Ayaqda tromb
Aşağı ətrafların trombozu ayaqda ağrı və keyimə, dəri örtüyünün göyərməsi, toxunduqda istilik hissi ilə özünü büruzə verir. Bu xəstəliklə adətən qeyri-düzgün, az hərəkətli həyat tərzi keçirən insanlar qarşılaşır. Ayaqda tromb səthi və ya dərin damarlarda qan laxtasının formalaşması ilə xarakterizə olunur.
Tromb iri ölçülü olduqda damarın mənfəzini tamamən tutaraq, qan axınına mane olur. Belə hallar ciddi fəsadlara gətirib çıxarır.
Ayaqda tromb nədən yaranır?
Tromblar müxtəlif amillərin təsirindən əmələ gəlir. Əksərən buna qanın laxtalanma prosesinin pozulması, aşağı ətrafların uzunmüddət hərəkətsiz vəziyyətdə qalması səbəb olur. Bu faktorlar qanda durğunluq törədir, nəticədə tromb yaranır. Bir sıra hallarda damar divarının zədələnməsi orada qan laxtasının toplanması ilə sonlanır.
Damar genişlənməsindən əziyyət çəkən insanlar bu xəstəlik üzrə risk qrupuna daxildir. Trombozun təhlükəliliyi onun yalnız kritik vəziyyətlərdə aşkarlanması ilə bağlıdır. Patologiya adətən gizli gedir.
Ayaqda tromb və onun xarakterik əlamətləri
Trombozun fərqli xüsusiyyəti prosesin daim inkişafda olmasından ibarətdir. Başqa sözlə desək, tromb dayanmadan böyüyür. Başlanğıcda mikroskopik ölçülərdə olan laxta zaman keçdikcə damarın mənfəzini bütövlükdə tutur.
Xəstələrdə aşağıdakı əlamətlər müşahidə oluna bilər:
- Ayağın zədələnmiş hissəsində ağrı hissi;
- Dəri örtüyünün piqmentasiyası;
- Ətrafın şişkinliyi;
- Bədən temperaturunun yüksəlməsi və titrətmə.
Bəzən əllə toxunduqda dəri altında trombu hiss etmək olur. Baldır hissədəki dərin venaların trombozu zamanı xəstədə yüksək qızdırma ilə yanaşı, ayağı hər dəfə aşağıya salladıqda dözülməz ağrı hissi meydana çıxır.
Tromb bud hissədə yerləşdikdə dəri səthinə yaxın yerləşən venaların şişməsi və həmin nahiyədə güclü ağrı baş verir. Qasıq venalarının qabarması və ayağın göyərməsi də istisna olunmur.
Ümumiyyətlə, dərin venaların trombozu həyat üçün təhlükəli patologiya sayılır. Belə vəziyyətlərə yataq rejimində olan xəstələrdə və varikoz zamanı tez-tez rast gəlinir.
Ayaqda tromb necə aşkarlanır?
Aşağı ətraflarda yuxarıda sadalanan xoşagəlməz əlamətlərlə qarşılaşdıqda, mütləq mütəxəsissisə müraciət etmək lazımdır. Müasir təbabətdə damarlarda trombu aşkar edən müxtəlif üsullar mövcuddur. Onların əksəriyyəti effektiv olub, xəstəliyi ağırlaşmalar yaranmadan üzə çıxarmağa imkan verir. Adətən ayaqda tromb Doppler müayinəsinin köməyilə aşkar edilir. Risk qrupunda olan insanların mütəmadi şəkildə bu müayinədən keçməsi məsləhət görülür.
Ayaqda tromb nə ilə nəticələnə bilər?
Aşağı ətraf damarlarındakı tromblar bütün hallarda qopub, ciddi fəsadlar törətmir. Onlar bəzən müdaxilə olunmadan sorula da bilər. Buna aktiv həyat tərzi, sağlam qidalanma və zərərli vərdişlərin olmaması zəmin yaradır. Lakin belə hallara illər tələb olunur.
Ayaqda tromb formalaşdıqda həmin damarın qidalandırdığı toxumalara qan axını zəiflədiyindən, trofik pozğunluqlar baş verir. Ancaq trombun ən təhlükəli fəsadı onun qanla ürəyə, ağciyərə və ya beyinə yayılmasıdır. Belə olan təqdirdə insult, infarkt və ya ağciyər arteriyasının tromboemboliyası meydana çıxır. Bu isə əksər hallarda ölümlə sonlanır.
Tromb qopduqda sinədə kəskin ağrı (infarkt zamanı), ürəkdöyünmə, udqunma və niqtin çətinləşməsi, bayılma (insult hallarında) müşahidə edilir. Tromb ağciyər arteriyasına keçdikdə tənəffüs çatışmazlığı və təngnəfəslik baş verir.
Venadan trombun qopması müəyyən edildikdə təcili surətdə embolin əridilməsinə başlanılır. Bu məqsədlə trombolitiklərdən istifadə olunur. Əlavə olaraq, antikoaqulyantlar təyin edilir. Bu qrup dərmanlar yeni trombların yaranmasının qarşısını alır. Dərman vasitələri yalnız həkimin təyinatı ilə qəbul edilməlidir. Çünki özünü müalicə neqativ hallara gətirib çıxara bilər.
Salam anamın ayağında baldır hissəsində tromblar var ağrıdır dehşet xaiş edirəm biz müalicəsini deyerdiz qaşınır o trombların üstü
Salam. Təəssüf ki, ev şəraitində müalicə edə biləcək möcüzəvi dərman yoxdur. Damar həkiminin qəbuluna yazılıb, müayinədən keçməyiniz lazımdır.
Menim ayagim agriyir asagi hissesi bu tromb ola bilermi?
Salam. Trombun olub-olmaması yalnız Doppler müayinəsi ilə üzə çıxarılır.