Vena damarları
Vena damarları qanın orqan və toxumalardan ürəyə doğru hərəkətini təmin edir. Onların divarları 3 qatdan ibarətdir: daxili (endotel), orta (əzələ) və xarici (birləşdirici toxuma). Arteriyalardan fərqli olaraq, venaların divarları nazikdir. Vena damarları az sayda elastik liflərdən təşkil olunduğundan onların elastikliyi zəifdir. Buna baxmayaraq, venaların diametri arteriyalardan böyükdür.
Venaların özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, onların diametri bir sıra faktorlardan asılı olaraq dəyişir. Bu amillərə bədən vəziyyəti, qan təzyiqi, qan axınının sürəti, venoz qapaqların vəziyyəti misaldır.
Vena damarları və onların növləri
Aşağı ətraflardan qan axını bir-birləri ilə əlaqəli 3 tip venaların (səthi, dərin və onları birləşdirən perforant) köməyilə təmin edilir.
Səthi venalar dəri altında venoz tor əmələ gətirir. Onları adi gözlə də görmək mümkündür. Səthi venalar pəncənin bayır səthində daha aydın nəzərə çarpır. Ayaqdakı səthi vena damarları böyük və kiçik dərialtı venalara bölünür.
Dərin venalar əzələ qatı ilə birləşdirici toxuma arasında yerləşir. Qan axınının əsas hissəsi (85-90%) dərin venalar üzrə həyata keçir. Normada bu venalardakı qapaqlar qanın geriyə axınına yol vermir.
Səthi və dərin vena damarları öz aralarında perforant (kommunikant) venalarla birləşirlər. Bu venaların vəzifəsi səthi və dərin damarlar arasındakı təzyiqin bərabərləşməsindən ibarətdir. Kommunikant venaların qapaqları zədələndikdə qan dərin venadan səthiyə keçir. Norma halında isə bu venaların qapaqları qanın yalnız bir istiqamətdə – səthidən dərinə doğru axmasını təmin edir.
Aşağı ətrafın vena damarları
Ayaqdakı vena damarları xüsusi qapaqlara malikdir. Onlar venoz divarın daxili qişasının büküşlərindən əmələ gəlir. Qapaqlar qanı ürəyə doğru qovaraq, onun geri qayıtmasına mane olur.
Qanın hərəkətində əzələlər xüsusi rol oynayır. Aşağı ətrafın dərin vena damarları hər tərəfdən vena ilə əhatə olunmuşdur. Piyada gəzdikdə və yaxud ayaqlar fiziki yüklənməyə məruz qaldıqda əzələlər yığılaraq, qanı yuxarıya doğru itələyir.
Qapaqların fəaliyyəti pozulduqda əzələlərin yığılmasına baxmayaraq, dərin venalarda təzyiq aşağı düşmür. Nəticədə venoz qan ürəyə doğru axa bilmir və durğunlaşır. Bu isə zamanla damar genişlənməsi ilə nəticələnir.
Aşağı ətrafın vena damarlarının varikozu
Ayaqda varikoz damar genişlənməsi venaların diametrinin artması, divarlarının gərilməsi, dəri səthində damar ulduzcuqları, şişkin venaların formalaşması ilə özünü büruzə verir. İlkin mərhələlərdə yalnız kapilyar torları meydana çıxır. Başlanğıcda onlar estetik qüsurdan başqa, insana heç bir diskomfort törətmirlər.
Xəstə bundan arxayın olub, müalicəni gecikdirdikdə zamanla venoz damarlar düyün şəklində dəri səthindən qabarır. Ayaqlarda ağrı, şişkinlik, yanğı hissi, qaşınma yaranır. Varikozun gecikmiş dövrlərində trofiki yaralar əmələ gəlir.
Hazırda genişlənmiş vena damarları müasir üsullarla narkozsuz, ağrısız və kəsiksiz müalicə olunur. Onlara Skleroterapiya və lazer üsulu aiddir. Bu metodlar varikozu ən qısa zamanda effektiv şəkildə aradan qaldırır.
Əsas odur ki, vaxtında müalicə başlayın və ən önəmlisi, sağlamlığınızı peşəkar damar həkiminə etibar edin.