Varikozun yaranma səbəbləri
Varikoza adətən 30 yaşdan sonra rast gəlinir. Bu xəstəlik vena divarlarının gərilməsi, damar ulduzcuqları və düyünlər ilə xarakterizə olunur. Ağır hallarda pasiyentlərdə trofiki yaralar müşahidə edilir.
Bəs varikozun yaranma səbəbləri hansılardır? Varikoz əslində polietioloji xəstəlikdir, yəni onun inkişafında müxtəlif amillər rol oynayır.
Varikozun başlıca yaranma səbəbləri – hamiləlik
Hamilələr varikoz problemi ilə tez-tez qarşılaşırlar. Belə ki, uşağı zəruri qida maddələri və oksigenlə təmin etmək üçün ana orqanizmində dövran edən qanın həcmi 20-30% artır. Nəticədə venoz sistem yüklənməyə məruz qalır.
Bundan əlavə böyüyən uşaqlıq kiçik çanaqdakı damarları sıxaraq, venoz axını çətinləşdirir. Həmçinin hamiləliyin sonlarında progesteronun («hamiləlik hormonu») konsentrasiyası bir neçə dəfə artır. Nəticədə venaların divarları yumşalır və gərilir.
Doğuş anına yaxın estrogen səviyyəsinin xeyli artması ilə əlaqədar damarlar qanla daha çox dolur. Sadalanan yüklənmələrdən vena damarları genişlənir, qapaqlar tam bağlanmadığından qan geriyə axır. Bütün bu proseslər venoz sistemin işini çətinləşdirir, varikoza gətirib çıxarır.
Varikozun yaranma səbəbləri – irsi meyillik
Statistik məlumatlara əsasən varikoz xəstələrinin 25%-dən çoxunun yaxın qohumları damar genişlənməsindən əziyyət çəkir. Bu, birləşdirici toxumanın irsi defekti ilə izah olunur. Yəni bir çox xəstəliklər kimi varikoz da irsən ötürülə bilər.
Varikozun yaranma səbəbləri – həyat tərzi
Varikozun əmələ gəlməsində və gedişində gündəlik həyat tərzi mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli ayaqüstü və yaxud əksinə oturaq iş, ağır yük qaldırma ayaq venalarına mənfi təsir göstərir. Bir sıra peşə sahibləri, məsələn aşbaz, müəllim, bərbər, satıcı, cərrah və ofis işçiləri risk qrupuna daxildir.
Varikozun əsas yaranma səbəbləri – piylənmə
Artıq çəkili insanlarda varikoz damarların formalaşması piy toxumasının damarları sıxması ilə izah edilir. Bu təzyiq nəticəsində venoz axın pozulur, qan damarlarda toplanaraq, onların genişlənməsinə səbəb olur.
Varikozun yaranma səbəbləri – qarındaxili təzyiqin artması
Venaların diametri tənəffüs fazasına uyğun olaraq dəyişir: nəfəsalma anında venalar daralır, nəfəs verdikdə isə genişlənir. Bundan əlavə, insan gücəndikdə (qəbizlik, öskürək və s. zamanı) qarındaxili təzyiq artır, qan axını pozulur, venalar genişlənir. Belə vəziyyətlərdə damar genişlənməsi təkcə ayaqlarda deyil, rektal zonada (babasil), toxum ciyəsində (varikosele) da müşahidə edilir.
Eləcə də qasıq büküşlərini sıxan dar geyimlər, qarındaxili təzyiqi artıran korsetlər varikoz xəstəliyinin gedişini ağırlaşdırır.
Varikozun yaranma səbəbləri – yaş faktoru
Yaş artdıqca vena divarları və qapaqlar zəifləyir. Onların elastikliyi azaldığından gərilməyə məruz qalırlar. Bu isə öz növbəsində şişkin venalar ilə nəticələnir.
Varikozun hansı səbəbdən yaranmasından asılı olmayaraq, hazırki dövrdə bu xəstəlik asanlıqla müalicə olunur. Damarın genişlənmə dərəcəsindən asılı olaraq, Skleroterapiya və yaxud lazer üsulu ilə bu problem qısa zamanda aradan qaldırılır.