Daban ağrısı

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
8672
Müəllif
Paylaşılıb
11 Dekabr 2019

Müasir dövrdə insanların əksəriyyəti günün çox hissəsini ayaqüstə keçirdiyindən kəskin xarakterli daban ağrısı ciddi problemə çevrilmişdir. Bu xoşagəlməz hiss müxtəlif faktorların təsirindən meydana çıxır. Bura həm xarici amillər, həm də müəyyən xəstəliklər aiddir.

Daban ağrısı hansı xarici səbəblərdən yaranır?

  • Narahat ayaqqabı – hündürdaban ayaqqabının kəskin şəkildə yastıdaban, amortizasiya etməyən forma ilə əvəz olunması pəncə və daban hissədə güclü ağrı törədir.
  • Həddindən artıq fiziki yüklənmələr – əgər hər hansı idman növü ağrı ilə müşayiət olunarsa, onu digəri ilə əvəz etmək gərəkdir.
  • Travma – daban ağrısının tez-tez rast gəlinən səbəblərindəndir. Ağrı hissi məhz zədələnmədən sonra müşahidə olunarsa, travma alan ayağın üstünə basmamaq və qısa zaman ərzində həkimə müraciət etmək məsləhət görülür.

Daban ağrısı foto 4

Daban ağrısı hansı xəstəliklər fonunda əmələ gəlir?

  • Şpora – daban sümüyünün səthində yaranan sümük çıxıntısıdır. Onun əsas təzahürü ağrıdır. Bu əlamət səhər saatlarında, yəni insan yataqdan qalxarkən daha güclü olur. Şporanı aşkar etmək üçün dabanın rentgen müayinəsi və ya USM tələb olunur.
  • Fassiit – pəncənin alt hissəsində enli zolaq şəklində yerləşən birləşdirici toxumanın iltihabıdır. Bu xəstəlik üçün səciyyəvi olan daban ağrısı fassiyanın daban qabarına birləşdiyi hissədə iltihabla əlaqəlidir. Fassiit vaxtında müalicə edilmədikdə, xroniki iltihab nahiyəsində kalsium duzları toplanaraq, şpora əmələ gətirir.
  • Dabanda çat – bu halla qarşılaşmayan insanlar onun necə kəskin ağrıya səbəb olduğunu təxmin etmirlər. Kobudlaşmış dərinin qalın qatlarında formalaşan dərin çatlar yerimə zamanı şüddətli ağrı törədə, hətta qanaya bilər.
  • Oynaqların xroniki xarakterli iltihabı (revmatoid, reaktiv, psoriatic artrit, Bexterev xəstəliyi) –  maddələr mübadiləsinin pozulması ilə bağlı olur. Belə vəziyyətlərdə ağrı daban vətərlərinin kəskin iltihabı nəticəsində formalaşır. Sadalanan xəstəliklər qan analizi və həkim müayinəsi zamanı aşkar edilə bilər.

Daban ağrısı foto 2

Daban ağrısı necə müalicə olunur?

Müalicə sxemi ağrını törədən səbəbdən asılıdır:

  • Şpora – kompleks müalicə sxeminə artıq çəkinin və pəncəyə təzyiqin azaldılması, fizioterapevtik üsullar (palçıq applikasiyaları, mineral vannalar, ultrasəs terapiyası), kortikosteroidlərin yerli tətbiqi, ehtiyac yarandıqda cərrahi müdaxilə (sümük çıxıntısının kəsilməsi) daxildir.
  • Fassiit – bu xəstəliyin universal müalicə üsulu mövcud deyil. Vəziyyəti yüngülləşdirmək üçün qaçış və yerimə ilə bağlı idman növlərindən imtina edilməlidir. Ağrını və şişkinliyi azaltmaq məqsədilə pəncəyə buz qoymaq, ibuprofen əsaslı preparatlar qəbul etmək məsləhətdir.
  • Reaktiv artrit – pəncə nahiyəsinin iltihabı xlamidioz, qonoreya və digər cinsi infeksiyaların ağırlaşması kimi meydana çıxdıqda onlar təcili surətdə müalicə edilməlidir. Reaktiv artritin fərqləndirici əlamətlərinə gecələr güclənən daban ağrısı ilə yanaşı, cinsiyyət orqanlarında yaranan xoşagəlməz hisslər (qaşınma, ifrazat, göynəmə və s.), oynaq və gözlərin iltihabı aiddir.
  • Daban nahiyəsində gedən iltihabi proseslər – onların mənşəyi yalnız diaqnostik müayinələr əsnasında üzə çıxarılır və buna uyğun müalicə planı tərtib edilir.
  • Dabanda çat – zədə nahiyəsinə göbələk infeksiyasının düşməsinin qarşısını almaq məqsədilə dermatoloqun konsultasiyasından keçilməlidir. Çatların digər səbəbi dərinin quruluğudur. Dərin çatlara yol verməmək üçün ayaqları kremlə nəmləndirmək, pedikür dəsti ilə kobudlaşmış dərini kənarlaşdırmaq lazımdır.

Daban ağrısı foto 1

Daban ağrısı zamanı ilkin yardım

  • Pəncə tağına buz qoyub, onu barmaqlardan dabana doğru sürüşdürmək;
  • Ayaqları otaq temperaturunda su ilə vanna etmək;
  • İbuprofen əsaslı tablet (İbufen, Nurafen, Markofen) içmək;
  • Daban hissəyə iltihabəleyhinə və ağrıkəsici təsirli maz (indometasin, hidrokortizon, butadien və s.) çəkmək.

Ümumiyyətlə, səbəbindən asılı olmayaraq, heç bir ağrıya laqeyd yanaşılmamalıdır. Əks halda proses ağırlaşaraq, geridönməyən fəsadlar törədə bilər. Belə hallara yol verməmək üçün daban ağrısı ilə qarşılaşdıqda mütləq həkimin qəbuluna yazılmaq lazımdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir