Ayaqlarda yorğunluq

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
6127
Müəllif
Paylaşılıb
29 May 2020

Ayaqlarda yorğunluq – insanın gündəlik həyatına maneə törədən xoşagəlməz əlamətdir. Onun bir çox səbəbləri vardır: 

  • Hündürdaban və dar ayaqqabı. Belə hallarda aşağı ətraf həddindən artıq yüklənir, qan dövranı pozulur, durğunluq yaranır. Nəticədə ayaqlarda damar genişlənməsi əmələ gəlir. 
  • Ayaqüstü iş, ağırlıq qaldırma. Fiziki yüklənmə əzələləri gərginləşdirərək, ağrı törədir. Gün sonunda aşağı ətraflarda ağırlıq, yorğunluq və şişkinlik yaranır. 
  • Oturaq iş. Günün çoxunu masa və yaxud sükan arxasında keçirən insanların qan və limfa sistemində durğunluq baş verir. Bu isə ayaqlarda yorğunluq və ağrı hissi ilə müşayiət olunur. O cümlədən ayaqların bir-birinin üzərinə aşırılması yorğunluq əmələ gətirir.
  • Qeyri-düzgün həyat tərzi. Siqaret çəkən, kofeindən istifadə edən, eləcə də xolesterinin yüksək səviyyədə olduğu insanlar ayaqlarda zəiflikdən şikayətlənirlər.  

ayaqlarda yorğunluq nədən olur?

Ayaqlarda yorğunluq və varikoz

Rutin səbəblərdən savayı, ayaqlarda yorğunluq ciddi xəstəliklərin əlaməti ola bilər. Onlar arasında varikoz daha geniş yayılmışdır. Yorğunluq damar genişlənməsinin ilkin simptomlarındandır. Adi yorğunluğu varikozdan fərqləndirmək üçün yanaşı əlamətlərə fikir vermək lazımdır.

Varikoz xəstələrində aşağı ətraflarda yorğunluqla yanaşı, ağrı, yanğı hissi, qaşınma da olur. Ən əsası belə pasiyentlərin ayaqlarında kapilyar torları, varikoz düyünlər, ağır vəziyyətlərdə trofiki yaralar müşahidə edilir. 

Varikozun yaranma səbəbləri müxtəlifdir. Onun əsasında venoz qapaqların fəaliyyətinin pozulması dayanır. Nəticədə qan ayaqlardan ürəyə doğru irəliləyə bilmədiyindən aşağı ətraf damarlarında toplanır. Bu isə venaların genişlənməsi, uzanması və qıvrılması ilə sonlanır.  

Bir qrup xəstələrin ayaqlarında qəhvəyi ləkələr əmələ gəlir. Piqmentasiya damarda qan dövranının pozulmasından xəbər verir. Varikozun digər təzahürlərindən biri də gecə qıcolmalarıdır. Pasiyentlər gecə saatlarında baldır əzələlərində yaranan qıcolmadan şikayətlənirlər. Bu əlamət insana diskomfort törədir, yuxunu pozur. 

Venaların düyün formasında qabarması damar həkiminin müayinəsi üçün ciddi səbəbdir. Onun daxilində trombun olmasını təsdiqləmək üçün Rəngli Doppler ən dəqiq üsuldur. Müayinənin nəticələrinə əsasən dərman müalicəsi və yaxud lazer üsulu ilə əməliyyat təyin edilir.  

ayaqlarda yorğunluq və yanğı

Hansı hallarda ayaqlarda yorğunluq müalicə tələb edir? 

Əgər yüngül fiziki gərginlikdən sonra ayaqlarda yorğunluq yaranırsa və bu əlamət şişkinlik, ağrı, qaşınma, genişlənmiş damarlarla müşayiət olunursa, mütləq fleboloqa – damar həkiminə müraciət edin. 

Bəzi insanlar varikozu sadəcə kosmetik qüsur sayaraq, ona laqeyd yanaşırlar. Əslində isə varikoz damarlar ayaqların görünüşünü pozmaqdan əlavə, daha ağır fəsadlar: tromblaşma, trofiki xora və s. törədə bilər. Bu səbəbdən həyatınızı heç bir zaman riskə atmayın, xəstəliyinizi vaxtında aradan qaldırın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir