Ayaqda ləkələr
Varikozdan əziyyət şəkən insanlarda gecikmiş mərhələlərdə şişkin damarlar, ağrı və yorğunluq hissi ilə yanaşı, həm də ayaqda ləkələrə rast gəlmək mümkündür. Bu əlamət başlanğıcda insana heç bir narahatlıq törətməsə də, əslində çox təhlükəli sayılır. Ayaqda göyərməyə bənzəyən ləkələr tədricən qaşınmağa başlayır. Həmin nahiyədə dəri qalınlaşır, onun daxilindən maye axır – trofik yaranın ilkin simptomları meydana çıxır.
Pəncə və baldır nahiyəsində dərinin piqmentasiyası – qəhvəyi ləkələr damar genişlənməsinin sonuncu – IV mərhələsində yaranır. Vaxtında müalicə aparılmadıqda səthi və ya dərin venaların trombozu inkişaf edə bilər.
Ayaqda ləkələr necə formalaşır?
Baldır və pəncənin dəri örtüyü xroniki venoz çatışmazlıq, tromboz və ya venaların varikoz genişlənməsi ilə əlaqədar tündləşə bilər. Onun əsas səbəbi qan cərəyanının zəifləməsi, durğunluq və ya toxumaların oksigenlə təhciz olunmamasıdır. Bu üzdən problemlə daxildən mübarizə aparmaq lazımdır. Kosmetik vasitələr, maz və kremlər ləkələr ilə mübarizədə qeyri-effektivdir.
Çox vaxt dəridə piqment ləkələr şəkərli diabetin əlaməti sayılır. Belə xəstələrdə qan dövranı pozulduğundan yaralar gec sağalır. Prosesə infeksiya qoşulduqda vəziyyət daha da ağırlaşır.
Baldır və pəncənin dəri örtüyünün tündləşməsi həm də qanqrenaya işarə edə bilər. Venalar genişləndikdə və quruluşunu dəyişdikdə qan durğunlaşır, toxumalara oksigenin daşınması zəifləyir.
Ayaqda piqment ləkələr bəzən trombozla bağlı olur. Qan laxtaları – tromblar damarları daraldaraq, venaların sıradan çıxması ilə nəticələnir. Belə vəziyyətlərdə dəri örtüyü avazıyır, tündləyir, ayaqda şişkinlik yaranır.
Damarların varikoz genişlənməsi qapaqların fəaliyyətinin pozulması ilə müşayiət olunur. Onlar öz funksiyalarını yerinə yetirə bilmədiyindən qan geriyə, yəni ürəyə doğru axa bilmir. Qanın durğunlaşması venaları daha da genişləndirir. Ayaq dərisinin tündləşməsi ilə yanaşı, həmin hissədə şişkinlik müşahidə olunur. Ödem çox inkişaf etdikdə hərəkət məhdudlaşır.
Ayaqda ləkələr hansı rəngdə olur?
Varikoz zamanı ayaqda göy, qırmızı və qəhvəyi ləkələr müşahidə olunur. Qəhvəyi piqmentasiya daha təhlükəli hesab edilir. Ləkələr artıq çəki, hamiləlik dövrü, ürək-damar sisteminin patologiyaları, travma və infeksion xəstəliklər fonunda da yarana bilər. Hər bir halda bu əlamət ayaqda şişkinlik və qaşınma ilə müşayiət olunur.
Ayaqda ləkələrin növləri
Varikoz xəstəliyində ləkələr dərhal deyil, damar genişlənməsinin proqressivləşməsi zamanı ortaya çıxır. Başlanğıcda ayaqda şişkinlik olan hissədə qırmızı ləkələr görünür. Onlar güclü qaşınma törədərək, xəstəyə narahatlıq verir. Ləkənin ətrafındakı dəri hamar və parıldayan şəkil alır. Müalicə gecikdirildikdə qaşınma güclənir, maye axını əmələ gəlir. Bu dövrdə qırmızı ləkələr qəhvəyi ilə əvəz olunur. Ləkələr adətən dərinin nazik olduğu yerdə – topuq və baldır nahiyəsində formalaşır. Qəhvəyi piqmentasiya bəzən varikoz mənşəli dermatitə və eybəcər çapıqlara səbəb olur.
Ayaqda ləkələr hansı yolla aradan qalxır?
Ləkələrdən azad olmaq istəyən insan bilməlidir ki, təkcə piqmentasiyanı aradan qaldırmaqla uzunmüddətli nəticə əldə etmək mümkün deyil. İlk növbədə bu ləkəni törədən səbəb – genişlənmiş damar müalicə olunmalı, dərinin rənginin normallaşması üçün qan dövranı tənzimlənməlidir.
Bu məqsədlə damar həkimi – fleboloqa müraciət edilməlidir. Həkim Rəngli Doppler müayinəsi aparmaqla, ləkənin səbəbini aydınlaşdırır və müvafiq müalicə üsulu təyin edir.