Ayaq şişməsi

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
4388
Müəllif
Paylaşılıb
21 May 2020

Ayaq şişməsi yetkin şəxslərdə istənilən yaş dövründə yarana bilər. Şişkinlik əzələ toxumasının hüceyrəarası sahəsinə yüklənmənin artması və orqanizmin artıq mayeni xaric etmə qabiliyyətinin pozulması ilə bağlıdır. Sağlam insanlarda ayaq şişməsi aşağıdakı faktorların təsirindən baş verir:

  • Uzun müddət eyni vəziyyətdə qaldıqda. Risk qrupuna bir sıra peşə sahibləri: müəllim, satıcı, bərbər, sürücü, ofis işçiləri daxildir. 
  • Fiziki yüklənmələr (peşəkar idmanla məşğul olmaq, travmalar) 
  • Hündürdaban ayaqqabı geyinmək
  • Hamiləlik dövründə maddələr mübadiləsinin pozulması
  • Artıq çəki.

Bu amillərdən savayı ayaqlarda şişkinlik həm də müəyyən xəstəliklərdən xəbər verə bilər. 

Ayaq şişməsinə nə etməli?

Varikozla əlaqədar ayaq şişməsi  

Varikoz damar genişlənməsi – aşağı ətraflardakı şişkinliyin ən geniş yayılmış səbəbidir. Bu zaman venaların divarları gərilir, diametrləri artır, funksiyaları pozulur. Nəticədə ayaqda qan durğunlaşır. 

Varikoz xəstəliyinin əsasında irsi meyllik, az hərəkətli həyat tərzi, ayaqüstü iş, artıq çəki, hamiləlik faktoru dayanır. Onun xarakterik əlamətlərinə damar ulduzcuqları, şişkin venalar, ayaqlarda ağrı və şişkinlik aiddir. İlkin mərhələlərdə genişlənmiş damarlar Skleroterapiya və yaxud Kriolazer üsulları ilə aradan qaldırılır. Gecikmiş dövrlərdə isə cərrahi müdaxilə tələb olunur.

Ürək xəstəlikləri fonunda ayaq şişməsi

Aşağı ətraflarda şişkinlik ürək çatışmazlığı ilə də bağlı ola bilər. Ürəyin yığılma qabiliyyəti pozulduqda bədəndə maye normal şəkildə dövran edə bilmədiyindən qarnın aşağı hissəsində və ya ayaqlarda toplanılır. Zaman keçdikcə şişkinlik bədənin digər hissələrinə yayılır. Ayaqlardakı ödemin ürəklə əlaqəsinə işarə edən əlamətlərə hər 2 aşağı ətrafın simmetrik şişməsi aiddir. Bundan əlavə xəstələrdə taxikardiya, təngnəfəslik, tez yorulma müşahidə edilir.  

Ayaq şişməsinin müalicəsi

Böyrək patologiyalarında ayaq şişməsi

Böyrək xəstəlikləri ödemlə müşayiət olunur. Bu tip şişkinliklərin xarakterik cəhəti onların yalnız ayaqlarda deyil, üz, qarın və əllərdə də yaranmasıdır. Həmçinin xəstələrdə sidik ifrazı ilə problemlər meydana çıxır.  

Sadalanan əlamətlərə böyrək çatışmazlığı, nefrit, pielonefrit, nefroz və digər uroloji xəstəliklər səbəb olur. Həkimin təyin etdiyi müalicə ilə yanaşı, duzdan imtina etmək və maye qəbulunu azaltmaq lazımdır.  

Qadınlarda ayaq şişməsi

Ayaqda şişkinlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Bu isə hamiləlik dövrü, aybaşı, predmenstrual sindromla əlaqəlidir. Həmçinin hündürdaban ayaqqabılar, eləcə də qadınların sevimli oturuş tərzi  – bir ayağı digərinin üzərinə aşırmaq aşağı ətraflarda mayenin toplanmasına gətirib çıxarır.  

Mütəxəssislər qadınlara hündürdaban ayaqqabılardan az istifadə etməyi, oturaq iş şəraitində çalışarkən arabir qalxıb gəzişməyi məsləhət görürlər.  

Ayaq şişməsinin səbəbləri

Ayaq şişməsinə qarşı nə etməli? 

Şişkinliyin müalicəsi onu törədən səbəbdən asılıdır. Əsas xəstəlik müalicə olunduqda, ayaqlardakı ödem də aradan qalxır. Aşağı ətrafların şişməsi heç bir patologiya ilə bağlı olmadıqda aşağıdakı tövsiyələrə əməl etməyiniz məqsədəuyğundur:  

  • ayaqların yüklənməsini azaltmaq 
  • gimnastika və masajla baldır əzələlərini yüngülləşdirmək
  • damar corabları geyinmək
  • venoz keçiriciliyi yaxşılaşdıran məlhəm və gellərdən (Lioton gel, Troksevazin maz və s.) istifadə etmək.

Digər hallarda ayaq şişməsinin səbəbi aydınlaşdırılmalı və ən qısa zamanda müalicəyə başlanılmalıdır.  

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir