Göyərməyə qarşı dərman
Əzilmənin nəticəsi kimi meydana çıxan hematoma, yəni göyərmələr hər kəsə tanışdır. Ağrı hissi və görünüşün pozulması onların tez bir zamanda aradan qaldırılmasını tələb edir. Göyərməyə qarşı dərman növləri saysız-hesabsız olduğundan bu məqalədə istifadəçi rəyinə əsaslanaraq, 5 effektiv preparatın siyahısı verilmişdir.
Göyərməyə qarşı ən ucuz dərman – Heparin mazı
Heparin trombların sorulmasına və qanın laxtalanmasının ləngiməsinə səbəb olur. Nəticədə hematomaların yaranmasının qarşısı alınır. Preparatın təsir spektri genişdir. Ondan tromboflebit, flebit, şişkinlik və s. müalicəsində istifadə olunur. Maz apteklərdə reseptsiz satılır.
Üstünlükləri:
- effektivdir;
- qiyməti münasibdir;
- əlavə mənfi təsirləri yoxdur;
- tez sorulur;
- istifadəsi asandır.
Çatışmazlıqları:
- allergik reaksiya törədə bilər;
- hematoma yaxınlığında açıq yara olduqda tətbiqi qadağandır.
İstifadəçilərin 80%-i bu mazdan razı qaldıqlarını qeyd etmişlər.
Göyərməyə qarşı növbəti dərman – Lioton gel
Preparatın tərkib komponenti heparindir. Liotonun özəlliyi onun nəinki xarici, həm də dərialtı göyərmələri aradan qaldırmaq qabiliyyətidir. Gel gün ərzində 1-2 dəfə istifadə olunur. Preparatın hamiləlik və südvermə dövründə tətbiqinə yol verilməsi onun üstünlüklərindəndir.
Müsbət cəhətləri:
- xoşagələn iyə malikdir;
- qısa zaman ərzində müsbət nəticə verir;
- çəkildiyi nahiyəyə tez hopur.
Mənfi tərəfləri:
- qiyməti bahadır;
- istifadəsi kurs şəklindədir.
İstifadəçilərin 20%-i preparatın effektinin müvəqqəti olması ilə əlaqədar onun satıldığı qiymətə dəymədiyini vurğulamışlar.
Göyərməyə qarşı trokserutin tərkibli dərman – Troksevazin
Trokserutin damar divarını möhkəmləndirir, ödemi aradan qaldırır, iltihabi prosesləri tormozlayır. Preparat kapilyarlar və venalara təsir göstərir. Gel gün ərzində 2 dəfə (səhər və axşam) çəkilməlidir. Dərman vasitəsinin mütəmadi şəkildə istifadəsi onun effektivliyini artırır.
Üstünlükləri:
- güclü təsirə malikdir;
- qiyməti baha deyildir;
- iyi yoxdur;
- dəridə yağ izləri buraxmır.
Çatışmazlıqları:
- yapışqan konsistensiyaya malikdir;
- çəkildikdən sonra dəri sarı rəng alır;
- allergik reaksiyaların (səpki, övrə) yaranma ehtimalı mövcuddur.
İstifadəçilərin təxminən 88%-i maz haqqında müsbət rəy bildirmişlər. Dərmanın qiymətinin onun keyfiyyətinə uyğun olduğunu əsas gətirmişlər.
Göyərməyə qarşı təbii vasitə – Çay buludu (badyaqa)
Çay buludu dəniz heyvanı olan süngərin skeletinin tozundan ibarətdir. Bu komponent əsasında hematomaya qarşı maz və ya gel şəklində dərman hazırlanır. Preparatın tərkib hissəsi yüngül qıcıqlandırıcı təsir göstərir. Dəriyə sürtüldükdən sonra zədələnmiş nahiyədə qan dövranı prosesləri stimulə olunur, maddələr mübadiləsi güclənir.
Müsbət tərəfləri:
- təsiri tez bir zamanda bilinir;
- qiyməti hamıya uyğundur;
- həcmi böyükdür;
- dəri piqmentasiyalarında effektivdir.
Mənfi cəhətləri:
- dəridə allergik reaksiya törədə bilər;
- yaxıldıqdan sonra göynəmə hissi yaranır;
- duru konsistensiyalıdır.
Çay buludu haqqında rəylərin əksəriyyəti müsbətdir.
Göyərməyə qarşı maskalama effektinə malik preparat – Sinyak off
Dərmanın aktiv maddəsi zəlinin ekstraktıdır. Hirudin adlanan bu maddə qanın laxtalanmasına mane olmaqla, hematomanın sorulmasını təmin edir. Əsas elementlə yanaşı preparatın tərkibinə daxil olan pentoksifilin kapilyarlarda qan axınını stimulyasiya edir, hüceyrələrin regenerasiyasına şərait yaradır.
Üstünlükləri:
- göyərməni aparır;
- şişkinliyi azaldır;
- göyərmələri görünməz edir (maskalayır);
- paltarda iz buraxmır;
- ekonomikdir.
Çatışmazlıqları:
- dərini qurudur;
- arzuolunan nəticə əldə etmək üçün uzun müddət istifadə olunmalıdır;
- dəridə qızartı və allergik reaksiya yaranır.
İstifadəçilərin 70%-i dərman haqqında müsbət fikir söyləmişlər.
Göyərməyə qarşı dərmanı necə seçməli?
– Əzilmiş nahiyədə dəri örtüyü bütövdürsə, heparin mazı və çay buludu tövsiyə olunur.
– Damar xəstəliklərindən əziyyət çəkən və həssas dəriyə malik şəxslər üçün troksevazin əvəzolunmaz dərmandır.
– Ayaqlarda şişkinlik, yorğunluq və üstəlik hematoma olduqda, Lioton gel məsləhət görülür.
– Bədəndəki hematomaları yox etmək (maskalamaq) lazım gəldikdə Sinyak off köməyə gəlir.
Göyərməyə qarşı dərmanların effektivliyinə baxmayaraq, onlara qarşı allergik reaksiya yarana bilər. Bu səbəbdən preparatları əldə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.