Damar şişməsi
Dünya üzrə hər 4-cü insan damar genişlənməsindən əziyyət çəkir. Onların 3/4 hissəsini qadınlar təşkil edir. Damar şişməsi, ayaqlarda şişkinlik, ağırlıq və yorğunluq hissi, baldırda baş verən qəfil qıcolmalar venaların varikoz genişlənməsindən xəbər verir.
Damar şişməsi nədir və hansı səbəblərdən yaranır?
Damar şişməsi varikoz xəstəliyinin başlıca əlamətlərindən sayılır. Bu xəstəlikdə venoz qan durğunlaşdığından damarlar şişir və qabarır. Proses tez-tez təkrarlandıqda venaların divarı elastikliyini itirir. Nəticədə venoz çatışmazlıq yaranır.
Xəstələyin 6 mərhələsi
0 mərhələsində heç bir xarici əlamət olmur. Günün sonunda ayaqlarda ağırlıq, nadir hallarda şişkinlik yaranır.
I mərhələdə venalar dəri səthindən qabararaq, aydın şəkildə nəzərə çarpır. Ayaqlarda kapilyar torları və ulduzcuqlar müşahidə edilir.
II mərhələdə damar şişməsi bir qədər kəskinləşir.
III mərhələdə sadalanan əlamətlərə şişkinlik, IV-də isə dəri ekzeması qoşulur.
V-VI mərhələlərdə trofik yara formalaşır. Varikozun ən təhlükəli fəsadı tromblaşma məhz bu dövrlərdə yaranır.
Varikoz ilkin mərhələlərdə müalicə olunmadıqda, venalar daha da genişlənərək, dəri üzərindən qabarmağa başlayır. Bu isə özünü göy-yaşıl rəngli damar şişməsi kimi büruzə verir.
Ayaqüstü iş və ya və ya əksinə az hərəkətli həyat tərzi, ağır fiziki yüklənmələr, irsi meyllik, artıq çəki, qadınlarda əlavə olaraq hamiləlik və doğuş damarların şişməsinə gətirib çıxara bilər.
Damar şişməsi hansı əlamətlərlə özünü büruzə verir?
- aşağı ətraflarda yanğı və iynəbatırma hissi;
- baldır nahiyəsində ağrılar;
- günün sonunda ayaqların şişməsi;
- ayaqlarda qıcolma.
Əksər insanlar bu əlamətlərə fikir vermir. Lakin damar şişməsi əslində ciddi problem sayılır. Belə hallarda mütləq damar həkimi – fleboloqun müayinəsindən keçmək tələb olunur.
Damar şişməsi necə müalicə olunur?
Doppler müayinəsindən sonra fleboloq damarların vəziyyətinə uyğun müalicə üsulunu seçir. Xəstəliyin I mərhələsində, hələ kapilyar torları və ulduzcuqlar formalaşmadıqda varikoz corablar məsləhət görülür.
Corabla yanaşı venotoniklərdən (varikoz üçün mazlar və gellər) də istifadə etmək mümkündür. Onlar varikozun əlamətlərini: şişkinliyi və ağrını bir qədər yüngülləşdirir. Lakin yadda saxlamaq lazımdır ki, venotoniklər sadəcə xəstənin narahatlıqlarını azaldır, varikoz problemini kökündən həll etmir.
Damar şişməsi ilə müraciət edən artıq çəkili insanlara pəhriz saxlamaq, qida rasionundan xolesterinlə zəngin məhsulları çıxarmaq tövsiyə olunur. Çünki çəkinin azalması ayaqların yüklənməsini zəiflədir.
Yüngül mərhələlərdə fiziki aktivlik – piyada gəzintiləri, üzgüçülük, müalicəvi bədən tərbiyəsi ayaqlarda qan dövranının yaxşılaşmasına kömək edir. Lakin bu yüklənmələr norma həddində olmalıdır.
Damar şişməsi adətən konservativ üsullarla (dərman müalicəsi) aradan qalxmadığından belə hallarda vaxt itirməmək üçün skleroterapiya (iynə üsulu) və ya varikoz əməliyyatı (Endovenoz Lazer Ablasiya) aparılır.
Damar şişməsinin profilaktikası
Yaxın qohumlarında varikoz xəstəliyinə rast gəlinən və ya gərgin iş rejimində çalışan şəxslər venaların genişlənməsinə meylli olduğundan onun qarşısını öncədən almalıdırlar. Bu məqsədlə aşağıdakı profilaktik tədbirlər aparılmalıdır:
- ayaqüstü iş rejimində vaxtaşırı aşağı ətraflar bir qədər hündürə qaldırılmaqla 15-20 dəqiqə istirahət edilməli;
- qan dövranını yaxşılaşdırmaq üçün axşam saatlarında ayaqlar masaj olunmalı;
- kontrast (isti-soyuq) duş qəbul edilməli;
- oturaq iş zamanı minimum hər 2 saatdan bir ayağa qalxaraq yeriməli;
- qida rasionu dəniz məhsulları, meyvə-tərəvəzlərlə zənginləşdirilməli.
Lakin bu sadalanan tədbirlər damar şişməsi kimi problemin yaranmayacağına 100% zəmanət vermir. Bu səbəbdən varikoz xəstəliyi üzrə risk qrupuna daxil olan şəxslərə ildə ən azı 1 dəfə Rəngli Doppler müayinəsindən keçmək tövsiyə edilir.