Ayaqda damar partlaması
Venaların varikoz genişlənməsi ağırlaşmalara meylli olur. Onun tez-tez rast gəlinən fəsadlarından biri ayaqda damar partlaması sayılır. Hətta kiçik diametrli venanın zədələnməsi zamanı buna etinasız yanaşmaq olmaz. Çünki növbəti dəfə qanaxma daha güclü ola bilər.
Bu səbəbdən ayaqda vena və ya kapilyar partladıqda vaxt itirmədən damar həkiminə müraciət etmək lazımdır. Damar partlaması təxirəsalınmaz hal hesab olunur. Tibbi yardım gecikdirildikdə xəstənin vəziyyəti təhlükə altına alına bilər.
Sağlam adamlarda damar divarları möhkəm olduğundan venaların zədələnməsinə nadir hallarda rast gəlinir. Varikozdan əziyyət çəkən xəstələrdə isə iltihablaşmış, genişlənmiş damarlar yüngül sürtülmə və ya əzilmə zamanı asanlıqla partlayır.
Narahat ayaqqabı, travma, uzunmüddətli və ya həddindən artıq fiziki yüklənmələr damarlardan qanaxma (hematoma) ilə nəticələnə bilər. Bəzən yüngül mexaniki təsir venoz divarın tamlığının pozulmasına səbəb olur. Nəticədə damar partlayır.
Ayaqda damar partlaması hansı əlamətlərlə özünü büruzə verir?
Zədələnmənin səbəbindən asılı olaraq, xəstələrdə daxili və ya xarici qanaxma baş verir. Varikoz zamanı partlayan damardan axan qan adətən venanın ətrafında toplanır – dərialtı hematoma yaranır. Dəridə bənövşəyi və ya tünd qırmızı rəngdə ləkə (göyərmə) əmələ gəlir.
Yüngül hallarda ağrı sindromuna rast gəlinmir. Damar partlaması adətən insan tərəfindən hiss edilmir. İri ölçülü hematomalar hər zaman ağrı ilə müşayiət olunur. Gələcəkdə zədələnmiş venadan qanaxma təkrarlana bilər. Belə vəziyyətlərdə hematomanın ölçüsü böyüməyə başlayır.
Ayaqda damar partlaması baş verdikdə nə etmək lazımdır?
Damar partlaması pasiyentin sağlamlığı və həyatı üçün təhlükə daşıyır. Bu səbəbdən həkimə qədər ilkin yardım göstərilməlidir:
- Xəstə arxası üstə uzadılmalı;
- Venanın partladığı ayaq bədən səviyyəsindən yuxarı qaldırılmalı və hərəkətsiz vəziyyətdə saxlanılmalı;
- Yaraya soyuq və sıxıcı kompress qoyulmalı;
İri damarlar partladıqda xəstə hospitalizasiya edilir. Müalicə stasionar şəraitdə aparılır.
Ayaqda damar partlaması necə müalicə olunur?
Müalicə taktikası zədələnmənin və varikozun ağırlığından, eləcə də qanaxmanın həcmindən asılıdır.
- Qanitirmənin həcmi iri olduqda vena daxilinə kolloid məhlullar yeridilir.
- Tromboflebitin profilaktikası və hematomanın infeksiyalaşmasının qarşısını almaq məqsədilə antibiotiklər təyin olunur.
- Ehtiyac yarandıqda təkrar qanaxmaların qarşısını almaq üçün cırılmış damar tikilir.
- Zərurət olduqda cərrahi müdaxilə aparılır, iri ölçülü varikoz damarlar aradan qaldırılır.
Ağrıkəsici qismində qeyri-steroid iltihabəleyhinə preparatlardan (asetilsalisil turşusu, parasetamol) istifadə olunur.
Ayaqda damar partlaması zamanı proqnoz
Proqnoz varikozun ağırlığından və partlamış venanın yerləşdiyi nahiyədən asılıdır. Damar pəncəyə yaxın olduqda, zədələnmiş hissə gec sağalır.
Daha çox baldır nahiyəsində olan venalar partlayır. İri damarlar zədələndikdə intensiv terapiya tələb olunur. Çünki güclü qanaxma ölümlə nəticələnə bilər.
Müalicədən sonra hematoma öz-özünə sorulur. Prosesi tezləşdirmək üçün heparin tərkibli məlhəm (maz) məsləhət görülür. Hematoma irinlədikdə yarılır və drenaj qoyulur. Pasiyentə antibiotiklər təyin edilir.
Salam,mənim ayağımda da tez-tez damarlar partlayır 3dəfə partlayıb amma ağrı yalnîz o nahiyəyə basdıqda olur,həmin hissə bənövşəyi rəng alır buna səbəb nə ola bilər?
Salam. Varikoz damarların divarı zəif olduğundan onlar tez-tez partlaya bilir.
Salam bir qlclmln yuxarlslnda horumceke oxwar damar var.iw gordukde wiwir.ele bil partlayacaq.ne edim.onceden sag olun
Salam. Varikoz damarları ev şəraitində müalicə etmək olmur. Hələlik həkimə getməyə imkan yoxdursa, damar corabı geyinin.
salam mende tromp damarlar partlayub dehwetli agrilar var agrini kesmek ucun ne edim muveggeti
Salam. Ağrıkəsici tablet içə bilərsiniz.
Salam ayağımda varikoz var və çox ayaqüstə qalanda ağrayır işimlə əlaqədar olaraq hələlik həkimə gedə bilmirəm bir müddətlik ağrıları azaltmaq və damarda genişlənmənin qarşısını alçaq üçün nə edə bilərəm.
Salam. Hələlik həkimə getməyə imkan yoxdursa damar üçün xüsusi corablar olur, onları geyinə bilərsiniz.
Salam mən ariglamaq üçün hər gün 10 000 addım atmışam dayanmadan 3 saat gəzmişəm 1 ay ərzində 10 kq ariglamisam ama indi ayaqlarımın damarları öz özündən partlayır evvler ele bil prablemim yox idi ama ağrıda yoxdu mən nə edə bilərəm bunun üçün öncədən təşəkkür edirəm
Salam. Artıq çəkili xanımlar çox ayaq üstə qaldıqda ayaqlara yük düşdüyündən damarlar genişlənir. Bu da onların partlamasına səbəb ola bilər. Doppler müayinəsindən keçməyiniz lazımdır ki, vəziyyətə uyğun müalicə təyin edilsin.
Salam. Varikoz problemim var ayagimda damar partdiyir qani dayandira bilmirem. Ayagim cox wiwib agrilar var. Ne meslehet gorursuz?
Salam. İlk növbədə Doppler müayinəsi aparmaq laızmdır ki, damarların vəziyyətinə baxılsın. Ona uyğun tədbir görülsün.
Salam.məndə göyərmə yoxdur.amma şiddətli ağrı var.ağrıyan nahiye şişib.cüzu qızartı var.bu nəyin əlamətidir.
Salam. Ayaq ağrıları və şişkinliyin səbəbi müxtəlifdir: damar, sinir, oynaq və s. Belə halda müayinəsiz diaqnoz qoymaq olmur.