Tromb nədir
Tromb – damarlarda formalaşan qan laxtasıdır. Bu məqalədə tromb nədir və onun insan üçün nə kimi təhlükə törətməsi haqqında məlumat verəcəyik. Əslində tromb həm orqanizmin müdafiəçisi, həm də düşmənidir.
Tromb damar divarı zədələnərkən qanın ətraf toxumalara sızmasının qarşısını alır. Amma onun yaranma səbəbi təkcə damar zədəsi deyil, həmçinin qanın laxtanma sürətinin artması, qan dövranında durğunluq ilə bağlı ola bilər. Çoxlarına məlum olan varikoz xəstəliyi də bir sıra hallarda damarlarda tromb ilə müşayiət edilir. Başqa sözlə desək, tromb müdafiə faktoru olmaqla yanaşı, həm də ciddi fəsadlar törədir.
Tromb nədir və onun haqqında hansı məqamları bilməliyik?
Yuxarıda qeyd etdiyimiz kimi tromb orqanizmdə müəyyən ağırlaşmalara səbəb olur. Əksər insanları tromb xəstəliyi nədir sualı ilə bərabər, həm də onun ölüm riskini artırması maraqlandırır. Bir məqamı vurğulamaq lazımdır ki, varikoz və digər problemlərlə əlaqədar formalaşan qan laxtası orqanizmə təsirsiz ötüşmür. Belə tromblar, adətən, damar mənfəzinin 85%-ni tutur. Bu zaman damar keçiriciliyi yüksəlir, qan damar boşluğundan xaricə çıxır. Nəticədə trombun əlamətləri – ödem, ağrı müşahidə edilir. Uzunmüddətli piyada gəzintiləri yaranan narahatlıqları daha da kəskinləşdirir.
Bundan başqa, damar tutulması nəticəsində həmin damarın qidalandırdığı toxuma oksigen və qidalı maddələrdən məhrum olur. Bu da insult, ürək, böyrək və bağırsağın infarktı kimi ölümcül vəziyyətlərə, dərin venaların trombozu, yumşaq toxumaların nekrozu, tromboemboliya, flebitə səbəb olur.
Bəs flebit nədir? Flebit damar divarlarının kəskin iltihabi xəstəliyidir. Onun yaranma səbəbləri müxtəlifdir. Amma ən geniş yayılmış faktor damar genişlənməsi, yəni varikozdur. Vaxtında müalicə aparılmadıqda iltihab daha da artır, damarlarda tromb əmələ gəlir – tromboflebit yaranır. Bu isə təhlükəli, yəni ölümə apara bilən xəstəlikdir.
Belə ki, tromb damarda, adətən, kiçik damarlardan iri venalara keçərək ürəyə doğru irəliləyir. Belə vəziyyətlərdə laxta divardan qopub, ağciyər arteriyasına daxil olduqda ani ölüm baş verir.
Buna görə ayaqda tromb yarandıqda problemə etinasız yanaşmaq olmaz. Bu kiçik qan laxtası bütün dünyada hər il milyonlarla insanın ölümünə səbəb olur. Və təəssüf ki, bu riskdən nə uşaqlar, nə də böyüklər sığortalanmayıb.
Tromb təbii şəkildə necə müalicə olunur?
Trombun təbii yolla müalicəsi və profilaktikası üçün ilk növbədə ət, süd məhsullarının qəbulu azaldılmalı, su və meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Amma nəzərə alın ki, sarımsaq, zoğal, acı bibər, zəncəfil, darçın, “qan duruldan” bitkilər qanın qatılığını azaldan trombəleyhinə preparatlarla birgə istifadə olunduqda qanaxmaya gətirib çıxara bilər. Məhz bu üzdən belə qrup dərmanlar həkim tərəfindən təyin edilməli və dozaya ciddi şəkildə nəzarət olunmalıdır.
Digər təbii vasitə sayılan balıq yağı – omeqa-3 və omeqa-6 yağ turşularına malik olub, laxta əmələ gətirən fibrini məhv edir, qanı durulaşdırır. Omeqa-3 və -6 yağ turşularının faydaları çoxdur. Onlar ürək-damar və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, infarkt və insult riskini bir qədər azaldırlar. Qida rasionunda onlara tez-tez müraciət etsəniz, sağlamlığınızın qeydinə qalmış olarsınız.
Yekun olaraq maraqlı bir faktı da qeyd edək. Son illərdə Avstraliya alimləri tərəfindən aparılan tədqiqatlarda məlum olmuşdur ki, gündə 100-200 mq təbii E vitamini laxtalanmanı azaldır, qanda xolesterin səviyyəsini aşağı salır. Qidanıza E vitamini və onunla zəngin olan məhsulları (ispanaq, bitki yağı, qoz, balıq və s.) daxil edərək, bu qorxulu xəstəliklə müəyyən dərəcədə mübarizə apara bilərsiz.
Salam bunu əsas əlamti nədi
Ayaqda tromb olduqda kəskin ağrı, qızartı və yerli hərarətlə özünü büruzə verir.
Bedende sebebsiz goyermelerin sebebi ne ola biler?
Salam. Doppler müayinəsindən keçmisiniz?
Damarlarda trompların olması necə müəyyən edilir!
Salam. Doppler müayinəsində görünür.
Salam.Bunun üçün Doppler müayinəsi aparılmalıdır.
Yaxşı ki,bu yazını oxudum.Məlumatlı oldum.Məndə qaşınma çox olur qaşıyanda da qaralir damarlar.
Salam. Doppler müayinəsindən keçmisiniz? Çünki damar olan nahiyənin qaşınması varikozun əlamətlərindən sayılır.