Ayaqda qırmızı damarlar
Ayaqda damar torları qadınları ən çox narahat edən estetik problemlərdən sayılır. Qırmızı damarlar ayaqların uzun ətək və ya şalvar altında gizlədilməsinə məcburiyyət yaradır. Bu da zamanla qadında kompleks hissinin artmasına, əhval-ruhiyyənin korlanmasına gətirib çıxarır.
Ayaqda qırmızı damarlar hansı səbəblərdən yaranır?
Kapilyar torları adətən qan dövranının pozulması nəticəsində meydana çıxır. Əksər hallarda ayaqda qırmızı damarlar varikozun ilkin əlaməti sayılır. Damar ulduzcuqları ayaqüstü iş, hormonal dəyişikliklər, artıq çəki, hamiləliklə əlaqədar formalaşa bilər. Qırmızı damarlar həmçinin irsi meyllik nəticəsində yaranır. Yəni ailə üzvlərində, yaxın qohumlarında bu cür problemin olduğu qadınlarda damar genişlənməsi daha çox müşahidə edilir.
Ayaqda qırmızı damarlar necə təmizlənilir?
Bəzi qadınlar kapilyar torlarını aptekdə satılan krem və ya mazlarla itirməyə çalışırlar. Lakin bu vasitələr sadəcə ayaqlarda şişkinlik, ağrı və göyərməni azaltdığından aparılan müalicə arzuolunan nəticəni vermir. Əksinə vaxt itkisi damarların artmasına səbəb olur.
Müasir tibbdə damar ulduzcuqlarını aradan qaldıran bir sıra üsullar mövcuddur. Bunlara Skleroterapiya, Kriolazerkrioskleroterapiya aiddir. Skleroterapiya nazik iynələrlə genişlənmiş damara xüsusi məhlulun (sklerozant) yeridilməsinə əsaslanır. Preparat yeridilən anda ayaqda qırmızı damarlar dərhal ağarsa da, son nəticəni orta hesabla 3 həftə ərzində görmək mümkündür. Skleroterapiya seanslar şəklində aparılır. Müalicənin effektivliyini artırmaq üşün seanslar arasında varikoz corabların geyinilməsi mütləqdir.
Kriolazerkrioskleroterapiya (CLaCS) – kombinəolunmuş metoddur. Burada lazer üsulu, skleroterapiya və dərinin soyudulması hesabına 3-lü təsir müşahidə edilir. Kapilyarların çox sayda və sıx yerləşdiyi hallarda ClaCS üsulu ilə müalicə daha effektiv hesab olunur. Bu metod Sklerotaerapiya kimi seanslarla aparılır. Seansların sayı barədə Doppler müayinəsindən sonra damar həkimi tərəfindən dəqiq məlumat verilir.
Ayaqda qırmızı damarlar – profilaktika
Varikoz xroniki xəstəlik olduğundan kapilyar torlarının gələcəkdə yaranma ehtimalını azaltmaq üçün aşağıdakı profilaktik tədbirlərin görülməsi tövsiyə edilir:
- müntəzəm şəkildə kontrast duş (isti-soyuq suyun növbələnməsi) qəbul etmək;
- qan dövranını yaxşılaşdıran hərəkətli idman növləri (gimnastika, üzgüçülük, yerimə) ilə məşğul olmaq;
- C, E və P vitaminləri ilə zəngin qida məhsullarına (məsələn, zeytun yağı, qoz, sarımsaq və s.) üstünlük vermək;
- gərgin iş günündən sonra ayaqları bir qədər hündürə qaldırıb uzanmaq. Belə vəziyyət venoz qanın ayaqlardan ürəyə doğru qayıtmasına şərait yaradır.
Qadınlarda varikozun yaranmasına irsi meyllik olduqda, hündürdaban ayaqqabıların geyinilməsinə məhdudiyyət qoyulmalı, yağlı qidaların qəbulundan imtina edilməlidir. Ehtiyac olduqda vaxtaşırı damar corablarından istifadə edilməlidir.
Hər bir halda gələcəkdə ayaqda qırmızı damarlarla qarşılaşmamaq üçün müalicədən sonra ildə 1 dəfə profilaktik olaraq Rəngli Doppler müayinəsindən keçmək məsləhətdir.