Şporun müalicəsi

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
11852
Müəllif
Paylaşılıb
09 Oktyabr 2019

Bu xəstəlik ayaq altında olan birləşdirici toxumanın iltihablaşması və orada kalsium duzlarının toplanması nəticəsində inkişaf edir. Xəstələr adətən dabanda mıxın olması hissindən şikayət edirlər. Əslində bu bənzətmə deyil. Şiddətli ağrıya səbəb itiuclu sümük çıxıntısının ətrafdakı yumşaq toxumalara təzyiq etməsidir.

Şporun uzunluğu 1,5 sm-ə çata bilər. Dabanı basdıqda ona asanlıqla toxunmaq mümkündür. Lakin ağrının gücü şporun uzunluğundan deyil, onun sinir uclarına nə qədər yaxın yerləşməsindən asılıdır. Başlağıc mərhələlərdə ağrı adətən yeridikdə, sonralar isə hətta sakitlik vəziyyətində də meydana çıxır.

Şporun yaranma səbəbləri

  • Yastıpəncəlik. Belə insanlarda daban qeyri-bərabər yüklənir, oradakı vətərlər zədələnir – şpora formalaşır;
  • Yaş amili. Yaşlı şəxslərdə ayaqlarda qan dövranı və toxumaların bərpası zəifləyir. Bununla əlaqədar şpora inkişaf edir;
  • Artıq çəki, dabanın travmaları. Ayaqüstü peşənin sahibləri – müəllim, cərrah, bərbər, futbolçular və s. risk qrupuna daxildir;
  • Qeyri-düzgün qidalanma. Duzlu, yağlı qidalara meyllik, maye və meyvə-tərəvəz qəbulunun azlığı toxumalarda duzların toplanmasına və nəticədə sporun yaranmasına gətirib çıxarır.
  • Ayaqda qan dövranını pozan xroniki xəstəliklər – şəkərli diabet, podaqra, artrit, tromboflebit əksər hallarda şporla müşayiət olunur.

Şporun müalicəsi şəkil

Şporun ağrısı ilə varikoz zamanı ayaqlarda müşahidə olunan narahatlıqların fərqi

Bəzi insanlar ayaqda ağrı olduqda onun şpor və ya damar genişlənməsi ilə bağlı olduğunu ayırd edə bilmirlər. Şporun ağrısı dabandan başlayır, ayaq barmaqlarına və bəzən də baldıra yayılır. Şporu olan insanların əksəriyyətində dabanda sümük çıxıntısı ələ dəyir. Bu xüsusiyyətlərə əsasən onları fərqləndirmək mümkündür.

Şporun müayinə və müalicəsi

Xəstəliyin müalicəsi ilə travmatoloq-ortoped, eləcə də cərrah məşğul olur. Diaqnozun təsdiqlənməsi üçün daban sümüyünə baxış keçirilir. Bundan sonra Rentgen müayinəsi və ultrasəs diaqnostika təyin edilir. Bəzən qan analizinə ehtiyac yaranır.

Şporun müalicəsi necə aparılır?

Dərman istifadə etmədən müalicə üsullarına ayağın yüklənməsini azaldan xüsusi ortopedik ayaqqabı içliklərinin istifadəsi və masaj aiddir. Axırıncı metodu adi butılkanın köməyilə etmək olar.

Şporun müalicəsi ağrıkəsicilərin qəbulu ilə bitmir. Yadda saxlamaq lazımdır ki, bu dərman vasitələri  iltihab ocağındakı patoloji prosesləri aradan qaldırmır. Sadəcə müvəqqəti olaraq, ağrını sakitləşdirir.

Ağrıkəsici qismində hormonal preparatlara üstünlük verilir. Lakin onların həddindən artıq istifadəsi daban sümüyünün nekrozuna (çürümə) səbəb ola bilər. Ağrını yüngülləşdirmək məqsədilə elektrofarez, fonofarez üsulları da məsləhət görülür.

Şporun törətdiyi ağrını kəsmək üçün ibuprofen, naproksen tərkibli mazlar daha effektiv sayılır. Maz gündə 2-3 dəfə daban nahiyəsinə çəkilir. Bu tərkibli vasitələr ağrıkəsici təsirlə yanaşı, həm də iltihabı zəiflədir.

Əslində sporun müalicəsi onu əmələ gətirən maddələrin daban hissədən təmizlənməsindən başlanılmalıdır. Bu məqsədlə ultrasəs və lazer terapiyası, mikromasaj aparılır. Müxtəlif mineral vannalar, krioterapiya, palçıq aplikasiyaları da faydalı hesab olunur.

Sadalanan üsullar qeyri-effektiv olduqda şporun cərrahi yolla xaric edilməsi qaçılmazdır.

Şporun müalicəsi şəkil 2

Şporun türkəçarə ilə müalicəsi

Bəzi insanlar şporun müalicəsi üçün xalq təbabəti üsullarına əl atırlar:

  • Dəniz duzu ilə vanna qəbulu. 1 litr suda 2-3 xörək qaşığı dəniz və ya aid xörək duzu həll edilir. 30-40 dəqiqə müddətində ayaqlar suyun içərisində saxlanılır.
  • Alüminium folqa skotçla 20 dəqiqə-2 saat ərzində dabana yapışdırılır. O, toxumaları qızdıraraq, iltihabı azaldır. Lakin dəri xəstəlikləri, allergik reaksiyalar zamanı bu üsul qadağandır.
  • Gördəvər (sabelnik) bitkisinin cöhvəri. 1 xörək qaşığını 1/3 stakan suda qarışdırıb, gündə 3 dəfə qəbul edilir. Müalicə kursu 3 həftədir.

Qeyd edilən xalq təbabəti üsullarından özbaşına istifadə etmək olmaz. Əks halda ciddi fəsadlar yarana bilər.

Ümumiyyətlə, daban şporunun müalicəsinə travmatoloqların yanaşmaları fərqlidir. Bəziləri dabanın yüklənməsini aradan qaldırmadan şporun kəsilməsini əhəmiyyətsiz hesab edirlər. Çünki bu halda şpor yenidən qayıdır. Digər qrup həkimlər isə dərman preparatları və fizioterapiyanın tətbiqi ilə razılaşmırlar.

Ümumi rəylərə əsasən xəstəliyin müalicəsi gecikdirilmədikdə 90% hallarda əməliyyatın aparılmasına gərək qalmır. Daha yüngül vasitələrlə şpor aradan qaldırılır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir