Ayaqlarda istilik hissi

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
45043
Müəllif
Paylaşılıb
02 Oktyabr 2019

Ayaqlarda istilik hissi adətən diz oynağından aşağıda yaranır. Lakin onun bud nahiyəsində də əmələ gəlməsi mümkündür. İstilik hissi fizioloji və ya patoloji olur. Birinci halda istilik həddindən artıq fiziki, psixoemosional yüklənmələrə qarşı reaksiya şəklində meydana çıxır. Belə vəziyyətlərdə insanın ümumi halı norma səviyyəsində qalır. Lakin ayaqlarda yanğı hissi keyimə, ağrı ilə müşayiət olunarsa, o zaman mütləq həkimə müraciət etmək lazımdır. Çünki belə hallar insan həyatı üçün təhlükə törədə bilər.

Ayaqlarda istilik hissi nədən yaranır?

İstilik hissi həm qeyri-düzgün həyat tərzi, həm də müəyyən xəstəliklərlə bağlı olur. Sağlam şəxslərdə ayaqlarda yanğı yorğunluq, narahat ayaqqabı, alkoqol və ya dərman zəhərlənməsi, aclıq, vitamin çatışmazlığı, allergiya fonunda yarana bilər.

Bir sıra hallarda ayaqlarda istilik hissi aşağıdakı xəstəliklərlə əlaqəli olur:

  • şəkərli diabet;
  • damar genişlənməsi – varikoz;
  • ateroskleroz;
  • trombofelbit;
  • böyrəklərin fəaliyyətinin pozulması;
  • infeksion, iltihabi və travmatik xarakterli artrit və artrozlar;
  • yastıpəncəlik;
  • dərinin göbələk mənşəli xəstəlikləri və s.

Ayaqlarda istilik hissi şəkil 1

Ayaqlarda istilik hissinin növləri

İstilik hissi temperaturun cüzi yüksəlməsi ilə başlayır. Belə insanlar adətən sərinləmək məqsədilə üstü açıq yatır və ya aşağı ətraflarını soyuq su ilə tez-tez yuyurlar. Ayaqlarda güclü yanğı olduqda xəstənin yerişi dəyişir, yuxusu pozulur. Əsəbilik, zəiflik, ağrı və ağırlıq hissi formalaşır.

Venaların varikoz genişlənməsi zamanı istiliklə yanaşı dəridə göyərmələr, damar ulduzcuqları və ya kapilyar torları nəzərə çarpır. Şəkərli diabet xəstələrində dəridə quruluq, qaşınma, göynəmə, sidik ifrazının tezləşməsi, iştahın artması müəyyən edilir. Göbələk infeksiyasında dərinin quruluşu və vəziyyəti dəyişir, qabıqlanma, quruluq, güclü qaşınma, iltihabi əlamətlər müşahidə olunur.

Ayaqda istilik hissi necə aradan qaldırılır?

Müalicə taktikası istilik hissini yaradan səbəbdən asılıdır. Yanğı fizioloji amillərlə bağlı olduqda, gündəlik rejimi qaydaya salmaq, düzgün qidalanmaq, rahat ayaqqabıdan istifadə etmək, stress vəziyyətlərindən uzaq durmaq məsləhət görülür. Belə hallarda həkim vitamin-mineral kompleksi, immunomodulyatorlar təyin edə bilər.

Varikoz xəstəliyinin müalicəsində damarların vəziyyətindən asılı olaraq, Skleroterapiya və ya Lazer üsulu ilə əməliyyat təyin edilir.

Revmatik xəstəliklərdə iltihab əleyhinə preparatlar və ağrıkəsicilər qəbul edilir. Xondroprotektorların tətbiqi oynaqdakı qığırdaqların bərpasına yönəldilir. Göstəriş olduqda isə əməliyyat aparılır.

Dəri patologiyalarının müalicəsinin əsasını allergiya əleyhinə dərmanlar və xaricə istifadə olunan hormonal preparatlar təşkil edir.

Ayaqlarda istilik hissi şəkil 3

Ayaqlarda istilik hissinə laqeyd yanaşdıqda nə kimi fəsadlar baş verə bilər?

Varikozun ağırlaşmış mərhələlərində trofiki yara, ekzema, dermatit, tromboflebit kimi fəsadlar inkişaf edir. Göbələk xəstəliyini müalicə etmədikdə infeksiya bütün orqanizmə yayılaraq, daxili orqanları zədələyir. Bu da ölümə səbəb ola bilər. Həmçinin diabet xəstələrində qanda şəkərin kəskin yüksəlməsi həyat üçün təhlükə yaradır.

Ayaqlarda istilik hissinin profilaktikası

Ümumiyyətlə, bütün xəstəliklərin əsas profilaktik tədbirləri sağlamlığa diqqət yetirməkdən başlayır. Bunlara aşağıdakılar aiddir:

  • gigiyena qaydalarına riayət;
  • balanslaşdırılmış qidalanma;
  • aktiv həyat tərzi;
  • zərərli vərdişlərdən imtina;
  • xəstəliklərin vaxtında diaqnostika və müalicəsi.

Həmçinin gündəlik istifadə olunan ayaqqabılar rahat olmalı, təbii materialdan hazırlanan və dərini qıcıqlandırmayan geyimlərə üstünlük verilməlidir. Aşağı ətraf venalarının xəstəliklərinin qarşısını almaq üçün gün sonunda ayaqlara hündür vəziyyət vermək, onları masaj etmək və sərin su ilə yumaq tövsiyə olunur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir