Ekzema
Varikoz ekzeması (dermatit) – dəri xəstəliyi olub, venaların fəaliyyətinin pozulduğu nahiyədə yaranır. Ayaqda ekzema daha çox qadınlarda rast gəlinir. Venoz qan dövranının pozulması və qapaq sisteminin zəifliyi damar divarına qanın təzyiqini yüksəldir. Nəticədə venalar genişlənir, uzanır və düyünlər əmələ gəlir. Aşağı ətraflardan qan axınının zəifləməsi gələcəkdə ekzemaya gətirib çıxarır.
Ekzema necə inkişaf edir?
Durğun dermatit sərbəst xəstəlik olmayıb, əksər hallarda damar genişlənməsi, tromboflebit və s. patologiyalar fonunda inkişaf edir. Onun əsas əlamətlərinə al-qırmızı və ya bənövşəyi rəngli ocaqlar, çatlar və dözülməz qaşınma hissi aiddir.
Ayaq damarlarında xəstəliyin inkişafı bir neçə mərhələyə bölünür. Müalicə aparılmadıqda, dermatit ağırlaşaraq, bir mərhələdən digərinə keçir. Başlanğıcda xəstələri vaxtaşırı meydana çıxan qaşınma narahat edir. Zədələnmiş nahiyədə yüngül qızartı yaranır.
Varikozla bağlı ekzema zamanı dəri spesfik dəyişikliklərə uğrayır – hamar və parlaq şəkil alır. Onun üzərində kiçik qovuqcuqlar əmələ gəlir, bir müddətdən sonra isə itir. Növbəti mərhələdə qaşınma daimi olub, tədricən güclənir.
Xəstənin dərisində qabıq və qalınlaşmalar müşahidə olunur. Qovuqcuqların say və ölçüləri artır. Onlar öz-özünə aradan qalxmayıb, əksinə zaman keçdikcə partlayır. Dəri örtüyü əvvəlcə qızarır, sonra isə qəhvəyi rəng alır. Dəri altında düyünlər əllənir.
Müalicə gecikdirildikdə sonuncu mərhələdə trofik yara formalaşır. Pasiyentin sinir sisteminin vəziyyəti pisləşdikdə yuxu pozğunluğu yaranır. Dəriyə daxil olan bakteriyaların təsirindən iltihabi proses meydana çıxır.
Ekzema hansı yolla müalicə olunur?
Ekzemanın müalicəsi onun inkişaf mərhələsindən asılıdır. Xəstəliyi aradan qaldırmaq üçün dəri nəmləndirilir, allergiya əleyhinə və sakitləşdirici vasitələrdən istifadə edilir. Vəziyyət ağırlaşdıqda cərrahi əməliyyat həyata keçirilir. Ekzema zamanı qaşınma və qabıqlanmaya qarşı vanna üçün nəzərdə tutulan yağlar, sabun əvəzediciləri, kremlər kömək edir. Bu vasitələr infeksiyanın dəriyə keçməsinin və orqanizmin susuzlaşmasının qarşısını alır.
Dermatitin II mərhələsində medikamentoz müalicə aparılır. Hormonal kremlər qısa müddətli tətbiq oluna bilər. Normal qan dövranını təmin etmək üçün varikoz corablar məsləhət görülür. Onları gün ərzində çıxarmamaq tövsiyə olunur. Corablar venaların yüklənməsini zəiflədərək, tromblaşma riskini azaldır.
Ekzema aşkarlanan xəstələrdə cərrahi müdaxilə zamanı dərinin zədələnmiş hissələri kəsilib götürülür. Lakin bu müalicə üsulu yalnız ekzemanın ağır formaya keçdiyi hallarda aparılır.
Ekzemanın profilaktikası
Varikoz mənşəli ekzema ilə qarşılaşmamaq üçün mütəxəssislər bir neçə qaydaya əməl etməyi tövsiyə edirlər:
- su qəbulunu artırmaq. Orqanizmdə maye çatışmazlığı qanın qatılaşmasına və trombların formalaşmasına səbəb olur.
- təbii materialdan hazırlanmış geyimlərə üstünlük vermək. Belə parçalar dəri örtüklərini qıcıqlandıran düz və tər ifrazını azaldır.
- şəxsi gigiyena qaydalarına əməl etmək. Xəstələr antibakterial təsirli təmizləyici vasitələrdən istifadə etməlidir. Bu maddələr dərini bakterial infeksiyalardan qoruyur.
- yumşaldıcı kremlərlə ayaqları nəmləndirmək.
Bir məqamı yadda saxlamaq lazımdır ki, ekzema zamanı xəstə damar həkimi – fleboloqa vaxtında nə qədər tez müraciət edərsə, müalicə bir o qədər asan və uğurla başa çatır.