Varikoz həkimi

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
1290
Müəllif
Paylaşılıb
07 Noyabr 2019

Fleboloq – aşağı ətraf venalarının xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur. Ona el arasında “varikoz həkimi” də deyirlər. Çünki bu mütəxəssisə olunan müraciətlərin əksəriyyəti venaların varikoz genişlənməsi ilə bağlıdır. Damar genişlənməsi kapilyar və venalarda baş verir. Onun əsasında irsi meyllik, artıq çəki, ayaqüstü iş, hormonal pozğunluqlar və s. amillər dayanır. Qadınlarda bu faktorlara hamiləlik də əlavə olunur.

Varikoz həkimi necə müayinə edir?

Həkim ilkin baxış zamanı ayaqların görünüşünə, pasiyentin çəkisinə nəzər yetirir. Ayaqdakı siskin venaları, damar ulduzcuqları, kapilyar torlarını adi gözlə də görmək mümkündür. Sonra fleboloq Doppler müayinəsinin köməyilə həm səthi, həm də dərin damarları dəyərləndirir. Venadaxili qapaqların vəziyyətinə, qanın geriyə qayıdışına (reflüks) diqqət edir.

Reflüks patoloji dəyişikliyə uğrayan qapaqların öz funksiyasını yerinə yetirə bilməməsi ilə əlaqəlidir. Normada bu qapaqlar kip bağlanaraq, venoz qanın əks istiqamətdə (ürəkdən ayağa doğru) axınına mane olur. Varikoz xəstələrində isə qapaqların zəifləməsi qanın ayaq venalarında toplanmasına və nəticədə bu damarların genişlənməsinə səbəb olur.

Baş verən dəyişikliklər Doppler müayinəsinin köməyilə asanlıqla aşkar edilir. Xəstəliyin üzə çıxarılması üçün əlavə analizlərə ehtiyac qalmır. Bu prosedur adi ultrasəs müayinəsi olub, tam təhlükəsiz və ağrısızdır. Onun nəticələrinə əsasən diaqnoz təsdiqlənir, varikozun dərəcəsi və müalicə sxemi müəyyən edilir.

Varikoz həkimi foto 1

Varikoz həkimi damar genişlənməsini hansı üsullarla aradan qaldırır?

Müalicə üsulu xəstəliyin mərhələsinə uyğun olaraq seçilir. Belə ki, genişlənmə yalnız kapilyarlar və səthi damarlarda müəyyən edildikdə, Skleroterapiyadan istifadə olunur. Bu zaman varikoz həkimi həmin damarlara çox nazik iynələrlə xüsusi preparat (sklerozant) yeridir. Dərmanın təsirindən genişlənmiş vena və kapilyarların divarları bir-birinə yapışır. Nəticədə varikoz damarlar aradan qalxır. Bu üsul həm sağlamlıq, həm də gözəllik baxımından əvəzolunmazdır.

Müayinə zamanı xəstəliyin dərin venaları zədələdiyi aşkarlandıqda cərrahi müdaxiləyə ehtiyac yaranır. Bura Lazer ablasiya, Radiofrekans koaqulyasiya və miniflebektomiya daxildir. Sadalanan əməliyyatlar yerli keyitmə ilə kiçik dəlikdən icra olunduğundan xəstənin klinikada qalmasına və ya gündəlik iş rejimindən imtina edib, yataqda uzanmasına gərək qalmır. Pasiyent cərrahi üsulun həyata keçirildiyi gün evə yazılır.

Varikoz həkimi – fleboloqlar qeyd olunan metodlar arasında Lazer ablasiyaya üstünlük verirlər. Onun açıq əməliyyatlardan fərqi xəstəliyin residivləşmə (geri qayıtma) ehtimalının və ağırlaşmaların cüzi olmasından ibarətdir.

Varikoz həkimi foto 2

Varikoz həkimi bu xəstəliklə qarşılaşmamaq üçün pasiyentlərə nə kimi məsləhətlər verir?

Ümumiyyətlə, varikozun profilaktik tədbirlərindən ən əsası damarların vəziyyətini nəzarət altında saxlamaqdır. Bunun üçün mütəxəssislər ildə 1 dəfə Doppler müayinəsindən keçməsi tövsiyə edirlər. Xüsusən varikozun risk qrupuna (irsi meyllik, artıq çəki və s.) daxil olan şəxslər bu məsələyə həssas yanaşmalıdır.

Əlavə olaraq, bütün günü masa arxasında çalışan ofis işçiləri hər 2-3 saatdan bir gəzişməli, ayaqlarda qan dövranını bərpa etməlidirlər. Həmçinin varikoz həkimi bütün günü ayaqüstə olan insanlara axşam saatlarında kontrast duş qəbul etməyi vacib bilirlər. Prosedur aşağı ətrafların növbəli şəkildə isti-soyuq su ilə yuyulmasına əsaslanır. Bu zaman isti suyun təsirindən damarlar genişlənir, soyuq su ilə əksinə onları daraldır. Nəticədə venaların tonusu artır, qan axını tənzimlənir.

Damar genişlənməsinin qarşısını almağın digər üsulu gərgin iş rejimində olan insanların varikoz corablardan istifadə etməsidir. Sıxılma dərəcəsi və sinfindən asılı olaraq, kompression geyimlərin müxtəlif növləri vardır. Düzgün seçim etmək üçün mütləq varikoz həkimi ilə məsləhətləşmək lazımdır.

Növbəti profilaktik tədbir gün ərzində maye qəbulunun ən azı 2 litrə çatdırılmasıdır. Çünki su az miqdarda qəbul olunduqda qan qatılaşır, bu da sirkulyasiyanın çətinləşməsinə və venaların genişlənməsinə gətirib çıxarır.

Sonda sağlam qidalanmanın rolunu xüsusilə vurğulamaq lazımdır. Qida rasionu mütləq meyvə-tərəvəzlər, dəniz məhsulları ilə zənginləşdirilməli, ət və qənnadı məmulatlarının istifadəsi azaldılmalıdır.

Lakin bu üsulların heç biri variozun yaranmayacağına zəmanət vermir. Ona görə də ayaqlarda şişkinlik, ağrı, yorğunluq hissi olduqda əlamətlərin güclənməsini gözləmədən mütləq varikoz həkimi – fleboloqa müraciət etmək lazımdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir