Ayaqda kapilyar damarlar
Kapilyarlar – insan orqanizmində ən kiçik və nazik damarlardır. Onlar toxumalarda maddələr mübadiləsini yerinə yetirir. Bədənimizdəki kapilyarların ümumi sayı orta hesabla 10 milyarda çatır. Yaş artdıqca bu damarların bir hissəsi dəri səthindən görünməyə başlayır. Ayaqda kapilyar damarlar estetik qüsur sayılmaqla yanaşı, həm də orqanizmin həyəcan siqnalıdır. Çünki kapilyar torunun yaranması varikoz xəstəliyinin başlanmasından xəbər verir.
Ayaqda kapilyar damarlar hansı səbəblərdən genişlənir?
- Ayaqüstü və ya oturaq iş;
- İrsi meyllik;
- Hamiləlik dövrü
- Artıq çəki;
- Həddindən artıq fiziki yüklənmələr və s.
Statistik məlumatlara əsasən ayaqda damar probleminə qadınlarda daha çox rast gəlinir. Bu da zərif cinsin nümayəndələrində hormonal fonun tez-tez dəyişilməsi ilə bağlıdır. Çünki damar divarları qadın hormonlarının təsirinə qarşı həssas olur. Məhz buna görə oral kontraseptivlərin qəbulu, eləcə də hamiləlik dövrü orqanizmdə hormonal dəyişikliklər törətməklə, damar genişlənməsinə gətirib çıxarır.
Həmçinin hündürdaban ayaqqabılar, çanağı sıxan dar geyimlər də aşağı ətraflarda qan dövranının pozulmasına şərait yaradır.
Ayaqda genişlənmiş kapilyar damarlar sağlamlıq üçün təhlükəlidirmi?
Adətən kapilyar toru ayaqda şişkinlik, ağrı, diskomfort hissi törətmir. Qadınların əsas şikayəti görünüşün pozulması ilə əlaqədar istədikləri libası geyinə bilməməklərindən ibarət olur. Lakin müalicə aparılmadıqda xarici əlamətlərə aşağı ətraflarda ağırlıq, yorğunluq hissi qoşulur. İnsanların əksəriyyəti yaranan narahatlıqlara laqeyd yanaşsa da, bu əslində ciddi problemdir.
Ayaqda kapilyar toru və damar ulduzcuqlarının formalaşması retikulyar varikoz adlanır. Mütəxəssislər həmin bu mərhələni gecikdirməməyi tövsiyə edirlər. Çünki səthi damarlarda gedən dəyişikliklər dərin venaların quruluş və funksiyasının pozulmasına, qan dövranının çətinləşməsinə və ağrı hissinin meydana çıxmasına səbəb olur.
Bundan əlavə genişlənmiş damarların divarları nazikləşdiyindən onlar partlayaraq, qansızmalar əmələ gətirir. Hematoma həm də qanın tərkibinin dəyişməsi ilə əlaqəli ola bilər. Bu isə damar həkiminin müayinəsi zamanı üzə çıxır.
Ayaqda kapilyar damarlar necə müalicə olunur?
İnsan bədənində kapilyarların sayı çox olduğundan onların aradan götürülməsi qan dövranına mənfi təsir göstərmir. Çünki toxumalarda digər damarların şaxələri öz fəaliyyətini davam etdirir. Aşağı ətrafın Rəngli Doppler müayinəsindən sonra müvafiq müalicə üsulu (Skleroterapiya və ya Kriolazerkrioskleroterapiya) seçilir.
Skleroterapiya
Skleroterapiya – genişlənmiş kapilyarların cərrahi əməliyyatsız müasir müalicə üsuludur. Prosedurun icrası üçün anesteziyaya gərək yoxdur. Skleroterapiya çox nazik iynələrlə aparıldığından ağrı hissi ümumiyyətlə müşahidə edilmir və ya minimum olur. Prosesin mahiyyəti damar daxilinə xüsusi preparat yeritməklə, onun divarlarının yapışmasını əldə etməkdən ibarətdir. Prosedur seanslar şəklində aparılır. Damarların tam təmizlənməsi üçün orta hesabla 3-6 seans tələb olunur. Bu, kapilyarların sayından və yayılma dərəcəsindən asılıdır.
Kriolazerkrioskleroterapiya (CLaCS)
Kapilyarların həddindən artıq nazik olduğu və sıx yerləşdiyi hallarda bu üsul daha effektiv sayılır. Çünki CLaCS kombinəolunmuş metoddur. Prosedur zamanı damarla üçlü təsir göstərilir: lazer, kimyəvi və soyuq.
Müalicə üsulu və seansların sayı fərdi xarakter daşıyır. Bu seçim fleboloq tərəfindən aparılır.
Hər bir halda arzuolunan nəticənin əldə olunması üçün müalicə müddətində mütləq varikoz damar corabları geyinilməlidir.
Ayaqda kapilyar damarların genişlənməsinin qarşısını hansı yolla almaq olar?
Damar torunun yenidən yaranmasına və yayılmasına yol verməmək üçün mütəxəsissislər damar genişlənməsini yaradan faktorları uzaqlaşdırmağı məsləhət görürlər. Yəni ayaqlar artıq yüklənmədən qorunmalı, hormonal fon nəzarətdə saxlanılmalı, artıq çəkidən azad olunmalıdır. Yorğun iş günündən sonra evə gələrkən kontrast duş (növbə şəklində isti-soyuq su) qəbul edilməlidir. Hamiləlik dövründə, eləcə də ayaqüstü iş rejimində damar corabı geyinilməlidir.
Qida rasionu damar divarını möhkəmləndirən C və P vitamin ilə zəngin məhsullarla (sitrus meyvələri, qarabaşaq yarması, kahı, kələm, itburnu meyvəsi və s.) zənginləşdirilməlidir.