Skleroterapiya

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
2724
Müəllif
Paylaşılıb
21 Avqust 2019

Skleroterapiya nədir? Skleroterapiya varikoz xəstəliyinin müasir və əməliyyatsız müalicə üsuludur. Prosedur damar genişlənməsi zamanı ayaqlardakı kapilyar torları və «ulduzcuqlardan» azaq olmağa kömək edir. Skleroterapiya damarların sağlam hissələrinə toxunmadan zədələnmiş vena və kapilyarları aradan qaldırmağa imkan verir. 

Varikozun bu müalicə üsulu nazik iynə vasitəsilə genişlənmiş damarlara xüsusi preparatın (sklerozant) yeridilməsinə əsaslanır. Həmin maddə venanın divarlarını bir-birinə yapışdıraraq, oradakı qan cərəyanını dayandırır – damarı «görünməz» edir. Sklerozant isə öz növbəsində pasiyentin sağlamlığına heç bir zərər törətmədən tədricən sorulur. 

Skleroterapiya aşağıdakı üstünlüklərə malikdir: 

  • Təhlükəsizlik və minimal travmatizm
  • Mükəmməl estetik nəticə – müalicədən sonra heç bir çapıq və izlərin qalmaması
  • Prosedurun ambulator şəraitdə aparılması və hospitalizasiyaya ehtiyacın olmaması
  • Pasiyentin klinikanı tərk etdikdən sonra adi həyat tərzinə qayıtması
  • Müalicənin ilin istənilən fəslində həyata keçirilməsi

skleroterapiya foto

Skleroterapiyanın aparılma qaydası

Pasiyent rahat vəziyyətdə uzandırılır. Damar həkimi – fleboloq dəridə heç bir kəsik aparmadan genişlənmiş kapilyar və ya venaya xüsusi maddə yeridir. Prosedur 10-15 dəqiqə davam edir. Seansların sayı damarların vəziyyətindən asılı olaraq, fərdi qaydada təyin edilir. Skleroterapiya fərqli nahiyələrdə hər gün, eyni hissədə isə 4-5 gün fasilə ilə aparıla bilər. Bir gəlişdə orta hesabla 6-20 iynə vurulur. 

Əksər pasiyentlərdə preparatın yeridildiyi nahiyələrdə göyərmə və ya bərkimə yarana bilər. Lakin buna görə əsla narahat olmağa dəyməz. Onlar adətən bir neçə gün və ya həftə ərzində heç bir iz buraxmadan öz-özünə keçib gedir. 

Skleroterapiyadan sonra nələrə riayət etmək lazımdır?

  • Klinikadan ayrıldıqdan sonra 10-30 dəqiqə yerimək
  • Minimum 3-5 gün müddətində kompression corab geyinmək
  • 2 həftə isti vanna və hamamdan imtina etmək
  • İlk 3 gün aerobika və fitneslə məşğul olmamaq

skleroterapiya foto

Skleroterapiyadan 2 həftə əvvəl aspirin, trental, ibuprofen və digər iltihabəleyhinə preparatların qəbulunu dayandırmaq məsləhət görülür. Bu da həmin preparatların göyərmələrin yaranma riskini əhəmiyyətli dərəcədə yüksəltməsi ilə bağlıdır. 

Skleroterapiya prosesində çox nazik iynələrdən istifadə olunduğundan prosedur ağrısız gedir. Lakin həssas insanlarda müalicə bir qədər ağrılı ola bilər. 

 

Sonda məlumat üçün qeyd edək ki, Bakıda yerləşən müxtəlif tibb müəssisələrində Skleroterapiya qiyməti orta hesabla 100-200 azn arasında dəyişir.

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir