Damarlarda tromb

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
3180
Müəllif
Paylaşılıb
30 Sentyabr 2019

Tromb – qan damarlarının daxilində və ya ürək boşluğunda formalaşan qan laxtasıdır. Damarlarda tromb aşağıdakı səbəblərdən yarana bilər:

  • qanın laxtalanma prosesinin pozulması. Bu isə genetik qüsurlar və ya autoimmun xəstəliklərlə bağlı ola bilər.
  • damarların daxili divarını örtən hüceyrələrin zədələnməsi. Belə dəyişikliklər adətən travma, infeksiya və ya əməliyyat nəticəsində baş verir.
  • ürək-damar sisteminin xəstəlikləri, o cümlədən damar genişlənməsi, aritmiya, hətta az hərəkətli həyat tərzi fonunda qan dövranının zəifləməsi.

Damarlarda tromb və onun risk amilləri

Artıq çəki, zərərli vərdişlər (tütün məhsulları və spirtli içkilərdən istifadə), yaş faktoru damarlarda trombun əmələ gəlmə ehtimalını yüksəkdir. 65 yaşdan yuxarı insanlarda tromb daha çox müşahidə edilir.

Hamiləlik əleyhinə dərman qəbul edən və doğuş keçirən qadınlarda tromb hallarına tez-tez təsadüf olunur. Belə ki, hormonal preparatlar qanın laxtalanmasını artırmaqla, damarlarda tromb riskini yüksəldir. Hamiləlik dövründə isə döl damarları sıxdığından qan axını çətinləşir – durğunluq yaranır.

Həmçinin avtomobil və ya təyyarə ilə uzunmüddətli səyahət, tez-tez təkrarlanan venadaxili inyeksiyalar da damarlarda tromb ilə nəticələnə bilər.

Damarlarda tromb foto 1

Damarlarda tromb hansı əlamətlərlə özünü büruzə verir?

Xəstələrin ayaq damarlarında tromb olduqda, adətən hər 2 deyil, bir ətrafda şişkinlik müşahidə olunur. Bundan əlavə ayaqda ağrı, qıcolma meydana çıxır. Dəridə venalara paralel qırmızı zolaqların yaranması tromb əlaməti ola bilər. Həmin zolaqlara toxunduqda istilik hiss edilir.

Damarlarda tromb nə kimi fəsadlar törədir?

Tromb kütlələri böyüyərək, damar mənfəzini tamamən tuta və ya divardan qoparaq, qanla birgə müxtəlif orqanlara keçə bilər. Buna tromboemboliya deyilir. Baş beyin damarlarının tromboemboliyası işemik insulta, ürəyin tac arteriyalarının qan laxtası ilə tutulması miokard infarktına, periferik arteriyaların qapanması isə toxumaların işemiyasına (oksigen çatışmazlığı) və ətrafın qanqrenasına gətirib çıxara bilər.

Damarlarda tromb şəkil 2

Damarlarda tromb olduqda nə etməli?

Tromboza şübhə yarandıqda dərhal damar həkiminə müraciət edilməlidir. Doppler müayinəsinin köməyilə damarların vəziyyəti qiymətləndirilməlidir.

Diaqnozdan asılı olaraq, xəstəyə cərrahi müdaxilə və ya antikoaqulyantlar (qan durulaşdırıcılar) təyin edilir. Burada məqsəd normal qan axınına nail olmaqdır.

Dərman preparatlarının qəbulu 3 aydan başlayaraq, ömür boyu davam edə bilər. Müalicənin effektivliyini və təhlükəsizliyini (qanaxmanın olmaması) dəyərləndirmək üçün vaxtaşırı müayinələrdən keçmək tələb olunur.

Damarlarda trombun profilaktikası

Əsas profilaktik tədbirlərə sağlam qidalanma, aktiv həyat tərzi, qanın normal duruluqda olması aiddir. Sağlam qidalanmanın prinsipi qanda xolesterin səviyyəsinin azaldılmasından ibarətdir. Bu məqsədlə gündəlik rasionda heyvan mənşəli yağlar məhdudlaşdırılmalı, meyvə, tərəvəz, yağsız ət, süd məhsulları, göyərtilərə üstünlük verilməlidir. Qanın laxtalanmasını zəiflədən ərzaqlar sırasına həmçinin yaşıl çay, qırmızı üzüm, limon, sarımsaq, çuğundur, zeytun yağı daxildir.

Tromblaşma riskini azaltmağın digər yolu fiziki aktivlikdir. Gün ərzində 30 dəqiqə müddətində edilən idman hərəkətləri qan dövranını tezləşdirir, ürək əzələsini qüvvətləndirir, qanın laxtalanmasını azaldır.  İdman növünün seçilməsi insanın istəyinə buraxılır. Bu, müalicəvi gimnastika, velosiped sürmə, piyada gəzintiləri (gündəlik 10 000 addım) ola bilər.

Xəstələrə spirtli içki və siqaretdən imtina etmək məsləhət görülür. Çünki bu zərərli vərdişlər damar xəstəliklərinin risk amillərindən sayılır.

Bundan əlavə avtomobil, avtobus və təyyarə ilə səyahət edərkən rahat geyim seçilməli, bədən vəziyyəti tez-tez dəyişdirilməlidir.

Trombla bağlı cərrahi əməliyyatdan sonra profilaktik tədbirlər hər bir pasiyentin fərdi xüsusiyyətlərindən asılı olur. Bura aşağı ətrafların elastik kompressiyası (varikoz corablar), fizioterapevtik üsullar və antikoaqulyantlar aiddir.

Sonda onu da qeyd edək ki, trombun profilaktikası olduqca effektivdir. Qaydalara riayət etməklə 85% hallarda infarkt, insult, tromboemboliya kimi halların qarşısını almaq mümkündür. Qazanılan nəticəni qorumaq üçün xəstə bu profilaktika rejiminə ömrünün sonuna qədər riayət etməlidir.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir