Damar tutulması

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
15965
Müəllif
Paylaşılıb
20 Avqust 2019

Damar tutulması müasir dövrdə ən çox rastlanan həyati təhlükəli problemlərdən biridir. Əksər insanlar damar tutulmasının əlamətləri meydana çıxdıqda təhlükəni kifayət qədər qiymətləndirə bilmirlər. İlk infarkt və ya insultdan sonra isə hər hansı bir önləyici tədbir görmək gec olur. Ona görə də bu problemə işarə edən bəzi simptomları bilməyimizdə fayda var.

  • Baldır və budda ağrılar
  • Sinədə ağrı
  • Təngnəfəslik
  • Əllərin və ayaqların soyuq olması
  • Başgicəllənmə, yorğunluq

Sadalanan əlamətlərin hər biri damarların tutulması riskini göz önünə almağa işarə edir. Problemin kökündə tromblar dayanır. Onlar müxtəlif səbəblərdən yaranır. Qanın kəmiyyət və keyfiyyət dəyişiklərinə, qan dövranında durğunluğa səbəb olan xəstəliklər, o cümlədən varikoz trombların əmələ gəlməsinə təkan verir.

Damar tutulması şəkil

Damar tutulması və varikoz

Varikoz, bildiyimiz kimi, dərialtı venaların qapaq aparatının zəifliyi nəticəsində inkişaf edir. Bu zaman venoz sistemdə baş verən durğunluq hesabına qan ətraf toxumalara sızır və varikozun ilkin əlamətləri – ayaqda göyərmə, damar çıxması, qaşınma, ağrı və başqa bu kimi simptomlar özünü büruzə verir. Xəstəliyin qarşısı başlanğıc mərhələdə alınmadıqda proses bir qədər də dərinləşir və damar yatağında tromb əmələ gəlməyə başlayır.

Tromb nədir? O, qan laxtasıdır. İlkin dövrlərdə tromb kiçik ölçülü olur. Müalicə aparılmadıqda qan laxtası böyüyür və bəzən damarın mənfəzini bütövlükdə tutur. Nəticədə həmin damarın qidalandırdığı orqan və toxumalar oksigenlə, eləcə də digər lazimi maddələrlə təmin oluna bilmir.

Daha qorxulusu isə odur ki, tromb damar divarından qopa bilir. Bu, xəstəliyin istənilən mərhələsində baş verə biləcək haldır. Qopmuş tromb qan dövranında sərbəst hərəkət edərək, həyati vacib orqanlarda (ürək, ağciyər və s.) damar tutulması təhlükəsi yaradır. Bu, da ölümlə sonlana bilər.

Tromb ayaq damarlarından birində tıxac yaratdıqda həmin damarın qidalandırdığı toxumalar getdikcə daha az qidalı maddələr və oksigen qəbul edir. Qanın maye hissəsinin ətrafa sızması nəticəsində ayaq şişkinləşir; iltihab isə həmin ətrafda dərinin rəngini dəyişməsinə, yerli hərarətin yüksəlməsinə gətirib çıxarır. Bu isə trofik yara ilə nəticələnə bilər. Ona görə də trombun yaranmasına hər hansı təhlükə varsa, ona etinasız yanaşmayın və vaxtında damar həkimi – fleboloqa müraciət edin.

Damar tutulması

Damar tutulması necə müalicə olunur?

İstənilən problemi həll edərkən onun kökü araşdırılmalıdır. Ayaqda damar tutulması müxtəlif səbəblərdən baş verə bilər. O, özünü kəskin ağrı, dərinin rənginin dəyişilməsi və başqa əlamətlərlə büruzə verir.

Ayaq venalarının Rəngli Doppler müayinəsi vasitəsilə damar tutulması və trombun damarı nə dərəcədə bağlamağı, həmin damarda qan axının vəziyyəti təyin olunur; müalicənin nəticələrinə uyğun olaraq, həkim müalicə təyin edir.

Damar tutulmasının müalicəsi həm dərman preparatları, həm də cərrahi üsulların köməyilə aparılır. Erkən mərhələdə trombu xüsusi preparatlarla əritmək mümkündür. Damar mənfəzinin xeyli hissəsi tutulduqda isə cərrahi metodlar qaçılmazdır.

Damar tutulmasının qarşısını almaq üçün qan dövranı problemlərini həkim nəzarətində saxlamaq, profilaktik məqsədlə antikoaqulyantlar qəbul etmək lazımdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir