Ayaqda əzələ ağrıları
Ayaqda əzələ ağrıları geniş yayılmış şikayətlərdən sayılır. Belə insanları baldır, bud və pəncə nahiyəsində yaranan müxtəlif xarakterli ağrılar narahat edir. Ağrı adətən uzunmüddət ayaq üstə dayandıqda və ya yeridikdə meydana çıxır. Hətta ən yüngül ağrılar belə ciddi xəstəliyin olmasına və ya həyat tərzini dəyişilməyin zəruriliyinə işarə edə bilər.
Ayaqda əzələ ağrıları nədən yaranır?
Əzələ ağrıları müxtəlif xəstəliklər fonunda baş verir. Onlardan ən başlıcası aterosklerozdur. Bu patologiya damarların xolesterin kütlələri ilə tutulması nəticəsində inkişaf edir. Ateroskleroza daha çox qadınlarda təsadüf edilir. Xəstəlik ayaqda ağrı, qıcolma və yanğı hissi ilə müşayiət olunur. Vaxtında müalicə edilmədikdə venaların varikoz genişlənməsi, infarkt və insulta gətirib çıxarır.
Ayaqda əzələ ağrıları həmçinin oturaq sinirin sıxılması zamanı meydana çıxa bilər. Belə hallarda kəskin ağrılar bud nahiyəsindən başlayaraq, aşağıya doğru yayılır.
Baldırda əzələ ağrıları əsasən yüklənmələrlə bağlı olur. Çünki baldır əzələləri bədənin bütün ağırlığını daşıyır. Belə ağrılar orqanizmin ümumi vəziyyətinin pisləşməsi ilə yanaşı, həm də ciddi xəstəliklərdən xəbər verir. O üzdən əzələ ağrıları daimi xarakterli olduqda mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Ayağın altında əzələ ağrıları yastıpəncəlik, artrit, əzilmə, şəkərli diabet və digər səbəblərdən yarana bilər. Ayaq altı ağrılar barmaqlar, daban və ya bütün tağ boyu müşahidə oluna bilər.
Bud, baldır və pəncə nahiyəsindəki əzələ ağrıları miozitin əlaməti kimi formalaşa bilər. Miozit əzələ və ya birləşdirici toxumanın iltihabıdır.
Ayaqda əzələ ağrısı necə müalicə olunur?
Adətən xəstələrə medikamentoz müalicə, fizioterapiya, masaj və ya əməliyyat təyin olunur.
- Medikamentoz müalicə yerli və ya daxilə tətbiq edilir. Bu qrup dərmanlara iltihab əleyhinə, ağrıkəsici preparatlar, həmçinin vitamin-mineral kompleksləri aiddir.
- Masaj illərin sınağından keçən əsas və ya köməkçi üsuldur. Bu metod qan dövranını normallaşdırır, tonuslandırıcı və ağrıkəsici təsir göstərir. Çox vaxt masaj müalicəvi bədən tərbiyəsi ilə birgə aparılır.
- Fizioterapiyaya maqnitoterapiya, lazeroterapiya, elektroforez və palçıqla müalicə daxildir.
- Cərrahi müdaxilə damar xəstəlikləri və travmalar zamanı göstəriş sayılır.
Ayaqda əzələ ağrıları ilə qarşılaşdıqda onlara laqeyd yanaşmaq olmaz. Çünki bu əlamətin arxasında arteriya və venaların patologiyaları, maddələr mübadiləsinin pozulması, onurğa və ya sümük toxumasının xəstəlikləri ilə əlaqəli ciddi səbəblər dayana bilər.
Müalicəyə başlamazdan əvvəl ətraflı müayinə: qan analizi, USM, elektromioqrafiya, nevroloqun baxışı və s. tələb olunur. Müalicə fərdi qaydada aparılır. Burada pasiyentin həyat tərzi, keçmişdə olan travmalar, ağrının yaranma şəraiti nəzərə alınmalıdır. Dəqiq diaqnoz nevroloq, revmatoloq, travmatoloq və ya cərrah tərəfindən qoyulur. Diaqnoz təsdiqləndikdən sonra hər bir xəstəliyə uyğun müalicə sxemi tərtib olunur.
Cox faydali meslehetlerdir.Teshekkurler.
hekim allah sizden razi olsun.deyerli meslehet ùçùn.esqolsun hekimlerimize
Amin. Sizdən də