Skleroterapiya nedir və kimlər üçün tövsiyə olunur?

Varikoz müalicəsi
Müəllif
Müəllif
Müəllif
Oxuma vaxtı
6 dəq
Müəllif
Oxunma sayı
148
Müəllif
Paylaşılıb
27 May 2025

Skleroterapiya nedir və kimlər üçün tövsiyə olunur?

Skleroterapiya nedir? Bu, xüsusi tibbi preparatın – sklerozantın – damarın daxilinə yeridilməsi ilə həmin damarların bağlanmasına və zamanla sorulub yox olmasına əsaslanan minimal invaziv bir prosedurdur. Bu müalicə üsulu çox nazik iynələrlə aparılır və pasiyent tərəfindən rahat qəbul olunur.


Skleroterapiyanın əsas üstünlükləri

Skleroterapiya metodunun geniş yayılmasının səbəbləri onun aşağıdakı üstünlükləri ilə bağlıdır:

  • Ətraf toxumalara zərər vermədən həyata keçirilməsi;

  • Xırda damar ulduzcuqları və retikulyar damarların effektiv şəkildə aradan qaldırılması;

  • Əməliyyatsız və kəsiksiz üsul olması səbəbilə dəridə heç bir çapıq və ya yara izi qalmaması;

  • Ümumi və ya lokal anesteziyaya ehtiyac olmadan həyata keçirilməsi;

  • Pasiyentin prosedurdan dərhal sonra gündəlik həyatına qayıda bilməsi;

  • İlin bütün fəsillərində aparıla bilməsi (lakin, daha yaxşı nəticə üçün payız və qış ayları tövsiyə olunur).

Skleroterapiyanın əsas məqsədi – pasiyentə estetik və tibbi baxımdan narahatlıq yaradan damarları ağrısız və izsiz şəkildə aradan qaldırmaqdır.


Skleroterapiya nedir və kimlər üçün nəzərdə tutulur?

Bu prosedur aşağıdakı hallarda xüsusilə effektivdir:

  • Teleangiektaziya – dərialtı görünən nazik damarlar (“damar ulduzcuqları”);

  • Kiçik venoz düyünlər;

  • Retikulyar damar genişlənmələri;

  • Lateral tipli varikozlar;

  • Üz nahiyəsində kapilyar genişlənmələr və kuperoz.

Skleroterapiya həm estetik səbəblərlə, həm də erkən mərhələdəki varikoz damar problemini aradan qaldırmaq məqsədilə geniş istifadə olunur.


Skleroterapiya üçün əks göstərişlər

Bütün tibbi prosedurlarda olduğu kimi, skleroterapiya üçün də bəzi hallarda məhdudiyyətlər mövcuddur:

  • Sklerozant preparatlara (etoksisklerola) qarşı fərdi dözümsüzlük və allergik reaksiya;

  • Hamiləlik və südvermə dövrü;

  • İnfeksion və iltihabi xəstəliklərin aktiv mərhələsi;

  • Tromboflebit və ya dərin ven trombozu;

  • Ürək və damar sistemində ciddi patologiyalar;

  • Dəri səthində açıq yara və ya infeksiya ocaqlarının olması;

  • Damar qapaq çatışmazlığı müşahidə edilən hallarda tətbiqi məsləhət görülmür.

Skleroterapiya yalnız ixtisaslı fleboloq tərəfindən və tam müayinədən sonra təyin edilməlidir.


Skleroterapiyaya hazırlıq mərhələsi

Prosedura başlamazdan əvvəl pasiyentin bəzi hazırlıq tədbirlərinə əməl etməsi vacibdir:

  • Hər hansı hormonal preparatların istifadəsi barədə həkimi məlumatlandırmaq;

  • Aspirin, ibuprofen, trental kimi preparatların qəbulunu prosedurdan 5-7 gün öncə dayandırmaq;

  • Prosedura yaxın günlərdə epilyasiya və dəriyə kosmetik vasitələrin (lasyon, krem) tətbiqini dayandırmaq;

  • Gigiyenik duş qəbul etmək və ayaqları antiseptik sabunla yumaq;

  • Geniş və rahat geyim seçmək;

  • Prosedurdan 1.5 saat öncə ağır qida qəbul etməmək;

  • Spirtli içkilər və tütün məmulatlarını prosedurdan 2 gün öncə tərk etmək.


