Tromboflebit xəstəliyi

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
1610
Müəllif
Paylaşılıb
06 Dekabr 2019

Tromboflebit xəstəliyi – venaların divarında trombun yaranması ilə gedən iltihabi prosesdir. Bu zaman genişlənmiş vena boyunca dərinin sərtləşməsi və qızarması, şiddətli ağrı, şişkinlik, yerli və ümumi hərarətin yüksəlməsi müşahidə edilir. Tromboflebit səthi venalarla yanaşı, dərin venaları da əhatə etdikdə həyati təhlükəli hal – ağciyər arteriyasının tromboemboliyası yarana bilər. Belə hallara yol verməmək üçün xəstəlik haqqında məlumatlı olmaq gərəkdir.

Tromboflebit xəstəliyi nədən yaranır?

Ümumiyyətlə, xəstəlik istənilən nahiyənin venalarında inkişaf edə bilər. Lakin çox zaman patoloji proses aşağı ətraf damarlarında qeydə alınır. Bir qayda olaraq, tromboflebit genişlənmiş səthi venaları zədələyir. Təqribən 10% xəstələrdə prosesə səthi damarlarla bərabər, dərin venalar da qoşulur.

Tromboflebit xəstəliyi adətən aşağıdakı xəstəliklər və vəziyyətlər fonunda meydana çıxır:

  • Varikoz xəstəliyi;
  • İrinli-infeksion proseslər;
  • Posttromboflebitik xəstəlik;
  • Ürək-damar sisteminin xroniki xəstəlikləri;
  • Bəzi qan xəstəlikləri;
  • Abort və cərrahi əməliyyatdan sonrakı vəziyyətlər;
  • Travmalar;
  • Venaların uzunmüddətli kateterizasiyası.

Tromboflebit xəstəliyi foto 2

Tromboflebit xəstəliyi özünü necə büruzə verir?

Xəstəliyin kəskin formasına əsasən baldırın yuxarı 1/3 və budun aşağı 1/3 hissəsindəki venalarda rast gəlinir. Pasiyentlər vena boyunca yayılan və yeridikdə artan kəskin ağrılardan şikayətlənirlər. Onların bədən temperaturu 37,5-38°С-yə qədər yüksələ bilər. Sadalanan əlamətlərlə yanaşı dəridə zolaq şəklində qızartı əmələ gəlir. Tromblaşmış venaya toxunduqda damarda sərtlik və ağrı müəyyən edilir.

Bu mərhələdə müalicə aparılmadıqda proses xroniki formaya keçir. Belə hallara 60% xəstələrdə təsadüf olunur. Xroniki tromboflebit residivlərlə müşayiət edilən uzunmüddətli gedişə malik olur.

Tromboflebit xəstəliyi necə aşkarlanır?

Tromboflebitin əlamətləri trombun yerləşdiyi hissədən, patoloji prosesin yayılma dərəcəsindən asılıdır. Həkim-fleboloq ayağa əyani baxış keçirdikdən sonra Rəngli Doppler müayinəsi aparır. Onun köməyilə trombun yerləşməsi, ölçüləri, venanın mənfəzinin tutulma dərəcəsi barədə məlumat əldə edilir.

Tromboflebit xəstəliyi foto 1

Tromboflebit xəstəliyi hansı yolla müalicə edilir?

Xəstələrə venalarda durğunluğu azaldan iltihabəleyhinə preparatlar və vasitələr (trokserutin, dihidroerqokristin) təyin edilir. Yerli iltihab kəskin olduqda antibiotikoterapiya məsləhət görülür. Zədələnmiş ayaq üçün damar corabları göstəriş hesab olunur.

Erkən mərhələlərdə trombun əridilməsi üçün fibrinolitik təsirli dərmanlardan (ximotripsin, tripsin, urokinaza, streptokinaza, fibrinolizindən) istifadə edilir. İltihabəleyhinə preparatlar, antikoaqulyantlar, flebotoniklər, heparin tərkibli gel və məlhəmlər təyin olunur.

Yayılmış fikirlərin əksinə olaraq, tromboflebitli xəstələrin uzun müddət yataqda uzanmasına gərək yoxdur. Əksinə, əzələlərin yığılması dərin venalarda qan cərəyanını gücləndirərək, trombların yaranma riskini azaldır. Hərəkət zamanı səthi venada trombun fiksasiyası üçün varikoz corabdan istifadə edilməlidir.

Tromboflebit xəstəliyinin profilaktikası

Venalarında tromb aşkarlanan şəxslər daim kompression geyimdən istifadə etməli, qida rasionunda heyvan mənşəli yağları azaltmalı, rutin və C vitamini ilə zəngin qidalara (giləmeyvələr, meyvə, tərəvəzlər) üstünlük verməlidir.

Residiv hallarının qarşısını almaq üçün ildə 2-3 dəfə fleboprotektorların qəbulu təkrarlanmalıdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir