Trombun əlamətləri

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
8 dəq
Müəllif
Oxunma sayı
14155
Müəllif
Paylaşılıb
26 Oktyabr 2019

Orqanizmdə trombun ilkin əlamətlərini bilməklə həyat üçün təhlükəli vəziyyətlərin qarşısını almaq mümkündür. Qan laxtasının ayaq venalarında toplanması dərin venaların trombozuna gətirib çıxarır. Trombun təhlükəliyi onun gizli qalması ilə əlaqəlidir. Və ən qorxulusu ondan ibarətdir ki, laxta istənilən an damar divarından qoparaq, ölümlə nəticələnə bilər.

Tromb – maye halından bərk və ya yarımbərk formaya çevrilən qan laxtasıdır. Ümumiyyətlə, laxtalanma orqanizm üçün vacib bir prosesdir. Onun köməyilə müəyyən vəziyyətlərdə, məsələn, adi kəsik və ya travmalar zamanı külli miqdarda qan itkisinə yol verilmir.

Venada88 tromb yarandıqda o hər zaman sorulmur. Trombun damar daxilində qalması gələcəkdə təhlükəli və hətta ölümçül vəziyyətlərlə qarşılaşma ehtimalını artırır.

Hərəkətsiz tromb adətən qorxulu sayılmır. Lakin onun həyati vacib orqanlara – ürək və ya ağıciyərlərə daxil olması ölümlə sonlana bilər.

Trombun əlamətləri ilə tanış olmaqla Siz özünüzü arzuolunmaz hallardan qoruya bilərsiniz.

Trombun əlamətləri foto 1

Trombun ilkin əlamətləri

  1. Yorğunluq

Qəfil yorğunluq sağlamlıqla bağlı problemin olmasına işarədir. Bura həmçinin trombun formalaşması da daxildir. İnsanın normadan artıq çalışması orqanizmə zərər yetirə bilər. Yorğunluq hissi uzunmüddətli olduqda bu halı əl, ayaq, beyin və ya döş qəfəsində trombun inkişafı ilə əlaqələndirməyə əsas yaranır.

  1. Ayaqlarda şişkinlik

Trombun formalaşdığı hissədə şişkinlik meydana çıxa bilər. Tromb əl və ya ayaqda olduqda qan dövranının pozulması fonunda ətraf bütövlükdə şişə bilər. Bununla yanaşı zədələnmiş hissənin rəngi dəyişir – qızarır və ya göyərir. Belə vəziyyətlərdə xəstə nəzarət altına alınmalıdır. Çünki trombun ağciyərə keçməsi ağciyər arteriyasının emboliyasına səbəb olur. Bu da ani ölüm deməkdir.

  1. Tənəffüsün çətinləşməsi

Trombun əlamətləri sırasına daxildir. Bu təhlükəli simptom laxtanın ağciyərə yerdəyişməsindən xəbər verir. Mütəxəssislərin fikrincə tənəffüslə bağlı çətinliyin daimi öskürəklə müşayiət olunması ağciyər emboliyasının (buradakı arteriyalardan birinin tutulması) ilkin əlaməti sayıla bilər. Belə hallara ciddi yanaşılmalı və təxirəsalınmaz tibbi yardım göstərilməlidir.

Trombun əlamətləri foto 2

  1. Sinədə ağrı və ya tənəffüsün ağrılı olması

Yuxarıda qeyd edildiyi kimi ağciyər emboliyası ölümcül vəziyyətdir. Bu hal trombun aşağı ətraflardan ağciyər damarlarına keçməsi nəticəsində baş verir. Onun əlamətlərinə döş qəfəsində ağrı, tənəffüs zamanı diskomfort hissi, dərindən nəfəs almanın çətinləşməsi aiddir. Ürəkdə ağrı həm də infarkta şübhə yaradır.

  1. Qan laxtasının əlamətləriqızdırma və tərləmə

Qızdırma və tərləmə çox zaman böyrəklərin trombozu fonunda təzahür edir. Onun təhlükəliyi zərərli maddələrin orqanizmdən xaric olmasının çətinləşməsi, yüksək arterial təzyiq və hətta böyrək çatışmazlığı ilə bağlıdır.

Trombun digər əlamətləri

  1. Başgicəllənmə və bayılma

Sinədə ağrı və çətinləşmiş tənəffüs başgicəllənmə törədərək, bayılma halları ilə sonlana bilər.

  1. Ürək döyüntülərinin tezləşməsi

Nəbzin yüksəlməsi ağciyər emboliyasının əlamətlərindən hesab olunur. Çünki tromb ağciyərə daxil olduqda oksigen çatışmazlığı baş verir. Ürək bu vəziyyəti kompensasiya etmək istədiyindən döyüntülərin sayı artır. Bu simptoma laqeyd yanaşmaq olmaz.

Trombun əlamətləri foto 4

  1. Öskürək

Tənəffüs çatışmazlığı, nəbzin artması ilə yanaşı öskürək tutmalarının meydana çıxması orqanizmdə trombun olmasına şübhə yaradır. Öskürəyin qanhayxırma ilə müşayiət olunması trombun əlamətləri kimi dəyərləndirilir.

Çünki belə öskürəyin səbəbi tənəffüs yollarını tutan trombdur.

  1. Trombun əlamətləri – güclü baş ağrıları

Əksər insanlar xroniki baş ağrılarından əziyyət çəkir. Adi ağrıkəsici preparatların təsirindən azalmayan dözülməz xarakterli ağrılar baş beyində trombla əlaqəli ola bilər. Bu da insult riskini artırır.

  1. Ayaqda ağrı və ya həssaslığın artması

Ayaq və ya əldə ağrının olması trombun əlamətləri kimi qeydə alınır. Bu hissiyyat travma ilə əlaqəli olmadıqda, dərin venaların trombozunu təsdiq və ya inkar etmək lazımdır. Bundan əlavə zədələnmiş hissəyə toxunduqda və ya üzərinə basdıqda ağrı əmələ gələ bilər. Onu əzələ qıcolmalarından fərqləndirmək üçün ayağı bükdükdə və ya yeridikdə ağrının güclənməsinə fikir vermək lazımdır. Bu əlamətin olması tromb ehtimalını artırır.

Hətta tromb 1 ayaqda olduqda belə hər 2 ətrafda ağrı hiss oluna bilər. Belə ki, insan bir ayağındakı diskomfortu yüngülləşdirmək üçün digər ayağını gərginləşdirir. Nəticədə diskomfort və ağrı güclənir.

Trombun əlamətləri şəkil 5

Trombun əlamətləri – son 5 simptom

  1. Dərinin isti olması

Tromboz zamanı həmin hissədə dərinin temperaturu yüksəlir. Bu isə qan dövranının pozulması ilə izah olunur. Ayaqda istilik hissi qaşınma və pulsasiya ilə müşayiət edilir.

  1. Qırmızı damarlar

Tromblar venalar boyunca uzanan qırmızı nazik damarların yaranmasına səbəb ola bilər. Onlara toxunduqda istilik hiss edilir.

  1. Baldırda ağrı

Ayaqda trombun ən çox rast gəlinən əlamətləri baldır nahiyəsində yaranan ağrılardır. Xəstələr ağrını adətən əzələ spazmı və ya qıcolma ilə səhv salırlar. Lakin nəzərə almaq lazımdır ki, qıcolmalar qəfil başlayaraq, bir neçə dəqiqə davam edir. Tromb mənşəli ağrı isə tədricən artır və günlərlə, bəzən həftələrlə xəstəni narahat edir.

  1. Trombun əlamətləri – dəri rənginin dəyişməsi

Dərinin qızarması həmin hissədə trombun olmasına işarədir. Ancaq dərinin yalnız qızarmasına deyil, digər rəng almasına da fikir vermək lazımdır. Belə ki, qan dövranın pozulması ilə əlaqədar tromb yaranan nahiyədə avazıma ola bilər. Vəziyyət gərginləşdikcə dəri göyərir və soyuyur. Bu halda mütləq həkimə müraciət edilməlidir.

Trombun əlamətləri foto 6

  1. Əlamətlərin olmaması

Trombozun təhlükəliliyi onun çox zaman simptomsuz gedişi ilə bağlıdır. İnsanlar adətən tromb barəsində yalnız ciddi fəsadlar – insult, infarkt yarandıqda xəbər tutur.

Bu səbəbdən trombun əlamətləri ilə üzləşməmək üçün profilaktik tədbirlərə önəm vermək lazımdır. Həkimlər eyni vəziyyətdə uzun müddət oturmamağı, fiziki aktivliklə məşğul olmağı, çəkini nəzarətdə saxlamağı, qida rejiminə fikir verməyi məsləhət görürlər.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir