Miniflebektomiya
Miniflebektomiya – kiçik və iri ölçülü varikoz damarların effektiv müalicə üsuludur. Bu əməliyyat xəstəliyin orta, eləcə də ağır dərəcəli formalarında həyata keçirilir. Miniflebektomiya lokal kosmetik qüsurlarla yanaşı, ayaqda ağrı hissi, şişkinlik, hərəkətin məhdudlaşması kimi ağırlaşmalarla müşayiət olunan damar genişlənməsini aradan qaldırır.
Əməliyyat yerli anesteziya altında dərin kəsik aparılmadan icra edilir. Bu səbəbdən reabilitasiya dövrü qısa olur, yataq rejiminə ehtiyac yaranmır.
Miniflebektomiya necə aparılır?
Cərrah zədələnmiş damarı dəri üzərində qeyd edir. Əməliyyat diametri 2 mm-dən kiçik olan dəliklərdən aparıldığından dərin çapıqlar formalaşmır və ağrı sindromu müşahidə edilmir. Miniflebektomiyadan sonra formalaşan səthi çapıqlar kosmetik prosedur tələb etmədən 2-6 ay ərzində keçib gedir.
Bərpa dövrünü qısaltmaq və residiv (xəstəliyin təkrarlanması) ehtimalını azaltmaq üçün damar həkiminin məsləhətlərinə əməl etmək lazımdır. Əməliyyatdan sonra müəyyən müddət ərzində varikoz corab geyinilməli, intensiv fiziki yüklənmələr, isti duş, hamam və sauna xidmətlərindən imtina edilməlidir.
Miniflebektomiya hansı hallarda həyata keçirilir?
- Varikoz;
- Trofik xora (yara);
- Tromboflebit.
Miniflebektomiya Doppler müayinəsi ilə nəzarət altında aparıldığından əməliyyat yüksək dəqiqliklə icra edilir. Və ən əsası xəstəxananı tərk etdikdən sonra pasiyent əvvəlki iş fəaliyyətinə, gündəlik həyatına davam edir.
Onu da vurğulamaq lazımdır ki, ağırlaşmaların qarşısını almaq üçün sarğılar özbaşına açılmamalıdır. Əməliyyatdan sonra təkrar müayinə təyin olunur. Həkim yara sahəsinə qulluq barədə məsləhətlər verir.
Miniflebektomiya ilə əldə olunan nəticələr uzunmüddətlidirmi?
Klassik əməliyyat barədə mənfi rəylər və yüksək residiv riski ilə əlaqədar əksər insanlar miniflebektomiyadan əvvəl xeyli həyəcan keçirirlər. Lakin bu narahatlıqlara ehtiyac yoxdur. Çünki köhnə üsullardan fərqli olaraq, miniflebektomiya ağır fəsadlarla nəticələnmir.
Əməliyyatdan sonra xəstəliyin təkrarlanması miniflebektomiyanın düzgün yerinə yetirilməməsi ilə deyil, pasiyentin həyat tərzi və genetik meylliyi ilə bağlıdır. Xəstəlik aşağıdakı hallarda qayıda bilər:
- Hormonal preparatlardan istifadə etdikdə;
- Ciddi travma aldıqda və ya cərrahi əməliyyat keçirdikdə;
- Ağır atletika ilə məşğul olduqda;
- Bütün günü ayaq üstə dayandıqda;
- Damar genişlənməsinə qarşı irsi meyllik olduqda.
Əməliyyatın nəticəsini möhkəmləndirmək üçün ayaqların həddindən artıq yüklənməsinin qarşısı alınmalı, vaxtaşırı fleboloqun müayinəsindən keçilməlidir. Ən əsası, varikoz genişlənmənin və ya trombozun səbəbi aradan qaldırılmalıdır.