Skleroterapiyanın gedişi necə olur?

Skleroterapiya öncəsi pasiyent fleboloq tərəfindən konsultasiya edilir. Həkim anamnez toplayır, doppler müayinəsi ilə damarların vəziyyətini qiymətləndirir və skleroterapiyanın uyğun olub olmadığını müəyyənləşdirir.

Prosedur zamanı pasiyent uzanıqlı vəziyyətdə olur və dərinin müəyyən sahəsinə çox nazik iynə ilə sklerozant yeridilir. Prosedur zamanı pasiyent yalnız yüngül sancı və ya yanğı hiss edə bilər. Seansın sonunda həmin nahiyə elastik bintlə sarınır və ya xüsusi elastik damar corabı geyindirilir.


Prosedurdan sonra nələrə diqqət etmək lazımdır?

Skleroterapiya sonrası dövrdə pasiyentin aşağıdakı qaydalara əməl etməsi tövsiyə olunur:

  • İlk 30 dəqiqədə piyada gəzmək;

  • Avtomobil idarə etməkdən çəkinmək (sklerozant spirt əsaslı maddədir);

  • Hər gün 1-2 saat piyada gəzməyə vaxt ayırmaq;

  • Davamlı oturmaq və ya uzanmaqdan çəkinmək;

  • Sauna, isti vanna və banyo prosedurlarını 3-4 həftəlik müddətə təxirə salmaq;

  • 1-2 həftə ərzində elastik damar corabından istifadə etmək;

  • Prosedurdan sonra ilk 3 gün ərzində idmanla (xüsusilə fitnes) məşğul olmamaq.

Bu tövsiyələr müalicənin nəticələrinin daha stabil və effektiv olmasına yardım edir.


Prosedurun müddəti və seans sayı

Skleroterapiya proseduru, adətən, 10-30 dəqiqə arası davam edir. Bu zaman damarın ölçüsündən asılı olaraq bir neçə inyeksiya (3-10 arası) yeridilə bilər. Tam müalicə nəticəsi əldə etmək üçün prosedur bir neçə seans şəklində, 3-5 günlük intervalla həyata keçirilir.


Skleroterapiyanın mümkün yan təsirləri və nadir fəsadları

Skleroterapiya ümumilikdə təhlükəsiz sayılır. Lakin bəzi hallarda aşağıdakı kimi yüngül və keçici təsirlər mümkündür:

  • İnyeksiya yerində qaşınma və yüngül şişkinlik (2-3 saat ərzində itir);

  • Dəri səthində damar izi boyunca piqmentasiya (5-8% hallarda);

  • İnyeksiya nahiyəsində qabıqlanma və nadir halda xora (1% hallarda);

  • Allergik reaksiyalar (çox nadir);

  • Fiziki iş sonrası inyeksiya olunan damarda ağrı (3-10 günə keçib gedir);

  • “Metting” adlı qırmızı damar torunun yaranması (2-3 həftəyə yox olur);

  • Ayaq biləyi ətrafında şişkinlik (topuq nahiyəsinə inyeksiya olunanlarda);

  • Tromboflebit (çox nadir, 1000 nəfərdən birində);

  • Keçici öskürək və göz tütülməsi (doza yüksək olduqda rast gəlinir).


Köpük skleroterapiya (Foam-form metodu)

Müasir skleroterapiya üsulları içində köpük forması ilə tətbiq edilən skleroterapiya da xüsusi yer tutur. Bu zaman xüsusi cihaz vasitəsilə sklerozant maddə köpük halına gətirilir və damara yeridilir. Köpük üsulunun əsas üstünlükləri:

  • Damar divarları ilə təmasın daha yüksək səviyyədə olması;

  • Preparatın təsir gücünün artması və daha effektiv nəticə;

  • Qanla qarışmadan birbaşa damarın iç divarına təsir etməsi;

  • Böyük diametrli damarların belə etibarlı şəkildə bağlanması.

Bu metod xüsusilə genişlənmiş və mürəkkəb quruluşlu damarların müalicəsində daha effektiv sayılır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir