Topuqda şişkinlik

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
33725
Müəllif
Paylaşılıb
21 May 2020

Topuqda şişkinlik əksər insanların tez-tez qarşılaşdığı haldır. Ayaqlar daim yüklənməyə məruz qaldığından onlarda günün sonunda şişkinlik və ağırlıq hissi yarana bilər. Topuq şişməsi həm də ciddi xəstəliklərin əlaməti kimi meydana çıxa bilər. Bu məqalədə fizioloji və patoloji səbəblərdən yaranan şişkinliyin fərqlərini izah edəcəyik.  

Sağlam şəxslərdə topuqda şişkinlik

Şişkinliyin əsas səbəblərindən biri su-duz mübadiləsinin pozulmasıdır. Onun nəticəsində orqanizmdə külli miqdarda maye toplanır. Həddindən artıq maye, eləcə də spirtli içki qəbul etdikdə və yaxud normadan çox qidalandıqda ayaqlarda şişkinlik və ağırlıq hissi formalaşır. Rasionda xörək duzunun azaldılması balansın bərpasına və şişkinliyin azalmasına kömək edir.  

Topuqda şişkinlik həmçinin ağır iş gününün sonunda, uzunmüddətli gəzintidən sonra yarana bilər. Hündürdaban ayaqqabı geyinən qadınlarda topuq şişməsi tez-tez müşahidə olunur.

O cümlədən oturaq iş fəaliyyəti qanın aşağı ətraflarda toplanmasına və nəticədə ödemə gətirib çıxarır. Şişkin topuqlar sürücülərin, ofis işçilərinin və çox səhayət edən insanların xarakterik problemidir. 

Qeyri-patoloji ödemlər xəstəliklə bağlı şişkinlikdən tez və izsiz itməsi ilə fərqlənir. Əksər hallarda insan topuqdakı şişin nə ilə əlaqəli olmasını (narahat ayaqqabı, yorğun iş günü və s.) bilir. Ödem mütəmadi qaydada yarandıqda və xarici amillərlə bağlı olmadıqda orqanizmdə gedən xəstəliklərdən şübhələnmək lazımdır.  

Topuqda şişkinlik nədən olur?

Travma və oynaq xəstəliklərində topuqda şişkinlik

Topuq nahiyəsi travmaya tez-tez məruz qalır. Bəzən ayağın yüngülcə burxulması bağ və yaxud oynağın əhəmiyyətli dərəcədə zədələnməsi ilə sonlanır. Şişkinlik travmanın başlıca əlamətlərindən sayılır. Belə vəziyyətlərdə topuqda şişkinlik sürətlə artır, dəri qızarır və ağrı meydana çıxır. Travmadan sonra topuq gələcəkdə şişməyə meylli olur. Bu tip insanlarda ayaqların yüklənməsindən sonra topuqda şişkinlik aydın nəzərə çarpır.  

Topuq şişməsi oynaq və sümük problemlərində (poliartrit, osteoartroz) də müşahidə olunur. Sadalanan xəstəliklərdə topuğun ölçülərinin artması ilə yanaşı sızıltılı ağrı, oynaqda hərəkətin və ətrafın dayaq funksiyasının itirilməsi baş verir.  

Varikozla əlaqədar topuqda şişkinlik

Varikoz xəstəliyində venalar genişlənir və deformasiyaya uğrayır. Onlar qanı ayaqdan yuxarıya doğru qova bilmədiklərində aşağı ətraflarda ağrı və şişkinlik əmələ gəlir. Venalar vaxtında müalicə olunmadıqda tromblaşma ehtimalı yüksələ bilər. Bu səbəbdən damar ulduzcuqları, şişkin venalarla qarşılaşdıqda mütləq fleboloqa müraciət olunmalıdır.  

Topuqda şişkinlik səbəbləri

Ürək və böyrək problemlərində topuqda şişkinlik

Ürək xəstəliklərində miokardın yığılma qabiliyyəti pozulduğundan qan dövranında kənaraçıxmalar baş verir. Ürək çatışmazlığının əlamətlərindən biri də topuq və pəncə nahiyəsini əhatə edən ödemdir. Şişkinlik axşam saatlarında yaranır, səhərə yaxın isə keçib gedir. Xəstələrdə topuq şişməsi ilə yanaşı, taxikardiya, aritmiya, ürək ağrıları, təngnəfəslik aşkar edilir. 

Analoji hal böyrək xəstəliklərində də təkrarlanır. Bu orqanın fəaliyyət pozğunluqlarında mayenin orqanizmdən xaric olması çətinləşir. Belə hallarda şişkinlik təkcə ayaqda deyil, üzdə də görünür. Ürək problemlərindən fərqli olaraq, böyrək xəstələrində ödem səhər saatlarında daha qabarıq formada təzahür edir. 

Topuqda şişkinliyin digər səbəbləri

Yuxarıda qeyd edilən hallardan savayı, topuq şişməsi aşağıdakı hallarla bağlı ola bilər:  

  • podaqra;
  • limfedema;
  • yastıpəncəlik;
  • hormonal dəyişikliklər, qalxanabənzər vəzin xəstəlikləri;
  • bəzi dərman vasitələrinin (hormonlar, kalsium kanallarının blokatorları, müəyyən antidepressantlar və s.) qəbulu. 

Topuqda şişkinliyin müalicəsi

Şişkinlik tez-tez yarandıqda, həkimə müraciət etmək lazımdır. Mütəxəssis şişkinliyin dəqiq səbəbini üzə çıxardıqdan sonra müvafiq müalicə təyin edir. Əsas xəstəlik müalicə edildikdə onun törətdiyi şişkinlik də keçib gedir. 

Müalicə ilə yanaşı həyat tərzinə də fikir verilməli, ən əsası duz qəbulu azaldılmalıdır. Həmçinin həkimlər damar corabı geyinməyi məsləhət görürlər. Onlar ayaqlardakı şişkinliyi götürən optimal vasitələrdən hesab olunur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Salam. Her iki ayaqda wiw olması neden ola bilər əsasən topuq nahiyəsi daha qabarıq wiw olur . Və hara müraciət edə bilərik. Öncədən təşəkkürlər.

  2. Salam. Mənim 2-3 aydır ki, dabanımda ağrılar var. Arabir topuğum şişir. Dizimi bükəndə sanki bir vətər boyu dabanımdan çanaq oynağına qədər ağrı olur. Səhər nisbətən yüngülləşir. Axşam tərəfi kəskinləşir. Oturaq işim var. Nə həkiminə müraciət etməliyəm bilmirəm. Kömək etsəniz sevinərəm

  3. Salam.Mənim sol ayağımın topuğunda şişkinlik var.Ağrilar olur.Kimə müraciət etmək oıar?Ayağımda padaqra da vardır.Qabaqcadan minnətdarlığımı bildirirəm.

  4. SALAM MƏNDƏ TƏQRİBƏN İKİ GÜN ƏVVƏL TOPUĞUMDA XIRDA QIZARTI VAR İDİ İLK ÖNCƏ NARAHATLIQ VERMİRDİ ANCAQ DÜNƏN VƏ BU GÜN AĞRILAR VƏ ŞİŞKİNLİK VAR MÜMKÜNSƏ BUNUN MÜAYINƏ METEDODUNDA MƏNƏ KÖMƏKLİK GÖSTƏRƏRDİZ TƏŞƏKKÜRLƏR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir