Ayaq şişməsinin səbəbləri
İnsanların əksəriyyətində günün sonunda ayaqlarda şiskinlik yaranır. Ayaq şişməsinin səbəbləri müxtəlifdir. Onu bəzən fizioloji amillər, digər hallarda isə orqanizmdəki ciddi patologiyalar törədir.
Ayaq şişməsinin səbəbləri – varikoz xəstəliyi
Varikoz damar genişlənməsi zamanı ayaqlarda şişkinlik ilə yanaşı, həm də ağrı və ağırlıq hissi olur. Erkən mərhələlərdə bu əlamətlər varikozun əsas siqnalları sayılır. Belə ki, başlanğıcda qabarıq venalar və düyünlərə rast gəlinmir. İlk dövrlərdə ayaq şişməsi axşama yaxın artır, gecə yuxusundan sonra isə keçib gedir. Xəstəlik müalicə olunmadıqda şişkinlik xroniki hal alır, ayaqlarda qıcolmalar və şişkin venalar meydana çıxır.
Fəsadlarla qarşılaşmamaq üçün damar genişlənməsinin müalicəsi vaxtında aparılmalıdır. Əks halda xəstəlik trofiki yara və tromboz ilə nəticələnir. Bu patologiyalar insan həyatı üçün təhlükəli sayıldığından damar həkimləri varikozun müalicəsini gecikdirməməyi tövsiyə edirlər.
Ayaq şişməsinin səbəbləri – limfostaz
Limfostaz – kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Xəstəliyin əsas əlamətlərinə ayaqlarda şişkinlik, ağırlıq, aşağı ətrafın ölçüsünün böyüməsi, xoralaşma və filayaqlıq aiddir. Onun əsasında bədəndə limfa axınının pozulması dayanır. Müalicə prosesində müvafiq üsullarla bərabər, damar corabları da məsləhət görülür.
Ayaq şişməsinin səbəbləri – daxili xəstəliklər
Ürək xəstəliklərindən əziyyət çəkən insanlarda şişkinlik hər 2 ayaqda olur. Həmçinin pasiyentlər taxikardiya, tez yorulma və təngnəfəslikdən şikayətlənirlər.
Böyrək mənşəli şişkinliyin xarakterik cəhəti ödemin nəinki ayaqda, həm də üz, qarın nahiyəsi və əllərdə formalaşmasıdır.
Ayaqların şişməsinin səbəbləri – həyat tərzi
Bu qrupa daxil olan amillərin törətdiyi şişkinlik müalicə tələb etmir. Bəzi vərdişləri dəyişməklə ayaq şişməsini aradan qaldırmaq mümkündür.
- Gün ərzində həddindən çox maye qəbulu. Artıq maye damar divarlarından hüceyrəarası sahəyə keçir, orada toplanaraq, periferik ödem yaradır.
- Ayaqları bir-birinin üzərinə aşırıb oturmaq. Belə insanlarda üstdəki ayağın təzyiqindən aşağıdakında venalar sıxılır, qan axını pozulur.
- Uzunmüddətli oturaq iş. Bu zaman aşağı ətraflardan venoz qan axını pisləşir, ayaqlar şişir.
- Hündürdaban və dar ayaqqabılar. Belə hallarda ayaq qeyri-təbii vəziyyətdə olduğundan qan dövranı pozulur. Günün sonunda ayaqlarda ağırlıq və şişkinlik yaranır.
Ayaq şişməsini necə aradan qaldırmaq olar?
Ayaq şişməsinin səbəbləri müxtəlif olduğundan burada standart sxem yoxdur. Əsas amil üzə çıxarıldıqdan sonra ona uyğun müalicə planı tərtib edilir. Məsələn, varikoz xəstəliyində ilk növbədə Doppler müayinəsi aparılır. Onun köməyilə ayaq damarlarının vəziyyəti dəyərləndirilir. Yüngül hallarda flebotoniklər, varikoz corablar təyin edilir, müalicəvi prosedurlar: Skleroterapiya, Kriolazer və Krioskleroterapiya yerinə yetirilir. Göstəriş olduqda isə lazer əməliyyatı icra edilir.
Ürək-böyrək problemləri kardioloq və uroloq tərəfindən həll olunur.