Varikoz damarların təbii yolla müalicəsi
Varikoz damarların törətdiyi narahatlıqlara ayaqda ağrı, yorğunluq və şişkinlik aiddir. Bu hisslərdən xilas olmaq üçün insanlar çox zaman xalq təbabəti üsullarından istifadə edirlər.
Varikoz damarların təbii yolla müalicəsi – ən effektiv reseptlər
Varikoz – damar divarının nazilməsi ilə xarakterizə olunur. Hələ qədim dövrlərdən məlumdur ki, at şabalıdı venaların divarlarını möhkəmlədən maddələrlə zəngindir. Bundan əlavə şabalıd əsasında hazırlanan dəmləmələr, maz və kremlər bütün orqanizmdə qan dövranını yaxşılaşdırır. Ona görə də varikozun evdə müalicəsində bu bitki müxtəlif formalarda tətbiq olunur:
- At şabaladının qurudulmuş yarpaqları və güllərindən dəmləmələr. 4-5 xörək qaşığı tozun üzərinə 1 litr qaynar su tökün. Məhlulu su hamamında qarışdıraraq, 30 dəqiqə saxlayın. Soyutduqdan sonra ½ stəkan olmaqla, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
- Kompresslər. Bu zaman bitkinin köhnə deyil, təzə yarpaq və güllərini xırda-xırda doğrayın. Qaynar suda qarışdırın. Bir qədər gözlədikdən sonra tənzifi məhlulda isladıb, ayağınızı kompress edin.
- Krem. At şabalıdını zeytun və ya günəbaxan yağı ilə qarışdırın. Alınan məhlulu su hamamında qızdırın. Soyuduqdan sonra üzərinə heyvan mənşəli yağ əlavə edib, gündə 2-3 dəfə damar genişlənməsi olan nahiyəyə çəkin.
Varikoz damarların təbii yolla müalicəsi – kalanxoe
Bu gül venaları tonuslandırıcı xüsusiyyətə malikdir. Onun yarpaqlarını doğrayıb, üzərinə su ilə qarışıdırılmış araq və ya spirt əlavə edin. Məhlulu bankada 2 həftə saxlayın. Hazır olduqdan sonra ayağınıza çəkin.
Varikoz damarların təbii yolla müalicəsi: bal və sarımsaq
Bal orqanizm üçün zəruri olan maddə və vitaminlərlə zəngindir. Sarımsaq isə qanın durulaşmasında iştirak edir. Bal və sarımsağın birgə kombinasiyası güclü angioprotektor, eləcə də venotonik təsir göstərir. Bu 2 məhsuldan varikoza qarşı vasitə hazırlanılır: sarımsağı xırda doğrayın. Üzərinə duru bal tökün. 7-8 saat gözlədikdən sonra gündə 1-2 çay qaşığı həcmində daxilə qəbul edin.
Varikoz damarların təbii yolla müalicəsi: qoz
Qoz qan dövranını stimulə edir, venaların iltihabını aradan qaldırır. Bu məqsədlə qozu sürtkəcdən keçirin. Sonra ondan 1/3 çay qaşığı götürüb, üzərinə 1 stəkan qaynar su tökün. Otaq temperaturuna qədər soyudun. Növbəti mərhələdə 1 qaşıq balla qarışdırıb, 20 dəqiqə gözləyin. Alınan qarışığı səhər saatlarında acqarına qəbul edin. Burada əsas şərt odur ki, hər dəfə təzə porsiya hazırlansın. Əks halda efir yağları buxarlandığından, müalicəvi içki öz təsirini itirir.
Təbii yolla müalicə üçün digər resept: 200 qram toz haında qozu 1 litr araqla qarışdırın. 10 gün saxlayın. Sonra 3 ay ərzində gündə 3 dəfə olmaqla 20 damcı qəbul edin.
Varikoz damarların təbii yolla müalicəsi: kələm
Ağ kələmin yarpaqlarında külli miqdarda vitamin və mikroelementlər mövcuddur. Varikozun müalicəsi üçün bu tərəvəz kompress şəklində tətbiq edilir.
Kələm yarpağını oxlovla əzin. Sonra onun bir üzünə bitki yağı sürtüb, iltihablaşmış venanın üstünə qoyun. Üzərini bintlə sarıyıb, 1 sutka açmayın. Səhəri gün yarpağı təzələyin. Bu minvalla proseduru 30 dəfə təkrarlayın.
Varikoz damarların təbii yolla müalicəsi: efir yağları
Krem, dəmləmələrlə yanaşı varikoz zamanı gənəgərçək, qara zirə, sarımsaq, kətan yağları da effektivdir.
Onlardan 2 üsulla istifadə olunur:
- Vanna qəbul ediləcək ilıq suya 2-3 müxtəlif yağlardan bir neçə damcı tökün. Hər axşam bu proseduru təkrarlayın.
- Masaj kreminə efir yağı qatıb, zərif hərəkətlərlə topuqdan buda doğru zədələnmiş venaların üzərinə çəkin.
Efir yağları həm damar divarını möhkəmləndirir, həm də ayaqlardakı şişkinliyi aradan qaldırır.
Varikoz damarların təbii yolla müalicəsi: pomidor
Müalicə məqsədilə yalnız kal pomidorlar yararlıdır. Bu tərəvəzi yarıya bölüb, iltihablaşmış venanın üzərinə qoyun. Yanğı hiss edənə qədər saxlayın. Sonra həmin hissəni sərin su ilə yuyun və dərhal pomidorun 2-ci yarısını varikoz olan nahiyəyə qoyun. Bu proseduru 4 dəfə təkrarlayın. Hər gün istifadə etdikdə 3 həftə ərzində venoz düyünlərin solğunlaşması və yumşalmasını əldə etmək mümkündür.
Lakin onu da vurğulamaq lazımdır ki, yerli istifadə üçün nəzərdə tutulan dəmləmə, kompress, krem və s. vasitələri dəridə iltihabi elementlər olduqda istifadə etmək qadağandır. Çünki bu, vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər. Bununla yanaşı arıçılıq məhsullarına qarşı allergiyası olan şəxslər bal əsaslı üsullardan imtina etməlidir. Varikoz damarların təbii yolla müalicəsi ayaqda yorğunluq və ağırlıq hissini müvəqqəti kəssə də, proses daxildə öz inkişafını davam etdirir.
Bu səbəbdən xalq təbabəti üsullarına ümid bəsləmək olmaz. Çünki varikoz sürətlə inkişaf edərək, müxtəlif fəsadlarla (dərin venaların trombozu, trofik yara) sonlana bilər. Bu kimi hallara yol verməmək üçün damar həkiminə müraciət etmək lazımdır. Fleboloq Doppler müayinəsi aparmaqla, səthi, eləcə də dərin venaların vəziyyətini dəyərləndirir. Tibbdə isbat olunmuş üsullarla (Skleroterapiya, Lazer ablasiya) genişlənmiş damarı müalicə edir.