlarına təzyiq göstərməyə başlayır. Bununla əlaqədar aşağı ətraflardan qanın ürəyə qayıdışı çətinləşir, vena divarları gərilir və genişlənir.
Hamiləlikdə varikoz kosmetik problem olmaqla yanaşı, həm də bir sıra narahatlıqlar törədir. Erkən mərhələlərdə ayaqlarda xarakterik damar «ulduzcuqları» formalaşır. Baldır və pəncə nahiyəsində axşam saatlarında şişkinlik əmələ gəlir. Aşağı ətraflarda dərinin rəngi dəyişir, piqment ləkələr və ağrı hissi yaranır. Gecə vaxtlarında baldır əzələlərində qıcolmalar baş verir. Xəstəlik proqressivləşdikdə estetik pozğunluqların artması ilə bərabər, varikozun fəsadları: tromboz, tromboflebit, trofik yaranın inkişaf riski yüksəlir.
Hamiləlikdə varikoz zamanı heç bir tədbir görülmədikdə dölün kəskin və xroniki hipoksiyası ilə müşayiət olunan fetoplasentar çatışmazlıq yarana bilər. Pasiyentlərin 25%-də doğuş fəaliyyətinin anomaliyaları (doğuş gücünün zəifliyi, uşaqlıq əzələlərinin yığılma qabiliyyətinin pozulması) müşahidə olunur.
Hamiləlikdə varikoz necə müalicə olunur?
Arzuolunmaz nəticələrdən qorunmaq və varikozun ağırlaşmalarının qarşısını almaq üçün damar genişlənməsinin ilkin əlamətlərinə rast gəlindikdə həkim-fleboloqa müraciət edilməli, onun təyinatlarına ciddi riayət olunmalıdır. Hamiləlikdə adətən damar corabları, bitki tərkibli flebotoniklər və fleboprotektorlar məsləhət görülür. Digər müalicə üsulları (Skleroterapiya, Lazer ablasiya) doğuşdan sonraya saxlanılır.
Bəzən hamiləlik dövrü başa çatdıqda çəki və hormonlar normaya düşərsə, venaların varikoz genişlənməsi aradan qalxır. Lakin belə qadınların damar divarlarında geridönməyən dəyişikliklər meydana çıxdığından və venoz qapaqlar zədələndiyindən növbəti hamiləliklərdə bu problem daha qabarıq şəkil alır.
Hamiləlikdə varikoz əleyhinə profilaktik tədbirlər
Profilaktik məqsədlə əmək və istirahət rejimi düzgün təşkil olunmalı, hündürdaban ayaqqabılardan imtina edilməli, qida rasionundan qanı qatılaşdıran məhsullar tamamən çıxarılmalıdır. Hamiləlikdə gün ərzində 2 saatdan az olmamaqla piyada gəzintilər, damar divarını möhkəmləndirən vitamin preparatları (askorbin turşusu, rutin) varikoz probleminin qarşısını almağa kömək edir. Qadınlara istirahət vaxtlarında ayaqları bədən səviyyəsindən hündürə qaldırmaqla, 30-45 dəqiqə uzanmaq tövsiyə olunur.
Ümumilikdə gələcək analar unutmamalıdır ki, onların öz sağlamlıqlarına ciddi yanaşması hələ doğulmayan körpəyə bəxş edə biləcəkləri ən gözəl qayğıdır.
Salam ayaqlarimda qapliyarlarim partlayir ne edim hamileyem
Salam. Hamiləlik dövründə damar corabı geyinməyiniz məsləhətdir.