Daban ağrısının səbəbi
Gün sonu ayaqlarda meydana çıxan yorğunluq xoşagəlməz hiss olsa da, qısa müddətli istirahət etdikdən sonra keçib gedir. Dabanda ağrının yaranması isə xüsusi diqqət tələb edən ciddi problemdir. Ağrı adətən yeridikdə, yəni daban nahiyəsinə yük düşdükdə baş verir. Əslində daban ağrısının səbəbi müxtəlifdir. Bu amillər sırasına travma, dermatoloji problemlər, oynaqda gedən iltihabi və infeksion proseslər daxildir.
Daban ağrısının aradan qaldırılması üçün ilk növbədə onu törədən səbəbi üzə çıxarmaq lazımdır. Hər bir patologiyanın özünəməxsus əlamətləri vardır. Gəlin onlarla tanış olaq:
Daban ağrısının səbəbi – plantar fassit
Daban ağrısının səhər saatlarında əmələ gəlməsi bu nahiyənin əzələlərində xroniki xarakterli iltihabi prosesdən xəbər verir. Həmin xəstəlik plantar fassit adlanır. Belə insanlarda kəskin ağrılar səhər vaxtlarında müşahidə edilir, axşama yaxın isə itir.
Ağrının səbəbi – daban şporu
Dabanı yerə basdıqda ağrının yaranması daban şporu ilə bağlı ola bilər. Müayinə prosesində xəstələrdə həmin nahiyədə sümük çıxıntısına rast gəlinir.
Daban ağrısının səbəbi – axillobursit
Dabanın mərkəzində ağrı axillobursit zamanı formalaşır. Bu zaman vətərlər zədələndiyindən dabanın şişməsi diqqəti cəlb edir. Xəstəlik ciddi fəsadlara gətirib çıxartdığından belə hallarda ayağa sakitlik verilməli və mütləq müalicə aparılmalıdır.
Daban ağrısı ilə yanaşı keyimə travma nəticəsində sinirin sıxılması fonunda baş verə bilər. Ümumiyyətlə, daban sümüyü bir-birinə vətərlə birləşən və fərqli istiqamətlərə dartılan çoxsaylı sümüklərdən təşkil olunmuşdur. Əyripəncəlik, narahat ayaqqabı və s. kimi amillərin təsirindən ayağın sümük-əzələ sistemi gərginləşir və dabanda ağrı formalaşır.
Daban ağrısının səbəbi – osteoxondroz
Onurğanın bel nahiyəsində osteoxondroz zamanı xəstələr bu hissədən başlayaraq, budun daxili səthinə və dabana yayılan ağrılardan şikayətlənirlər.
Daban ağrısının səbəbi – osteoporoz
Kalsium çatışmazlığı ilə əlaqəli osteoporozda insanın bütün skeleti, o cümlədən daban da zədələnir.
Daban ağrısının növbəti səbəbi
Ağrı təkcə cərrahi patologiyalarla deyil, həmçinin dabanda çatlar, kobudlaşmış dəri ilə də bağlı ola bilər.
Dabanda çatlar aşağıdakı səbəblərdən yaranır:
- göbələk infeksiyaları;
- şəkərli diabet;
- qastrit;
- avitaminoz;
- orqanizmdə maddələr mübadiləsinin pozulması.
Tez-tez aparılan pilinq dabanda çatların formalaşmasına gətirib çıxara bilər. Prosedur nəticəsində dəri nazilir, onun bərpasına vaxt çatmadığından üzərində çatlar əmələ gəlir. Bu problem təkcə estetik xarakter daşımır. Çatlamış dəri zərərli mikrobların təsirinə məruz qaldığından iltihablaşır. Dabandakı çatlardan qurtulmaq üçün ilk növbədə onun səbəbi aydınlaşdırılmalıdır.
Adını çəkdiyimiz problem dərinin göbələklə infeksiyalaşması fonunda yarandıqda dermatoloq bu nahiyənin üst qatını soyur, çatların kənarını təmizlədikdən sonra xüsusi maz, krem və ya sprey təyin edir:
- dərini yumşaldan vazelin;
- antibiotik tərkibli;
- yarasağaldıcı vitamin əsaslı;
- iltihabəleyhinə təsirə malik propolisdən ibarət vasitə;
- dərini bərpa edən zeytun yağı tərkibli.
Ev şəraitində suya sabun və soda əlavə etməklə 15 dəqiqə ayaq vannası etmək olar. Bu prosedur əsnasında dabanları masaj etmək tövsiyə olunur.
Daban şporuna şübhə yarandıqda cərraha müraciət edilməlidir. Həkim dabanı əlləməklə əlamətləri aşkara çıxarır. Ehtiyac yarandıqda rentgen müayinəsi aparılır.
Xəstəliyin etiologiyası revmatik xarakterlidirsə (məsələn, artrit və ya Bexterev xəstəliyi), revmatoloqun qəbuluna yazılmaq lazımdır. Belə hallarda müalicə yalnız qanın biokimyəvi analizindən sonra təyin edilir.
Sümük sistemi ilə bağlı daban ağrısının aradan qaldırılması cərrah-ortopedin öhdəsinə düşür. Ağrı iltihabi proseslər, yastıpəncəlik fonunda meydana çıxdıqda həkim-masajist və ya manual terapevtin müalicəsi daha effektiv sayılır.
Hər bir halda dabanda ağrı müşahidə edildikdə, bu vəziyyətə laqeyd yanaşmayıb mütəxəssislə əlaqə saxlamaq məsləhət görülür.