Varikozun fəsadları

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
2302
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Varikoz günümüzün ən çox rastlanan xəstəliklərindən biridir. Bu xəstəlik kifayət qədər ciddi fəsadlar törətsə də, insanlar ona etinasız yanaşırlar. Varikozun fəsadları çoxları üçün hələ də qaranlıq olaraq qalır. Elə isə gəlin aydınlaşdıraq – varikoz hansı səbəblərdən ağırlaşır və onun fəsadları səhhətimiz üçün nə dərəcədə təhlükəlidir?

Əvvəla onu qeyd edək ki, varikoza irsi meyllik insanın yaşadığı bütün dövrlərdə olub. Amma stress, piylənmə, azhərəkətli həyat tərzi, hündürdaban ayaqqabılar, dar paltarlar, hormonal preparatlar son dövrlərin məhsuludur. Bu sadalanan amillər varikozun əmələ gəlməsində və ya ağırlaşmasında mühüm rol oynayır.

Damar genişlənməsi başlanğıcda yüngül əlamətlərlə və estetik diskomfortla özünü göstərir. Bəzi insanlar bu əlamətlərin varikozdan xəbər verdiyini təxmin etmirlər. Bundan başqa, xəstəlik tədricən ağırlaşdığından əksər adamlar buna xüsusi əhəmiyyət vermirlər. Onlar xəstəlik ağırlaşandan və varikozun fəsadları meydana çıxandan sonra həkimə müraciət edirlər.

varikozun fəsadları şəkil

Bəs varikozun fəsadları hansılardır?

Uzun müddət sağalmayan yaralar, xroniki venoz çatışmazlıq, tromboz, tromboflebit, ağciyər arteriyalarının, eləcə də başqa damarların tutulması varikozun fəsadları hesab olunur. Gəlin onların hər birini ayrı-ayrılıqda araşdıraq.

Xroniki venoz çatışmazlıq – ayaq damarlarının genişlənməsi nəticəsində qan durğunluğunun yaranması, yəni toxumaların qanla təchizatının pozulmasıdır. Bu səbəbdən də ayaqlarda şişkinlik və ağrı meydana çıxır. Gecə saatlarında bu ağrılar daha da güclənir. Tez-tez qıcolmalar baş verir.

Xroniki venoz çatışmazlıq son nəticədə trofik yaralara gətirib çıxarır. O, tromboflebitin inkişafına da şərait yaradır.

Bəs trofik xora nədir? Toxumaların qidalı maddələr və oksigenlə təminatının, həmçinin toksiki maddələrdən təmizlənməsinin pozulması, davamlı qaşınmalar sağalmayan yaraların əmələ gəlməsinə səbəb olur. Varikoz xəstəliyində belə yaralar adətən, baldırda formalaşır.

Tromboflebit – çox ciddi, həyati təhlükəli ağırlaşmadır. Belə ki, genişlənmiş varikoz venalarda qan durğunluğu nəticəsində tromb əmələ gəlir və yanaşı olaraq, venaların özü də iltihablaşır.

Tromboflebit zamanı iltihablaşmış venanın yerləşdiyi nahiyədə dəri qızarır, ağrı yaranır və yerli hərarət yüksəlir. Çox vaxt sadalanan əlamətlər daxildə gedən problemlə müqayisədə zəif olur. Bu da “qorxmağa dəyməz” kimi yanlış təəssürat yaradır.

Venaların trombozu varikozun fəsadları içərisində kifayət qədər ciddi problemlərdən biridir. O, insanı ölümlə üz-üzə qoyur. Tromb damarın mənfəzini tutaraq onsuz da mövcud olan qan durğunluğunu bir az da dərinləşdirir.

Bundan başqa, qan laxtası damar divarından qoparaq, ürək, beyin, ağciyər və başqa orqanların qan dövranını poza, bu isə infarkt, insult, hətta ani ölümlə nəticələnə bilər.

varikozun fəsadları şəkil

Varikozun fəsadları ilə mübarizə 

Yuxarıda qeyd olunan ağırlaşmalarla üzləşməmək üçün vaxtında damar həkimi ilə məsləhətləşmək lazımdır. Yalnız bu yolla varikozun ağırlaşmasının qarşısını almaq, trombun əmələ gəlməsini dayandırmaq mümkündür.

Həkimə gec müraciət olunduqda və ya dərman müalicəsi arzuolunan nəticəni vermədikdə varikoz əməliyyatı icra olunur. Amma əməliyyat sözü Sizi qorxutmasın. Müasir dövrdə varikozun kəsiksiz və narkozsuz müalicəsi uğurla tətbiq olunur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir