Göyərməni nə aparır?
Göyərmə zərbənin dəydiyi nahiyədə qan damarlarının zədələnməsi nəticəsində yaranır. Kapilyarların partlaması səbəbindən dəri altında qırmızı-bənövşəyi rəngdə qançırlar əmələ gəlir. İri ölçülü hematoma sağaldıqca parlaq göy rəngdən sarı-yaşıla qədər dəyişir.
Bəs göyərməni nə aparır? Belə hallarda ilk növbədə güclü daxili qansızmanın qarşısı alınmalıdır. Bu məqsədlə zədələnmiş hissəyə soyuq kompress qoyulur. Soyuducudakı buzu parçaya büküb, 15-20 dəqiqə ərzində əzilmiş nahiyənin üzərində saxlamaq lazımdır. Soyuq təsir qanın ətraf toxumalara yayılmasına yol vermir.
Göyərməni nə aparır – növbəti addım
Kompressdən sonra kapilyarlarların partladığı hissə yodla işlənilməlidir. Yod iltihabəleyhinə, isidici və dezinfeksiyaedici xüsusiyyətlərə malikdir. Yod setkası hematoma nahiyəsinə zədələnmənin ilk saatlarında çəkilməlidir. Preparat dəriyə hoparaq, həm onu mikroblardan təmizləyir, həm də toxumalarda qan dövranını bərpa edir.
Göyərməni aparan xalq təbabəti üsulları
Qançırların tez sağalması üçün hələ qədim dövrlərdə ağ kələmin yarpaqlarından istifadə edirdilər. Bu bitki C vitamini ilə zəngindir. Onun hesabına kapilyarların divarları möhkəmlənir, qanın laxtalanması sürətlənir. Proseduru həyata keçirmək üçün 2 ədəd orta ölçülü kələm yarpağını şirəsi çıxana qədər əzin. Sonra göyərmiş nahiyəyə qoyub, üzərini bağlayın. Sarğını 40-60 dəqiqə keçdikdə açın. Bu prosedur gündə ən azı 3 dəfə təkrarlanmalıdır.
Göyərməni nə aparır – çay buludu (süngər)
Digər effektiv vasitə çay buludu (badyaqa) hesab olunur. Onu toz halında apteklərdən əldə etməklə, ev şəraitində müalicəvi qarışıq hazırlamaq mümkündür. Bunun üçün tozdan 2 xörək qaşığı götürüb, az miqdarda suda həll edin və sıyıq halına gələnə qədər qarışdırın. Məhlulu ayağa çəkib, qurumağını gözləyin. Dəridə allergik reaksiyalar və qıcıqlanmalarla rastlaşmamaq üçün qarışığı gündə 2 dəfədən çox tətbiq etmək məsləhət deyil. Məhlulun dəriyə səhər və axşam saatlarında çəkilməsi qısa zaman ərzində hematomanı aparır.
Göyərməni nə aparır – dərman preparatları
Xalq təbabətində istifadə olunan reseptlər aptekdə satılan maz və ya gellərlə birgə istifadə edildikdə göyərmələr daha tez sorulur. Onlar reseptsiz satılır. Bu tip dərmanlara Heparin, Troksevazin, Sinyak Off, Lioton, Spasatel balzamı misal göstərmək olar.
Göyərməni nə aparır – faydalı qidalar
Hematomanın tez sorulması üçün orqanizmə müəyyən maddələr: C və K vitaminləri, rutin, sink tələb olunur. Ona görə də əzilmə hallarında qida rasionuna bu maddələrlə zəngin məhsullar (kələm, sitrus meyvələri, ispanaq, qarağat, moruq, yağsız ət, balıq, qoz) daxil edilməlidir.
Göyərmələr damar genişlənməsinin əlaməti kimi də meydana çıxa bilər. Çünki sağlam damarlarla müqayisədə varikoz venaların divarları daha zəif olur. Yüngül zərbə patoloji dəyişikliyə uğrayan kapilyar və venaların partlamasına gətirib çıxa bilər. Belə vəziyyətlərdə mütləq damar həkiminə müraciət edib, müvafiq tədbirlər görmək lazımdır.